12 May
Murad Zabil oğlu Gözəlov
Murad Gözəlov 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbinə daxil olmuşdur. 2010-cu ildə məktəbi bitirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Baş kəşfiyyatçı Murad Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı, sentyabrın 27-də könüllü olaraq döyüşlərə qatılır. Murad Gözəlov oktyabr ayının 30-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Murad Gözəlov noyabr ayının 5-də Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Məhəmməd oğlu Umarov
Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub. 1998–2009-cu illərdə Ş. Qurbanov adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Anar Umarov oktyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Umarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Umarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elburus Şəmsi oğlu Yusifov
Elburus Yusifov 1985-ci il mayın 12-də Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1991-2002-ci illərdə N. Yusifov adına Ağdam kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elburus Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elburus Yusifov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 21.12.2020-ci il tarixində Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elburus Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.