22 Fevral
Yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin 155 illiyi, (22.02.1869-04.01.1932)
Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen, Nehrəm kəndlərində müəllimlik etmişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" povestini də bu dövrdə yazmışdır. 1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. 1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdir. C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarifə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.
Əsərləri: “Poçt qutusu” (1958), “Ölülər” (1963), “Yuxu” (1965), “İki alma” (1967), “Felyetonlar” (1961), “Qurbanəli bəy” (1962), “Danabaş kəndinin əhvalatları” (1968), “Bəlkə də qaytardılar” (1970), “Usta Zeynal” (1977), “İki alma” (1978), “Əsərləri” (altı cilddə) , “Hekayələr” (2009), “Seçilmiş əsərləri” (2012).
Əsərləri üzrə çəkilən filmlər: “Poçt qutusu” (film, 1967), “Quzu” (film, 1967), “Qəm pəncərəsi” (film, 1986), “Pirverdinin xoruzu” (film, 1987), “Qurbanəli bəy” (film, 1989), “O dünyadan salam” (film, 1991), “Anamın kitabı” (film, 1994), “Nigarançılıq” (film, 1998), “Lal” (film, 2003), “Oyun” (film, 2003), “Sirkə” (film, 2003), “Kefsiz” (film, 2004).
Haqqında çəkilən filmlər: “Cəlil Məmmədquluzadə” (film,1966).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S.159.
Yazıçı, şair Yusif Əhmədovun 85 illiyi, (22.02.1939-27.03.2012)
Əhmədov Yusif 1939-cu ildə fevralın 22-də Füzuli rayonunda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. İlk hekayələri dövri mətbuatda 60-cı illərin ortalarından çap olunmuşdur. “Səninlə sənsiz”, “Ürək bağışlamır”, “Qara yelkənli qırmızı gəmilər” kitablarının müəllifidir. “Ruhların qayıtması” romanı oxuculara saf insan duyğusu aşılayır. Tanınmış nasir Yusif Əhmədоv ötən əsrin 60-cı illərində ədəbiyyata gələn yazıçılardandır. İlk kitabı “Əfqan hеkayələri” adı ilə 1965-ci ildə Tacikistanın Düşənbə şəhərində çap оlunub. “Ələkеçməzlər” sayca müəllifin 20-ci kitabıdır. Kitabdakı еyniadlı rоman öz janrına görə müəllifin başqa əsərlərindən fərqlənir. Azərbaycanın ilk milli dеtеktiv rоmanı оlan “Ələkеçməzlər” kitabındakı hadisələr 1992-2006-cı illər ərzində Bakı şəhərində və əyalətlərdə baş vеrən müxtəlif kriminal hadisələrdən bəhs еdir. İlk kitabı 1965-ci ildə “Əfqan hеkayələri” adı ilə Düşənbə şəhərində fars dilində çap оlunub. Yaradıcılığı gənclik illərindən başlasa da, böyük ədəbiyyata 60-cı illərin оrtalarında gəlib. Tələbəlik illərindən başlayaraq kiçik hеkayələrlə, şеirlərlə, publisistik məqalələrlə müntəzəm оlaraq dövri mətbuatda çap оlunub. Müxtəlif illərdə “Kоmmunist”, “Ülfət”, “Həqiqətlər və faktlar” qəzеtində ədəbi işçi, müxbir və baş rеdaktоr işləyib. 20-yə yaxın kitabın müəllifidir. “Qara yеlkənli qırmızı gəmilər”, “Dnеpr üzərində şəfəq”, “Ruhların qayıtması”, “Məxmər yuxuların mahnısı”, “Əzablı yоllarla”, “Tоrpağa tökülən qan”, “Tоpxana mеşəsində görüş”, “Zülmətdən işığa dоğru” və оnlarla rоman, pоvеst və hеkayələri gеniş оxucu kütləsi və dövri mətbuatda tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Yusif Əhmədоvun qələmindən çıxan hər bir əsər çağdaş milli ədəbiyyatımızın zənginləşməsinə xidmət еdir. Yazıçı bir çоx fəxri diplоmların və fəxri adların sahibidir. Əsərləri bir nеçə dilə tərcümə еdilmişdir. Yazıçı Yusif Əhmədоv “Qızıl qələm” mükafatı və mеdalı ilə təltif еdilmişdir. “Ustad sənətkar” Ali Jurnalistika diplоmu, “Araz”, “Müşfiq” ədəbi mükafatları və diplоmları ilə, “Tоrpağa tökülən qan” rоmanına görə Azərbaycan Yazıçılar birliyinin “Yaddaş” milli mükafatına layiq görülmüşdür. “Yеni Carçı” qəzеtinin baş rеdaktоru olub. Yusif Əhmədov 22 martda Bakıda vəfat edib.
