3 sentyabr
Şairə Aləmzər Əlizadənin 75 illiyi, (1950)
Aləmzər Əlizadə1950-ci il sentyabrın 4-də Azərbaycanın Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. İndiyədək balalarımız üçün onun bir neçə şeir kitabı nəşr olunmuşdur. 1973-cü ildə “Sarı eynək” adlı ilk kitabını nəşr etdirən Aləmzər Əlizadə özünü istedadlı bir uşaq yazıçısı kimi tanıtmışdır. Bundan sonra onun “Küsən güllər”, “Şəfəqin sırğaları”, “Ətirli kəpənək”, “Ülviyyənin kitabı” adlı əsərləri nəşr olunmuşdur. Aləmzər Əlizadə orijinal, duzlu-məzəli şeirləri ilə balacaların rəğbətini qazanmışdır. Uşaqları dərin məhəbbətlə sevməsi, xarakterində uşaqlara məxsus kövrək cizgilərin olması, balacaların həyatını diqqətlə müşahidə etməsi, yumor duyğusu Aləmzər Əlizadənin uşaq şeirlərinin uğurlarını təmin edən cəhətləridir. Şairin “Fışqırıq”, “Təriş göbələk yığır”, “Axan beş”, “Meyvə çıxdı”, “Acığa düşən çəkmə”, “Şadlıq”, “Üzən top”, “Nəğmə yadımdan çıxdı”, “Laləli divar” və s. şeirləri uşaq təfəkkürünə uyğundur. Bu və ya buna bənzər digər yazıları oxuyanda adamın üzünə istər – istəməz təbəssüm qonur. Təbii, uşaq sadəlövhlüyündən doğan yumor şeirlərin bədii dəyərini artırır, onları oxunaqlı edir. Aləmzər Əlizadənin mətbuat səhifələrində görünən ilk şeirlərindən hiss olunurdu ki, onun uşaq aləmini dərindən duya bilmək, uşaqları maraqlandıran mövzuları yaxşı qavramaq, uşaqlara poeziyanın estetik dili ilə danışmaq, bir sözlə, uşaq dünyasına nüfuz etmək qabiliyyəti güclüdür. Axı, hər yazıçı yaxşı uşaq yazıçısı ola bilmir. Onun hər bir kitabını oxuduqda adam özünü uşaqlıq aləmində hiss edir, “uşaqlaşır”, gözəl uşaqlıq xəyallarına qapılır, uşaqlarla birlikdə evcikdə oynayır, kəpənək qovur, gül-çiçək toplayır, heyvanlarla danışır, buludlarla səyahətə çıxır. Aləmzər Əlizadə uşaqlar üçün xeyli mənzum nağıl da yazmışdır. Onun “Kirpilər”, “Toya gecikən tülkü” və s. bu kimi nağılları da uşaqlar üçün maraqlıdır. Uşaq aləminə nüfuz etmək, onları düşündürmək, ovundurmaq, onlara bədii zövq vermək çətin və məsuliyyətlidir. Bu çətinliyi həssalıqla duymaq, bu zəhmətin şirin bəhrəsini görmək böyük bacarıq və istedad tələb edir.
Əsərləri: “Fələk və mən” (2007), “Gözdən çıxan qara tikanlar” (1997), “Göyün işığı” (1994), “Adımdan danışıram” (1994), “Eldənizin dünyası” (1990), “Ülviyyənin kitabı” (1989), “Dəvə və şeşəqulaq” (1988), “Ətirli kəpənək” (1986), “Şəfəqin sırğaları” (1982), “Küsən güllər” (1979), “Sarı eynək” (1973)
Kitablarda: İydələr ; İpək kombinatında ; Bacımın kitabı // Uşaq ədəbiyyatı.- Bakı: “Təhsil” nəşriyyatı, 2002.- 221s, Yaman nigaranam ; Cücələr ; Rəhim ; Şəhəri dolanırıq ; Sözə baxan : şeirlər // Doğdu günəş qırmızı. - Bakı: Gənclik, 1983. - 57 s, Ayna və Sona ; İşsiz daraq ; Əmimin kranı və s.: şeirlər // Peyk.- 1980.- 4 aprel.- № 13.-s.4, Ay nə gəzir, üzən top // Mənim bağım, baharım...- Bakı: Gənclik, 1980.- s.29
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 55.
Ələkbər İsgəndər oğlu Ələsgərov
Ələkbər Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olmuşdur. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirmişdir. Ələkbər Ələsgərov general Polad Həşimovun ölümündən sonra könüllü orduya yazılmışdır. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. O, 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanlığında dəfn edilib. Nişanlı idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahim Qalib oğlu Mikayılov
Rahim Mikayılov 1990-cı il sentyabrın 3-də Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Rahim Mikayılov İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov-Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir. Sentyabrın 27-də Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı.
Rahim Qalib oğlu Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.