13 Noyabr

Ümumdünya Gözdən Əlillər Günü, (1745)

13 noyabr 1745-ci ildə anadan olmuş görkəmli fransız pedaqoqu Valentin Hayuinin şərəfinə bir çox Avropa ölkələri 13 noyabr tarixini Beynəlxalq Korlar Günü kimi qeyd etməklə, mövcud ictimayyətin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin diqqətini görmə qüsurlu insanların problemlərinə və onların inteqrasiya məsələlərinə cəlb etmişlər. Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə 13 noyabr Ümumdünya Gözdən Əlillər Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Azərbaycanda da, beynəlxalq təcrübədə olduğu kimi, aidiyyatı dövlət orqanları tərəfindən gözdən əlil insanların sosial müdafiəsinə, onların təhsil, səhiyyə, idman, məşğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə daha çox diqqət yetirilir. 5 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənc Ana və Uşaqların  Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə maliyyə və texniki dəstəyi və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabilliyyəti zəif və məhdud uşaqlar üçün Dil kursları və İnformasiya Mərkəzi açılmışdır. Son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara dövlət tərəfindən daha çox diqqət artırılıb. Ölkə başçısının imzaladığı sərəncamlar bu təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşmasında və onların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin bu insanları öz sıralarında birləşdirən, onların problemlərini işıqlandırıb, həllinə çalışan ictimai təşkilatların da fəaliyyətləri üçün geniş imkan yaranıb. 

 

Hacıyev Ülvi Şirin oğlu

Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub. 2001-2012-ci illərdə Suraxanı rayonunda R. Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. Subay idi. Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Hacıyev oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 05.12.2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.

Təltifləri

"Vətən uğrunda" medalı (ölümündən sonra)

"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

“Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)

"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Həsənov Səxavət Alim

Həsənov Səxavət Alim oğlu 13 noyabr 1994-cü ildə Gəncə şəhərində doğulmuşdur.

2012-ci ildə Gəncə şəhər  39 nömrəli tam orta məktəbi bitirmişdir. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Regional Asan Xidmət Mərkəzində könüllü kimi fəaliyyətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq 29 sentyabr 2020-ci il Səxavət Həsənov yenidən hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı o, Füzuli, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 4 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Həsənov Səxavət Alim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.  Subay idi.