7 Noyabr

Həsənov Elvin Əlizadə oğlu

Azərbaycan üçün önəmli olan taleyüklü Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir!". Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş Elvin Həsənovdur.

Elvin Əlizadə oğlu Həsənov 1994-ci ilin noyabrında Ağdaş rayonu Mürsəl kəndində anadan olub. Ailənin 3 övladından biri, iki bacının tək qardaşı idi. Atası Əlizadə kişi illər öncə, Elvinin 17 yaşı olarkən dünyasını dəyişib. Elvin orta məktəbi qurtardıqdan sonra, 2013-2014-cü illərdə hərbi xidmətdə, Vətənin keşiyində olub. Əsgərlikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif işlərdə çalışıb.

Elvin Vətən müharibəsi başlayandan 2 gün sonra könüllü kimi döyüş bölgəsinə yollanıb. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərərək Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub. 7 noyabrda şəhidlik xəbəri gələn Elvinin müqəddəs nəşi bir gün sonra torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Cavadov Namiq Rəhbər oğlu

İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri olan Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7 də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Şəhidimiz leytenant Namiq Cavadov 1980 ci ildə Tofiq Hüseynov adına Xocalı şəhər 2 saylı tam orta məktəbin 1 ci sinifinə qəbul olmuşdur.Oxuduğu illər ərzində vətənpərvərliyi ilə seçilən Namiq, elə həmin vaxtdan öz millətinə, dövlətinə bağlılığı ilə seçilirmiş. Nümunəvi şagird kimi müəllimləri tərəfindən hər zaman sevilən, dürüstlüyü və dostluğu ilə sinif yoldaşlarının özünə  ən yaxın bildiyi biri olmuşdur.Vətənə, torpağa uşağlıqdan bağlı olan Namiq 16 yaşında, Qarabağda döyüşlər gedən ərəfədə əsgərliyə heç kimin xəbəri olmadan könüllü getmişdir. 1993-cü ildə BDU-nin coğrafiya fakültəsinə daxil olmuşdur. 1997 ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil almışdır. Bu bağlılığı hər zaman dilinə gətirən , Qarabağ həsrəti ilə ürəyi döyünən şəhidimizin ən böyük arzusu bu torpaqları bir daha görmək idi.Hər zaman  deyirdi ki, torpaqlarımızı geri qaytarmalıyıq. Ərazilərimiz düşməndən təmizlənməlidir. Getdiyi bütün yerlərdə özünə dost tapmağı bacarırdı Namiq, deyən-gülən, şən biri kimi xatırlayır dostları onu.

Hər zaman üzündə gülüş olsa da, daxilində qəbul etmədiyi onu üzən hadisələrdə az olmamışdı.2012 ci ildə atası Rəhbər Cavadovu itirmişdir.Namiq Böyük vətənpərvər idi. Vətənə, ailəsinə, anasına və balalarına çox bağlı idi. Amma vətən, yurd, doğma torpaq sevgisi Namiq üçün ən öndə gedən sevgi,  ən uca tutduğu bağlılıq idi. 

Azərbaycan Ordusunun leytenantı olan Namiq Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin,Qubadlının, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşlər başlayandan könüllü kimi getməyin mübarizəsini aparıb. Könüllülərin aparılması dayandırılsa da, dəfələrlə Xocalı rayon Hərbi Komissarlığına müraciət edərək onu da aparmaqlarını xahiş edib. Leytenant Namiq Cavadov yaşının 35 dən yuxarı olmasına baxmayaraq Səfərbərlik Xidmətinə  çoxsaylı müraciətlər etməsinin nəticəsində İkinci Qarabağ, Vətən müharibəsinə könüllü olaraq oktyabrın 19-u  çağırılmışdır. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq könüllü olaraq ön cəbhəyə getmiş, döyüşlərdə iştirak etmişdir. 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarmış, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas etmişdir. 8 nəfər xüsusitəyinatlı əsgərlərlə birlikdə düşmənin neçə canlı qüvvəsini məhv ediblər.Oktyabr ayının 25 i, döyüşə yollandığının 6 cı günündə Namiq Cavadov Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.