26 Avqust
Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010)
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu Üzərində Yerləşən Ölkələrin Musiqisi Günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün əziz bayramdır.
Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. YNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Xalqımızın şərəfli və keşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli, anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.
Laçın şəhərində üçrəngli Azərbaycan bayrağı qaldırıldı
Otuz illik Laçın həsrəti nəhayət ki bitdi... Avqustun 26-da Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Düşmən ötən 30 ildə Laçında qeyri-qanuni məskunlaşdırma aparsa da, istəyinə nail ola bilmədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan əsgəri indi Laçının keşiyində dayanır. Şəhəri tərk edən ermənilər bu dəfə də öz mənfur əməllərindən əl çəkməyiblər. İşğal dövründə qeyri-qanuni məskunlaşdırma zamanı tikilən evlərin bəziləri yandırılıb və ya dağıdılıb. Bu gün Laçında polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub. Hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil olunub.
“Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqadasından ibarət qrup Laçın şəhərində işlərə başlayıb. Şəhərə alternativ bulaqlardan suyun gətirilməsi təmin edilib. Artıq Laçının gecələri qaranlığa bürünmür. İndi bu qədim yurdumuzda Azərbaycan işığı yanır. “Azərenerji” ASC ermənilər tərəfindən dağıdılmış yarımstansiyanın ilkin bərpası istiqamətində qısa müddətdə xeyli iş görüb - əraziyə transformatorlar, lazımi elektrik avadanlığı və texnika gətirilib. Laçında cəmi dörd gündə ölkə enerji sistemi ilə əlaqələndirilmiş şəbəkə yaradılıb. Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyü müjdəsini verib, bu münasibətlə laçınlıları və bütün Azərbaycan xalqını təbrik edib.
Rus yazıçısı Aleksandr Kuprinin 155 illiyi, (1870-1938)
Aleksand İvanoviç Kuprin 26 avqust 1870-ci ildə anadan olmuşdur. Gələcək yazıçı məhrumiyyətlər və onun doğurduğu xəcalət içində böyüyürdü. Hər tərəfdə kobudluq, rəhimsizlik, qəddarlıq və biganəlik hökm sürürdü. Gələcəkdə böyük məhəbbəti, qızğın eşqi tərənnüm edəcək yazıçının bu gün gördüyü hələ ki, yalnız qəddarlıq idi, gələcək yazıçı yoxsulluğun qılınc kimi kəsib doğradığı yaralı ürək gəzdirirdi. Bütün uşaqlıq və gəncliyinin bu ağır təəssüratları "Kadetlər", "İgid qaçqınlar", "Yunkerlər", "Müqəddəs yalan" əsərlərində əks olunmuşdu. Odur ki, ondan haradasa və nə vaxt tərcümeyi-hal tələb etdikdə yarızarafat tərzində: "Bütün əsərlərim tərcümeyi-halımdır", – cavabını verirdi. Kuprin özündə olan yazıçılıq istedadının anasından gəldiyini hər zaman, hər yerdə inadla qeyd edirdi. Anasından ona irsən incə, kövrək hisslər, canlı müşahidələr və emosionallıq gəlmişdi. Ana nənəsindən hələ uşaqkən gözəl əfsanələr, sehrli nağıllar, tarixi əhvalatlar eşitmişdi. Bunlar onun şərq mövzusunda yazdığı gələcək əsərləri doğuracaqdı. Sirli-sehrli, nağılvari əsərlər, lakin qüdrətli, müdrik, fəlsəfi əsərləri bu uşaqlıq nağıllarından yaranacaqdı. şərqə məxsus cəsurluq, fədakarlıq öz növbəsində alicənablıq, güclü, nəşəli məhəbbət, hər yerdə ədalət simasında çıxış edən Allah hər şeyi eşidən və görən Allahın xofu olan əsərlər meydana çıxacaqdı. Yazıçı A.Kuprinin nə qədər qəribə olsa da şərq sevgisi, türk ehtirası, türk mədəniyyətinə ehtiramı, cazibəsi və s. onun "anam tatar knyazı Kulunçak xan nəslindəndir" – harayı ilə bir doğmuşdur. Bütün ömrü boyu öz əslinin tatar xanlarından gəldiyini qürurla qeyd edir, həm də bu soyadının kulunçak, kulun, dayça mənasını da əlüstü göstərirdi. Müasirlərinin xatirələrinə görə, tatar araqçını qoyur, ümumiyyətlə, özünün paytaxtda qəribə görünən başdan-ayağa türk paltarı ilə hər kəsi heyrətləndirirdi. Varlanandan sonra əsil türk ağası kimi ianə, sədəqə verməsi, türk sözlərini danışığında çoxaltması və s. ilə yanaşı, ailə məktublarını da "İsgəndər" adı ilə imzalayırdı. Beləliklə, öz Aleksandr xristian adının Şərq variantını təxəllüs kimi işlədirdi. Kuprinin şərqə, türk həyatına bəslədiyi sonsuz maraq yaradıcılıq xəttinə də təsir edib keçə bilirdi. Bu maraq və aludəlik onun Şərq ruhu hakim olan "Sulamif", "Süleyman peyğəmbərin ulduzları", "Qismət" (əsli "Kismet"), "Kırım", "Məcid", "Nargilə qolbağ", "İstintaq", "Gecə növbəsi" əsərlərində uğurlu türk obrazları yaratmasına kömək etmişdir. Yazıçı "İstintaq" əsərində böyük məhəbbətlə bədbəxt türk obrazı yaratmışdı; burada məhkumun və müstəntiqin tərsliyinin və inadının buzunu ikincinin birinciyə onun ana dilindən tez tapıb işlətdiyi doğma və əziz olan "Allah" və "ana" sözləri qırıb əridə bilir. Yazıçı 1938-ci ilin avqustun 26-da vəfat etmişdir.
Adəm Elçin oğlu Əmirov
Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir. İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəvan Ömür oğlu Lətifov
Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndindəki V.İbrahimov adına tam orta məktəbi bitirmişdir. Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Fizuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir. 6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. O, 16 noyabr tarixində Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Ömür oğlu Lətifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Ömür oğlu Lətifov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Ömür oğlu Lətifov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Lətif Faiq oğlu Məmmədov
Lətif Məmmədov 1998-ci il avqustun 26-da Goranboy rayonunun Qarasuçu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Lətif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Lətif Məmmədov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Lətif Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pənah İslam oğlu Məmmədov
Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2006-2017-ci illərdə Ə. Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Pənah Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pənah Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pənah Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pənah Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pənah Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Ədalət oğlu Rəhimli
Rəhimli Elcan Ədalət oğlu 1992-ci il avqustun 26-da Bərdə rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağırılıb. Goranboy rayonunda döyüşüb. 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlaması nəticəsində həlak olub.
Elcan Ədalət oğlu Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Elgün İlham oğlu Səmədov
Elgün Səmədov 2001-ci il avqustun 26-da Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008-2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sərvan Sərxan oğlu Şükürov
Şükürov Sərvan Sərxan oğlu 26 avqust 1998-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. O, 2016 ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Tərtər-Ağdərə, Murovdağ istiqamətində döyüşlərə başlayıb. Sərvanın axırıncı döyüş yolu Sərsəng su anbarı istiqamətində olub. Oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperindən açılan güllə nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
İlqar Natiq oğlu Zeynalov
İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Zeynalov oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.