10 Noyabr
İsmayılov Əmrah Xudaverdi oğlu
Əmrah İsmayılov 1994-cü il noyabrın 10-da Şərur rayonunun Cəlil kəndində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan Əmrah İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah İsmayılov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseynli Fariz Dadaş oğlu
Fariz Hüseynli 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Əsgərabad kənd tam orta məktəbində orta təhsilini almışdır.Ailəli idi, 2 övladı var. Fariz Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonu Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş, 3 oktyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.Şəhid Fariz Hüseynli 4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Təltifləri
"Vətən uğrunda" medalı — 2020 (2020) — "Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Fariz Dadaş oğlu Hüseynli "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
"Laçının azad olunmasına görə" medalı — 2020 (2020) — "Laçının azad olunmasına görə" medalı — Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Fariz Dadaş oğlu Hüseynli "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Əlisoltanov Vahid Tahir oğlu
Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2011-2012-ci illərdə M. Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Vahid Əlisoltanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Əlisoltanov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Dünya Elm Günüdür, (2001)
Dünya Elm UNESCO-nun qərarı ilə təsis edilmişdir. 2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan etmişdir. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir. Dünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd edilir və hər il müəyyən bir mövzuya həsr olunur. Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da bu bayram böyük qürur hissi ilə keçirilir. Bu da səbəbsiz deyildir. Çünki Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Ölkəmizdə elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Elm Günü “Sülh və inkişaf naminə” devizi altında keçirilir. Bu deviz elmi inkişaf, yeni nailiyyətlər və insanların dünyagörüşünün genişləndirilməsi istiqamətində elm adamlarının gördükləri işlərlə əhalini məlumatlandırmaq, cəmiyyətin dayanıqlılığını artırmaq məqsədi daşıyır.
Respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyan, elmi nailiyyətlərin təbliğində önəmli yer tutan bu günün qeyd edilməsində əsas məqsəd elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaq olub.
Ümumdünya Gənclər Günü, (1945)
Bu günün qeyd olunması barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyası tərəfindən 1945-ci ilin 29 oktyabr Londonda keçirilən konfransda qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, milli mənsubiyyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatını birləşdirir. Federasiya bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparır. Bununla belə, müasir dövrdə gənclər bir sıra problemlərlə üzləşirlər. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda keçirilib. 1996-cı ildən sonra isə bu günü bütün MDB-də geniş şəkildə qeyd edirlər. Dünyadakı əmək qüvvəsinin dörddə birini gənclərin təşkil etdiyi müasir dövrdə işsizlərin yarısı məhz onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin etməkdə böyük çətinlik çəkir. Hazırda dünyada 25 yaşa qədər olan 3 milyard insan var. Gənclərlə bağlı digər mühüm sənəd 2002-ci ilin 9 aprelində qəbul edilən “Gənclər siyasəti haqqında” qanundur. Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “Sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir”. İnanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək və daha işıqlı gələcəyə aparacaq.