8 May

Hüseynli Ədalət Səadət oğlu

Ədalət Hüseynli 8 may 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olmuşdur.Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində almışdır. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ədalət Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlər zamanı 2 dəfə yaralanmış və xəstəxanaya yerləşdirilmiş, sağaldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanmışdır və xəstəxanaya yerləşdirilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməmiş və həlak olmuşdur.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ədalət Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, (1953)

Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist ictimai xadim, “Nobel” sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilmişdir və 1953-cü ildən qeyd olunur. 

Anri Düna 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcək Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmışdır. 1864-cü il avqust ayının 22-də İsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul olunmuşdur. Belə fərqləndirici nişan, qırmızı fonda ağ xaçı əks etdirən İsveçrə dövlətinin bayrağına olan hörmətin əlamətidir. 

1876-cı ildə Osmanlı imperiyası rus-türk müharibəsində iştirak edən tibbi işçilərinin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif etmişdir. O vaxtdan adı çəkilən emblem, ağ fonda qırmızı xaç emblemi ilə yanaşı, bərabər hüquqlu nişan kimi qəbul olunub. Hazırda həmin emblem bir sıra ölkələr tərəfindən istifadə edilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərini, Beynəlxalq Qırmızı Xaç Komitəsini və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir.

 

Ədəbiyyatşünas, tənqidçi, şair Cəfər Xəndanın 115 illiyi, (1910-1961)

      Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. Gəncə Pedaqoji texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925-1929) etmişdir. İnstitutun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932-1941). M.F.Axundov adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939). Hacıyev Cəfər Zeynal oğlu –filologiya elmləri doktoru (1948), professor (1949) adı qazanmışdır. 1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır. "Qırmızı ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. 1961-ci il avqustun   10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.

Əsərləri: “Bəyaz gecələr” (1936), “Azərbaycan ədəbiyyatı” (sovet dövrü) (1939), “Sabir : həyat və yaradıcılığı” (1940), “Cəbhə şeirləri” (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946), “Ədəbiyyat nəzəriyyəsi” (1948), “Təşviqatçı və bədii ədəbiyyat” (1950), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Sovet ədəbiyyatı” : I hissə (1952), “Sovet ədəbiyyatı” : II hissə (1952), “C.Cabbarlının həyat və yaradıcılığı” (1954), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (1955), “Mikayıl Müşfiq” (1956), “Molla Nəsrəddin” (1956), “Ədəbiyyat nəzəriyyəsi” (1958), “Mir Cəlal” (1958), “Şairin həyatı” (1961), “Sabir yaradıcılığında sənətkarlıq xüsusiyyətləri” (1962), “Ədəbi qeydlər” (1966), “Seçilmiş əsərləri” (1972), “Şairin həyatı” (1977), “Ədəbiyyatımızın dünəni və bu günü” (1980), “Şeirlər” (1983), “Uğurlu yol” (1987) və s. 

Tərcümələri: Nizami Gəncəvi (1940), Heyran xanım “Qəzəllər” (1975), M.F.Axundov “Şərq poeması” (1962) və s. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 155.

 

Ədəbiyyatşünas, tənqidçi Qara Namazovun 95 illiyi, (1930)

Qara Namazov — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, AMEA Folklor İnstitutunun “Dədə Qorqud” ETL-in rəhbəri.

Qara Mustafa oğlu Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlmuşdur. 1949-1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almış, 1956-cı ildə Bakı Dövlət Universitetinə qəbul olmuş, 1961-ci ildə universitetin filologiya fakültəsini bitirmişdir. 1962-1967-ci illərdə AMEA Tarix institutunda kitabxana arxivinin müdiri, 1966-1970-ci illərdə ADU-nun Biblioqrafiya kafedrasında baş müəllim, 1971-2002-ci illərdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor, 2002-2006-cı illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 2001-ci ildən hal-hazıra qədər isə “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının rəhbəridir. Azərbaycan, Türkiyə, Türkmənistan, İsvec və digər ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. 1968-ci ildə "Aşıq şeirinin inkişafı tarixindən" adlı namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ildə "Azərbaycan uşaq və gənclik ədəbiyyatının inkişaf mərhələləri (1920-1980)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1989-cu ildən professor adına layiq görülmüşdür. Pedaqoji fəaliyyətlə məşğul olmuş – 1966-cı ildən müasir Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan şeiri, Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı fənnlərindən dərs demişdir. Azərbaycan şifahi xalq və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbəyyatı onun tədqiqat sahəsidir. 10 monoqrafiyanın, 30 kitabın və 300 elmi-kütləvi əsərin müəllifidir. 20 elmlər namizədi yetişdirib.

Əsərləri: "Aşıq şeirinin inkişafı tarixindən" (1968), "Azərbaycan aşıq sənəti" (1984), "Aşıqlar" (I kitab:biblioqrafik məlumat) (2004), "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (3 cilddə) (2004-2005), "S.Ə.Şirvani.Seçilmiş əsərləri" (3 cilddə) (2004-2005), "Xalq qəhrəmanının şöhrəti" (2005), "Azərbaycan uşaq ədəbiyyatı", (dərslik) (2007), "Müasir Azərbaycan ədəbiyyatı" (2007), "Gecikmiş nəğmələr" (2008), "C.Çörçvodun tarixi kəşfləri" (2010) və s.

Məqalələri: "Qüdrətli söz ustadı" (2006), “Dədə Qorqud boylarının izi ilə” (2006), “Molla Nəsrəddin və ədəbiyyat” (2006), “Dirsəxan oğlu Buğac” boyunun el variantı”, “Böyük kimyaçı – qüdrətli şair” (2007), “Türk dünyasının xalq yaradıcılığı Şərqin İntibah ədəbiyyatıdır” (2007), “Mif, millət, ədəbiyyat” (2008), “Füzuli haqqında yapılan araşdırmalar” (2008), "Sözün sərrafı". Bizim söz qəzeti. № 2. 15 iyun 2009-cu il.