|
E L E K T R O N M Ə L U M A T B A Z A S I |
|
ZƏFƏR PARKI Zəfər Parkı — Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən park. Park 8 Noyabr prospektində, Dənizkənarı Milli Parkın önündə yerləşir. Zəfər parkı 10 hektara yaxın ərazini əhatə edir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Parkının yaradılması Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamına əsasən olmuşdur. Parkın girişində Zəfər tağı yerləşir. Zəfər tağının olduğu yer, həmçinin, şəhərin mərkəzinə gedən iki yolun kəsişməsi yeridir. 44 günlük Vətən müharibəsinin rəmzi kimi, Zəfər tağının hündürlüyü 44 metr, eni 22 metr təşkil edir, 44 sütunu var. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını təsvir edir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaratmaq üçündür. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən Zəfər abidəsi ucaldılıb. Bu memorial abidə iki güclü əlaməti təcəssüm etdirir: Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi. Abidənin ətrafında salınmış yaşıllıq Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirir. |