15 iyun

Milli Qurtuluş Günü, (1993)

“Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...” (Ümummilli lider  Heydər Əliyev)

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Heydər Əliyev. Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə,  qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. 

 

Ümumdünya Külək Günü

Bu qeyri-adi bayramın  keçirilməsi Avropa  Külək  Enerjisi  Assosiasiyası  və  Ümumdünya  Külək  Enerjisi Şurası tərəfindən təklif olunmuşdur. Həmin günü keçirməkdə məqsəd dünya ictimaiyyətini maarifləndirmək, diqqətini bu məsələyə yönəltməkdir. Külək enerjisi küləyi  meydana  gətirən hava  axınının  sahib  olduğu  hərəkət (kinetik) enerjisidir.  Alternativ enerji  (bərpa olunan)  mənbələrindən biri  hesab  olunur. Bu  enerjinin  bir  hissəsi  faydalı  olan  mexaniki  və  ya elektrik  enerjisinə  çevrilə  bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjilərdən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. İnsanlar küləyin gücündən çox qədim dövrdən bəri faydalanırlar. Buna misal  olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl dənüyütmə, nasosla suvurma, ağackəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik enerjisi almaq məqsədilə istifadə edilməkdədir.

Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir. Azərbaycan ərazisində əsasən Abşeron yarımadası, Xəzər dənizi və digər ərazilər külək enerjisindən istifadə etmək üçün daha məqsədəuyğun sayılır. Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır.

 

Xalq artisti, aktrisa Amaliya Pənahovanın 80 illiyi, (1945-2018)

Pənahova Amaliya Əliş qızı Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəri.

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyorluğu" ixtisasını bitirmişdir. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya kimi rolları qeyd etmək olar. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilmişdir. Böyük istedada, hərtərəfli biliyə malik olan aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hal-hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", Şıxəli Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətidir ki, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur. Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının 1995-ci il 8 iyul tarixli 356 nömrəli fərmanı ilə yüksək mükafatla- "Şöhrət" ordeni ilə təltif edilmişdir. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir. Amaliya Pənahova həmçinin sənətşünaslıq elmləri doktoru adını alıb. Ötən il dekabrın 28-də "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini uğurla müdafiə edib. Qeyd edək ki, A.Pənahova on il əvvəl sənətşünaslıq elmlər namizədi adını almışdır. Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr    2018-ci ildə Bakıda vəfat etmişdir.

 

Bayramov Ruslan Telman oğlu

 Ruslan Bayramov 1996-cı il, iyunun 15-də Bakı şəhərində anadan olub. 2014-cü ildə 179 saylı tam orta məktəbdə təhsilini başa vurub. Ağcabədi rayonu ərazisindəki hərbi hissədə həqiqi hərbi xidmətini çəkmişdir.

 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ruslan Bayramov Füzuli döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur. Binəqədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliyev Mirzağa Məmmədbağır oğlu

 Mirzağa Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R. Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Subay idi.

 Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində Taqım Komandiri vəzifəsində xidmət edirdi.

 Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzağa Əliyev oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhid olub. Neftçala rayonunda dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məmmədquliyev Ağabəy Zaur oğlu

 15 iyun 2001-ci ildə Qaradağ rayonunun Korgöz qəsəbəsində anadan olmuşdur. Bakı şəhər 197 nömrəli tam orta məktəbdə təhsil almışdır.

 Ağabəy Məmmədquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmətinin müharibəyəqədərki son günləri Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

 Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağabəy Məmmədquliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Rzazadə Həsən Vüqar oğlu

Həsən Rzazadə 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi.

 Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-da Laçın döyüşləri zamanı şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə "Qarabağ" ordeni ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Şahverdiyev Böyükağa Savalan oğlu

 Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində qulluq edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzuli, istiqamətlərində döyüşlərdə minaatan vəzifəsində iştirak edib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Səttarov Səxavət Qüdrət oğlu

 Səxavət Səttarov 15 iyun 2001-ci il Astara rayonunun Artupa kəndində anadan olmuşdur. 2019-cu il iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

 Azərbaycan Ordusunun əsgəri olan Səxavət Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. 6 noyabr 2020-ci ildə Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 18 noyabr 2020-ci ildə Artupa kəndində dəfn edilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə,  25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Sultanov Səlim Sultan oğlu

 Səlim Sultanov 15 iyun 2002-ci ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur. Subay idi.

 Səlim Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2020-ci ilin iyulundan müddətli həqiqi hərbi xidmət edirdi.

 Azərbaycan Ordusunun əsgəri olan Səlim Sultanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın, Ağdamın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səlim Sultanov 2 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin atdığı mərmi partlaması nəticəsində həlak olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vəliyev Əli Kamran oğlu

 Əli Vəliyev 2002-ci ildə, iyunun 6-da Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhəri 13 saylı orta məktəbdə təhsil almışdır. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.

 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Əli Vəliyev Goranboy rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. O, 2020-ci il sentyabrın 30-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Xəlilov Namiq İlyas oğlu

Namiq Xəlilov 1992-ci il iyunun 15-də Şirvan şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

 Azərbaycan Ordusunun giziri olan Namiq Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Xəlilov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.