4 Noyabr
Səfərov İntiqam Əlihüseyn oğlu
Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil alıb, 2015- ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 № Bakı Peşə Məktəbinə qəbul olub və 2016- ci ildə “Kompyuter operatoru” peşəsini müvəffəqiyyətlə bitirib. Tədris ili ərzində İntiqam ağıllı, tərbiyəli, vətənpərvər və nümunəvi tələbə olub. Gözəl rəsm əsərləri ilə həmişə məktəb tədbirlərində fərqlənirdi. Məktəbdə keçirilən “ Xocalı Ellegiyası” adlı tədbirdə çəkdiyi rəsm əsəri I yerə layiq görülmüşdür. 2020-ci ildə hərbi xidmətə yola düşən İntiqamın 8 fevral tarixində Tərtər rayonunda andiçməsi olub. O, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşüb. 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"İgidliyə görə" medalı (ölümündən sonar)
"Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
"Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
Babayev Mustafa Elman oğlu
Mustafa Babayev 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007–2018-ci illərdə E. Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb.Mustafa evin tək oğlu, 3 bacının 1 qardaşı idi. Subay idi. Mustafa Babayev 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mustafa Babayev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mustafa Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Cəsur döyüşçü" medalı (ölümündən sonra)
"Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)