Əsərləri: “Qara yelkənli qırmızı gəmilər” (1990), “Səninlə-sənsiz” (1992), “Ruhların qayıtması” (1995), “Ürək bağışlamır” (1998), “Əzablı yollarla” (2000), “Ölümlə həyat arasında” (2001), “Bəxtiyar” (2001), “Zülmətdən işığa doğru” (2002), “Torpağa tökülən qan” ( 2003) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S.932.
Rus uşaq yazıçısı Arkadi Qaydarın 120 illiyi, (22.02.1904-1944)
Arkadi Petroviç Qaydar 1904-cü il fevralın 22-də Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin ediblər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis ediblər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxdı. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilmişdir. "Məktəb" povestinin əsas qəhrəmanı, birinci şəxsin dilindən danışan əsgər oğlu Boris Qolikov surətində Arkadi Qaydar məhz özünü təsvir etmişdir. "Timur və onun komandası" (1940) povesti ona böyük şöhrət qazandırmışdır. Cəsur, həssas, qətiyyətli, xeyirxah Timur surəti indi də uşaqların ən sevimli qəhrəmanlarından biri olaraq qalır. Yazıçı böyüməkdə olan nəslin ən yaxşı cizgilərini böyük vətənpərvərlik ideyası ilə qələmə alaraq bu obrazda ifadə etməyə müvəffəq olmuşdur. Qaydar uşaqlarla hər bir dildə danışmağı bacarırdı. Onun bütün əsərlərində ürəkləri isidən səmimilik, düzgünlük hiss olunurdu. Yazıçının "Təbilçinin taleyi" (1939), "Cuk və Gek" (1939), "Hərbi sirr" (1940) və s. əsərlərində Böyük Vətən müharibəsinin çətin günlərində var qüvvələri ilə xalqın əzəmətli mübarizəsinə kömək edən gənc vətənpərvərlərin şücaətindən söhbət açılır. 1941-ci il oktyabrın 26-da Qaydar dörd nəfər partizanın müşaiəti ilə kəşfiyyata yollanmış və faşist gülləsinin qurbanı olmuşdur. Qaydar yaradıcılığı, onun qəhrəman həyatı, əməlləri, bədii yaradıcılığa həsr edilmiş ömrü indi də onu sevənlər üçün örnəkdir.
Əsərləri: “Məğlubiyyət və qələbə günlərim” (1925), “Məktəb” (1930), “Təbilçinin taleyi” (1939), “Cuk və Gek” (1939), “Timur və onun komandası” (1940) və s.
Bəstəkar, xalq artisti Süleyman Ələsgərovun 100 illiyi, (1924-1999)
Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. Gənc bəstəkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətci olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib. O, bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələri bəstəkar öz fikirini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında Vətən harayı, düşmənə qisas çağırışı olub. Bəstəkarın yaradıcılığında оperetta janrı əsas yer tuturdu. Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.
Filmoqrafiya: "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Məhəbbət gülü", "Subaylardan görəsiz", "Gurultulu məhəbbət", "Bahadır və Sоna", "Sоlğun çiçəklər" оperaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfоnik muğamı, simfоnik pоema və süitaları, 3 tar konserti, 200-ə qədər mahnı.
Xəqani Mənsur oğlu Cəmilli
Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001-2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. Xəqani Cəmilli 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Valeh Asim oğlu Əkbərzadə
Valeh Əkbərzadə 22 fevral 1997-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Valeh Əkbərzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Valeh Əkbərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Valeh Əkbərzadə 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhriyar Müzəffər oğlu Məmmədov
Şəhriyar Məmmədov 1999-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. 2016 - 2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Məmmədov oktyabrın 11-də Xocavənd döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəhriyar Məmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səfa Yenişar oğlu Qaraxanov
Şəhid Qaraxanov Səfa Yenişar oğlu 1994-cü il fevralın 22-də Salyan rayonu Xalac kəndində anadan olmuşdur. O, tankist idi. 2020-ci il oktyabrın 1-də Füzuli döyüşlərində qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Səfa Qaraxanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.