9 Oktyabr
Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsinin erməni işğalçılarından azad olunduğu gün, (2020)
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir.
Oykonim İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. Qəsəbənin adı fars dilində "hədi dü rud", yəni "iki çay arası" mənasına gəlir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Haderud kəndi olaraq keçir. Hadrut qəsəbəsinin 1939-cu ilədək adı Dizaq olmuşdur. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir.
1930-cu ildə burada vəba epidemiyası var idi, onun müalicə olunmasına həkim Lev Zilber başçılıq edirdi. 10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.
Əhalisi:
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Hadrut şəhərinin əhalisinin faktiki sayı 2936 nəfər, qeydiyyatdakı əhalinin sayı 2974 nəfər təşkil edirdi.
Ümumdünya Poçt Günü, (1874)
Oktyabr ayının 9-da bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı –Ümumdünya Poçt Günüdür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya Poçt Günü 1974-cü ildə ittifaqın yaranması günü qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan “Bern sazişi” imzalanıb. Bu gün ÜPİ-yə üzv olan 191 ölkənin hamısında qeyd olunur. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılıb. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində – “Beynəlxalq məktub həftəsi” adı altında keçirilir. Azərbaycan ÜPİ üzvlüyünə 1993-cü ilin aprelində qəbul olunub. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaradıb. Ölkəmizdə poçt sahəsini “Azərpoçt” Birgə Müəssisəsi təmsil edir. XX əsrin sonunda SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi "Azərpoçt" İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlayıb. ÜPİ-nın məlumatına görə, beynəlxalq poçt öz müştərilərininin 6800 dilində danışır və dünyada ən böyük ölçüyə malik fiziki poçtdaşıma şəbəkəsidir.
Ümumdünya Poçt Günü çərçivəsində hər il keçirilən tədbirlər (nadir marka və açıqcaların tematik sərgisi, poçt markalarının şəkillərinin müsabiqəsi, müxtəlif maarifləndirici aksiyalar və s.) müəyyən mövzuya həsr olunur.
Ürfan Firdovsi oğlu Orucov
Ürfan Firdovsi oğlu Orucov 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəcməddin Əli oğlu Sarkayev
Nəcməddin Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N. Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.