14 Mart

Ümumdünya Yuxu Günü, (2008)

İlk dəfə Ümumdünya Yuxu Günü 2008-ci il martın 14-də qeyd edilib. Həmin ildən başlayaraq Beynəlxalq Səhiyyə Təşkilatının yuxu və sağlamlıq problemləri üzrə layihəsi çərçivəsində hər il mart ayının ikinci həftəsinin cümə günü qeyd olunur. Bu gün çərçivəsində tədbirlər hər il müəyyən mövzuya həsr edilir.

Yuxu orqanizmin sağlamlığı üçün çox vacibdir. Düzgün yuxu zamanı orqanizm gündüz sərf etdiyi  qüvvəsini bərpa edir. Buna görə də sağlam insan gümrah və enerjili şəkildə yuxudan oyanır. 

Ümumdünya Yuxu Günündə sosial reklamlar fəallaşır, yuxu və onun pozulmasının insan sağlamlığına və bütövlükdə cəmiyyətə təsirləri problemlərinə həsr olunmuş simpoziumlar təşkil olunur.  

İnsan həyatının üçdə birini yuxuda keçirir. Sübut olunub ki, uzun müddətli yuxusuzluq insanın həyat fəaliyyətinə çox mənfi təsir göstərir. Yuxunun cəmi 4 saat itirilməsi insan reaksiyasını 45% aşağı salır. Yaddaş pisləşir, insanda müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Lakin çox yatmaq da yuxusuzluq qədər zərərlidir. Həkimlər belə hesab edirklər ki, böyüklər üçün ideal yuxu müddəti gündə 7-8 saatdır. Bəzi mütəxəssislər belə hesab edirlər ki, qadınlara bir saat artıq yuxu lazımdır, çünki onlar daha emosionaldırlar. Uşaqlar isə gündə 10 saatdan az yatmamalıdırlar. 

Qoy bu bayram öz yuxumuza, yəni həm də sağlamlığımıza daha da diqqətli olmağımıza əlavə bir səbəb olsun.

 

Mustafayev Elvin Faxrəddin oğlu

Mustafayev Elvin Faxrəddin oğlu 14 mart 1992-ci ildə Daşkəsən rayonunda doğulmuşdur.

1998-ci ildə Daşkəsən rayonun Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2-ci sinifdən təhsilini Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 7-ci sinifdən isə Göygöl rayonunun 8 mart məktəbində davam etdirmişdir. 

2007-ci ildə 9-cu sinfi bitirdikdən sonra Astara Pedoqoji Kollecində Bədən tərbiyyəsi və idman müəllimi” ixtisasına daxil olmuşdur. 

2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiq hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2011-ci ildən müxətlif səyyari işlərdə çalışmışdır. 

4 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunda MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbiçisi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. 4 iyun 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

 

Ağababa Səfər oğlu Abasov

Ağababa Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açmışdır. Uzunboyad kənd məktəbində orta təhsil almışdır. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirmişdir. Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə N saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətindəcdöyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Firavan Xanbala oğlu Əsgərov

Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib. Sonuncu döyüşü Hadrutda bir döyüş yoldaşı ilə birlikdə kəşfiyyata gedir. Firavan döyüşdə ağır yaralanır. Döyüşçü yoldaşları köməyə gəlib onu Füzuli hərbi qospitalına göndərirlər. Firavan çox qan itirdiyindən hərbi qospitalda şəhid olur.

Firavan Əsgərov Xanbala oğlu ölümündən sonra ölkə rəhbərliyi tərəfindən “Vətən uğrunda”, ”Qubadlının azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Sayad Azad oğlu Hacıyev

Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayad Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Ruslan Natiq oğlu İmanquliyev

İmanquliyev Ruslan Natiq oğlu 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə başlayıb. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirib və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib. Ruslangilin ailəsi əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından idi. Ruslan İmanquliyev 2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Çevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsində N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib. 2020-ci il, 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşub. Ruslan silahı əlində döyüşərək boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ruslan İmanaquliyev 3 oktyabrda son mənzilə yola salınıb. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən İmanquliyev Ruslan Natiq oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ümid Fərman oğlu Məmmədov

Ümid Məmmədov 14 mart 1999-cu ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. 2005-2013-cü illərdə Babək rayon Nehrəm qəsəbə 3 saylı tam orta məktəbdə orta təhsil almış, 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil almışdır. Azərbaycan Ordusunun leytenantı olan Ümid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ümid Məmmədov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 18 oktyabr 2020-ci ildə doğulduğu Babək rayonunun Nehrəm qəsəbəsində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ümid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Təbriz Ələmdar oğlu Namazov

Təbriz Namazov 1994-cü il martın 14-də Şəmkir rayonunun Aşağı Seyfəli kəndində anadan olub. 2000–2011-ci illərdə N. Abbasov adına Aşağı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Təbriz Namazov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Namazov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 6-da Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Namazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.