17 Mart
Yazıçı Mikayıl Rzaquluzadənin 120 illiyi, (1905-1984)
Rzaquluzadə Mikayıl Manaf oğlu nasir, şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R.Mikayıl", sonralar "M.Rzaquluzadə" olmuşdur. Ədəbiyyat sahəsində xidmətlərinə görə iki medal, üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Çuvaş MSSR Mədəniyyət Nazirliyinin və digər təşkilatların fəxri tərifnamələri ilə təltif edilmişdir.
Mikayıl Rzaquluzadə 1905-ci il martın 17-də Bakı şəhərində doğulmuşdur. Ədəbi fəaliyyətə 1923-cü ildə "Abdulla Şaiq" kitabçasında çıxan "Müəllim" şeiri ilə başlamışdır. İlk məqaləsi isə 1926-cı ildə "Maarif işçisi" jurnalında "Cocuq ədəbiyyatında üsul məsələsi" adı ilə dərc olunmuşdur. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur. Yaradıcılığında bədii tərcüməyə geniş yer vermişdir. Dünya və keçmiş SSRİ xalqlarının ədəbiyyatından tərcümələr etmişdir. "Gənclik" nəşriyyatının, "Göyərçin", "İnqilab və mədəniyyət" (sonralar "Azərbaycan") jurnalları redaksiya heyətinin, "Azərbaycan dilinin izahlı lüğəti"nin redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur. 1984-cü il noyabrın 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Əsərləri: “Ağ dana” (1945), “El gücü” (1948), “İstək” (1949), “Dan söküləndə” (1952), “Sirli saz” (1955), “Qu gölü” (1955), “Ovçu Elişlə qoçaq Aytəkinin nağılları” (1956), “Ölkənin çiçəkləri” (1962), “Nəsillərdən nəsillərə : bircildlik seçilmiş əsərlər” (1965), “Salam Adil” (1966), “Hekayələr” (1967), “Dəniz nağılı” (1967), “Baharın elçiləri” (1968), “Ürəkdə izlər” (1969), “Quş dili bilən Orxan” (1972), “Cücə getdi su içə” (1973), “Yaz günəşi : bircildlik seçilmiş əsərlər” (1977), “İlin yazı – elin sazı : şeirlər, poemalar, rəvayətlər və nağıllar” (1981) və s.
Tərcümələri (farscadan, ruscadan): Nizami Gəncəvi. “İsgəndərnamə (iqbalnamə)” (1967), Oldriç T. “Amerika məktəblisinin xatirələri”, Kiplinq R. “Mauqli” (1939), V.Mayakovski. “Seçilmiş şeirlər və poemalar” (1940), M.Şoloxov. “Nifrət fənni” (1942), V.Vasilyevskaya. “Göy qurşağı” (1947), V.Q.Belinski. “Seçilmiş əsərləri” (1948), A.Düma. “Üç muşketyor” (1949), M.Qorki. “Uşaqlar” (1950), M.Qorki. “Ədəbiyyat haqqında” (1950) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 595.
Rüfət Əzim oğlu Gözəlov
Rüfət Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Azərbaycan Ordusunun maxesi olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur rayonu şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı və 30.12.2020 Tarixli sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Gözəlov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Bayram oğlu Həsənov
Vüsal Həsənov 17 mart 1986-cı ildə Göygöl rayonunda anadan olmuşdur. Atası — Həsənov Bayram Aloş oğlu Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Birinci Qarabağ müharibəsi şəhididir. 1992-2001-ci illərdə Göygöl şəhər 6 saylı tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Vüsal Həsənov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. 2020-ci ilin sentyabrında Vətən müharibəsində iştirak üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Hərbi Komissarlığında qeydiyyatdan keçmiş və könüllü olaraq hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Həsənov 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xankəndi şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacəddin Vüqar oğlu İsmayılzadə
Tacəddin İsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Tacəddin İsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 128-ci günündə şəhid olub. Tacəddin İsmayılzadə fevralın 13-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abbas Rza oğlu Qasımov
Abbas Qasımov 1986-cı il martın 17-də Masis rayonunun Rəhimabad kəndində anadan olub. 1993-2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin birinci şəhidləri oldular.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.