12 Noyabr
Azərbaycan Respublikasının Konstitusiya Günü, (1995)
Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Konstitusiya (lat. constitutio – "quruluş") – ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktıdır, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir. Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir.
Dadaşov Əjdər Pənah oğlu
Əjdər Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Dadaşov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədov Cavanşir Xeyrulla oğlu
Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək, hərbi xidmətə yollanır.
Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamları ilə Cavanşir Əhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.