16 May

Abbaslı Elgin Ağayar oğlu

 Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar.

 Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir.

 Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgin Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgin Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elgin Abbaslı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Abışov Asif Əlövsət oğlu

 Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub.

 Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Babayev Ağaşirin Firuz oğlu

 Ağaşirin Babayev 16 may 2001-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur.

 Ağaşirin Babayev 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.

 Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağaşirin Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliyev Anar Talıb oğlu

 Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı.

 Anar Əliyev 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

 Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Anar Əliyev oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xeyrullayev Cəlil Mürvət oğlu

 Cəlil Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun II Nügədi kəndində anadan olub. 1996-2007-ci illərdə II Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Nişanlı idi.

 Cəlil Xeyrullayev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

 2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Xeyrullayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Xeyrullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Xeyrullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.