21 Oktyabr

Elnur Xurşud oğlu Məmmədov

Elnur Xurşud oğlu Məmmədov 1982-ci il oktyabrın 21-də Gəncədə anadan olub. Üç yaşında olarkən ailəsi Ağdama köçüb. Elnur Ağdam rayon 1 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə Ağdam rayonu mənfur ermənilər tərəfindən işğal olunanda Elnurun ailəsi Gəncəyə məcburi köçkün kimi qayıdır. Bundan sonra Elnur təhsilini Gəncə şəhərindəki 16 nömrəli orta məktəbdə davam etdirir. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elnur ön sıralarda olur. Murovdağ yüksəkliyi uğrunda qanlı döyüşlərə qatılır. Düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanan Elnur xəstəxanaya çatdırılır. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Oktyabrın 26-da həyata gözlərini əbədi yumur. Elnur Məmmədov oktyabrın 27-də Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilir. Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Səbuhi Şakir oğlu Məmmədov

Səbuhi Məmmədov 21 oktyabr 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Səbuhi Məmmədov Suqovuşan döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.