10 iyul
Samir Azər oğlu Abbasov
Samir Abbasov 10 iyul 1997-ci ildə Neftçala rayonunun Xolqaraqaşlı kəndində anadan olmuşdur. O, 2002-ci ildə Neftçala rayonu Xolqaraqaşlı kənd Qismət Nuralıyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin məzunu olmuşdur. 2018-ci ildə Binəqədi rayon peşə liseyində aşbazlıq ixtisasına daxil olmuşdur. 4 iyun 2019-cu il tarixində həmin peşə liseyini başa vurub, bir neçə ay aşbaz kimi çalışmışdır.
Samir Abbasov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Samir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abbasov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. Noyabrın 23-ü Neftçala rayonu, Xolqaraqaşlı kəndində dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Təvəkkül oğlu Abdullayev
Elnur Abdullayev 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. əslən Qubadlı rayonu Yuxarı Mollu kəndindən idilər. 2001–2003-cü illərdə müddətli hərbi xidmət çəkib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elnur Abdullayev Füzuli və Xocavənd döyüşlərində savaşıb. Döyüşlər zamanı 9 düşmən tankını qənimət olaraq ələ keçirib. 2020-ci il oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram İlqar oğlu Babaşov
Bayram Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Ailəli idi. 1 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Bayram Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bayram Babaşov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rahib Pənah oğlu Fətəliyev
Rahib Fətəliyev 1978-ci il iyulun 10-da Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Rahib Fətəliyev 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun çavuşu olan Rahib Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahib Fətəliyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Bolsulu qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Fətəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehdi Muxtar oğlu Murtuzov
Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olmuşdur.
Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanır. Yaralanmasına baxmayaraq öz təkidi ilə onu yenidən döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə zəfərin bizim olacağını demişdir.
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şimal cəbhəsində baş vermiş Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər nəticəsində oktyabr ayının 2-də Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhadətə ucalmışdır.
Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən götürmək mümkün olmamışdır. Hətta onun itkin düşməsi barədə də məlumat verirdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarlamış və 23 noyabr 2020-ci ildə döyüş bölgəsindən çıxarmağa nail olmuşlar. Mehdi doğulub böyüdüyü Alpan kəndində, 24 noyabr tarixində Subaba qəbiristanlığında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı və 29 dekabr 2020-ci il Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
İdris Nazim oğlu Nərimanov
İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonunda anadan olub. 2018-2020-ci illərdə müddətli əsgər kimi, həmin ildən isə müddətdən artıq əsgər kimi xidmət edib. Xalq artisti Mənsum İbrahimovun xalası nəvəsi idi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı İdris Nərimanov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib.. 10 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Bərdədə dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəvan Elxan oğlu Qəfərov
Rəvan Qəfərov 1991-ci il iyulun 10-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan Rəvan Qəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəvan Qəfərov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Qəfərov ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Vahid oğlu Ramazanov
Vüsal Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2000-2011-ci illərdə Yuxarı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Vüsal Ramazanov ilə oktyabrın 27-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yanvarın 8-də Vüsal Ramazanovun oktyabrın 30-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olduğu məlum olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.
Vüsal Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 24-06-2021 ci ildə Xocavəndin azad olmasına görə, Cəbrayılın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib.
Kənan Fehruz oğlu Yusibov
Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Kənan Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Yusibov sentiyabr ayının 27-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.