6 sentyabr
Şair, publisist Əvəz Lələdağın anadan olmasının 90 illiyi (1935)
Mahmudov Əvəz Cəlal oğlu - şair, publisist, 1995 – ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998).
Mahmudov Əvəz Cəlal oğlu 1935 - ci il sentyabrın 6 - da Oğuz yurdu Ermənistanda, Zəngəzur mahalının Qarakilsə bölgəsinin Ağdü kəndində anadan olmuşdur. Əlli illik yaradıcılıq yolu keçmiş Əvəz Mahmud Lalədağ (Mahmudov Əvəz Cəlal oğlu) Zəngəzur mahalının Ağdü kəndində anadan olmuşdur. 1972-ci ildən Sumqayıtda yaşayır. Azərbaycan yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Aşıqlar Birliyinin üzvüdür. İstedadlı dramaturq kimi tanınan Ə.Lələdağın "Qorxaq", "Tələ", "Batmanla gələn dərd", "Haray, dünya, haray", "Mənim Koroğlu babam", "Dağlarda tufan" , "Burda bir el vardı", "Gecikmiş etiraf" əsərləri H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Əsərləri: "El yada düşdü", "Dağlar marala qaldı", "Ömür payı", "Sinəsi dolu nənəm", "Ağ dovşanın nağılı", "Ömürdən qalan izlər", "Dünya, hara gedirsən", "Səni gözləyirəm", "Bizi deyib gəlmə, Mirzə", "Yaddan çıxmaz günlərim", "Analı dünyam", "Ümumbəşəri bəla-erməni xəstəliyi", "Təlimdə ənənəvilik və müasirlik haqqında pedaqoji düşüncələr", "Dağlar, gözləyin məni” "Qorxaq", "Tələ", "Batmanla gələn dərd", "Haray, dünya, haray", "Mənim Koroğlu babam", "Dağlarda tufan" , "Burda bir el vardı", "Gecikmiş etiraf" .
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 293.
Ayxan Cəmalləddin oğlu Cəfərov
Cəfərov Ayxan Cəmalləddin oğlu 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üç təpə kəndində anadan olub. 28 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağırılıb. 29 sentyabr 2020-ci ildə Ağcabədi korpusunda könüllülər dəstəsinə yazılaraq Füzuli bölgəsində döyüşüb. Füzuli döyüşlərində snayperçi kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbə-üz döyüşdə qəhrəmancasına şəhid olub. 17 oktyabr 2020-ci ildə Cəlilabad rayounu Üçtəpə kəndində dəfn edilib.
Göstərdiyi qəhrəmanlıqlara görə, Vətən uğrunda medalı, "Qubadlının azad olunmasına görə" və "Cəbrayıln azad olunmasına görə" medalları ilə təltif edilib.
Elçin Zamin oğlu Hüseynov
Elçin Zamin oğlu Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə başlayıb. Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində yaralanıb. Buna baxmayaraq, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Strateji yüksəkliklərin düşmən əlinə keçməməsi, döyüş yoldaşlarının sağ qalması üçün özünü güllənin qabağına verib. Yaralansa da döyüşə davam edib, "Mübariz" postundan digər posta keçərkən 2 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Şəhid qəhrəman Elçin Hüseynov oktyabrın 17-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra Elçin Zamin oğlu Hüseynov Vətən müharibəsindəki misilsiz qəhrəmanlıqlarına görə «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı», «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edilib.
Murad Valeh oğlu İbrahimov
Murad İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Murad İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad İbrahimov 2020-ci il oktyabrın 3-də Murov dağından Ağdərə istiqamətinə yollanmış, həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Nəşi şəhid olmasından 111 gün sonra aşkar edilmiş və 23 yanvar 2021-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elyar Cəlal oğlu Mirzəyev
Elyar Mirzəyev Cəlal oğlu 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb. Elyar Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Hüseyn Qədir oğlu Qəribzadə
Hüseyn Qəribzadə 2001-ci il sentyabrın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Çinarlı qəsəbəsinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Qəribzadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Qəribzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Əhməd oğlu Xəlili
Vətən müharibəsi şəhidi 1997-ci il sentyabrın 6-da Bakıda doğulub. O, Nizami rayon 62 saylı məktəb-liseydə təhsil alıb. O, 2020-ci il sentyabr ayında çağırış gələn kimi dərhal hərbi komissarlığa gedir. Samir Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən sentyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. O Azərbaycan Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.