30 Sentyabr

Kinorejissor Lətif Səfərovun 105 illiyi, (1920 - 1963)

Lətif Bəşir oğlu Səfərov - aktyor, rejissor, ssenari müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi (1960).

Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata da qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarında oynayıb. Ancaq sonradan xəstələnən Lətif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə Gəncə Pedaqoji texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuşdur. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya dönür, kinostudiyada fəaliyyətə başlayır. Lətif Səfərov Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəldi və bir çox qiymətli filmlər yaratdı. 1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olundu. "Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi. 1958-ci ildə ona etimad göstərib Respublika Kinematoqrafçılar İttifaqının sədri seçdilər. O, kinonu qaldırmaq istəyirdi. "Koroğlu" filmi üzərində böyük əziyyətlə işlədi. Çünki studiyanın imkanları çox məhdud idi. Texnika sarıdan çətinliklər vardı. Rejissor öz sənət dostlarını bir olmağa çağırırdı: "Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik". Əfsus ki, Lətif Səfərov çox arzularını ürəyində apardı.  Bizə isə onun gözəl filmləri yadigar qaldı. 1963-cü il dekabrın 9-u Lətif Səfərov intihar etdi.

Filmoqrafiya: Almaz (film, 1936) (tammetrajlı bədii film) - rol: kəndli oğlan, Azərbaycan sərhədçiləri (film, 1951), Bakı və bakılılar (film, 1958), Bakılılar (film, 1938), Bərəkətli torpaq (film, 1954), Bəxtiyar (film, 1955), Çağırışa cavab (film, 1947), Gədəbəyin sərvəti (film, 1950), Gilan qızı (film, 1928), Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000), İyirminci bahar (film, 1940), Kəndlilər (film, 1939), Qızıl kol (film, 1930), Qızmar günəş altında (film, 1957), Quba bağlarında (film, 1953), Leyli və Məcnun (film, 1961), Lətif (film, 1930), Ordenli Azərbaycan (film, 1938), Sevil (film, 1929), Şərqə doğru (film, 1930) və s.

 

Şair Vaqif İbrahimin 80 illiyi, (1945-1983)

İbrahimov Vaqif Əliyar oğlu  1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir. Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdür. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü olmuşdur. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.

Əsərləri: “Bu torpaqda doğulanlar” (1970), “Ömür balladası” (1970), “Dünyanın keşiyində” (1974), “Baykal-Amur magistralında” (1975), “Mehribanlıq işığı” (1981), “Vaxtla üz-üzə” (1982), “Taleyimə yazılanlar” (1985).

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. S 899.

 

 

Beynəlxalq Tərcüməçilər Günü, (1991) 

Hər il sentyabrın 30-da şifahi və yazılı tərcümə ilə məşğul olanların peşə bayramı – Beynəlxalq Tərcüməçilər Günü (International Translation Day) qeyd olunur. Böyük rus şairi A.S.Puşkin tərcüməçiləri “tərəqqinin poçt atları” adlandırırdı. Babil qülləsinin dağılmasından bəri bütün bəşəriyyətin həyatında tərcüməçilərin rolu hiss olunmasa belə, çox böyük və əhəmiyyətlidir. Axı tərcüməçilər olmasaydı, ədəbiyyatın və kino sənətinin bütün əsərləri, elm və texnikanın nailiyyətləri əlçatmaz olardı, dünyanın müxtəlif ölkələrindən olan insanlar öz aralarında ünsiyyət qura bilməzdilər. 

1991-ci ildə tərcüməçilərin də peşə bayramı yaranmışdır. Beynəlxalq Tərcüməçilər Federasiyası (FİT) 30 sentyabrı Beynəlxalq Tərcüməçilər Günü elan etmişdir. FİT 1953-cü ildə Parisdə yaradılmışdır və dünyanın 60-dan çox ölkəsindən 100-dən artıq tərcüməçilər assosiasiyasını birləşdirir.  Təşkilatın yaradılmasında məqsəd tərcüməçilər arasında təcrübələrin bölüşülməsi və əlaqələrin möhkəmləndirilməsidir. Bayramın tarixi təsadüfən seçilməmişdir. 420-ci il sentyabrın 30-da Bibliyanı latın dilinə tərcümə edən tərcüməçi, tarixçi, yazıçı Müqəddəs İeronim Stridonski vəfat etmişdir. 

Beynəlxalq Tərcüməçilər Günü münasibətilə hər il keçirilən konqreslər, konfranslar, seminarlar, “dəyirmi masa”lar və s. müəyyən bir mövzuya həsr olunur. 

 

İsrayıl Namiq oğlu Cəfərzadə 

İsrayıl Cəfərzadə 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Əslən Ağsu rayonundan idi. 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olmuş və 2016-ci ildə məktəbi bitirmişdir. Azərbaycan Ordusunun əsgəri olan İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cəfər Yavər oğlu Eylasov

Cəfər Yavər oğlu Eylasov 2000-ci il sentyabrın 30-da Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Cəfər Eylasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Eylasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

 

Nəcəf İlqar oğlu Hüseynov

Nəcəf Hüseynov 1992-ci il sentyabrın 30-da Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Nəcəf Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nəcəf Hüseynov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rəşad İlham oğlu Mikayılzadə

Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 311 nömrəli tam orta məktəbdə almışdır. Rəşad Mikayılzadə 2020-ci ilin sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü əsgər kimi iştirak etmişdir. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Həsən İbrahim oğlu Quliyev

Həsən Quliyev 1996-cı il sentyabrın 30-da Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Quliyev oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Həsən Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.