Azərbaycan Tərcümə Mərkəzi mətbuat üçün ilk təqdimatını keçirəndə «Nə üçün
xarici klassiklərin əsərləri təkrar-təkrar nəşr olunur?» sualına cavab
axtararkən Mərkəzin aparat rəhbəri Yaşar Əliyev “çalışırıq o imzaları çap edək
ki, onlar dünya ədəbiyyatında təsdiqlənmiş müəlliflər olsun. Biz ilk növbədə
əsərin bədii gücünü və dilini nəzərdə tutub çap edirik”- deyə cavab verdi.
Amma bu gün ədəbiyyatçıların, bəzi oxucuların da dilindən “ölkədə ən çox satılan
kitabların siyahısına baxdıqda əsasən tərcümə kitablarının üstünlük təşkil
etdiyini görürük” fikirlərini eşidirik. Bunun səbəbi nə ilə bağlıdır: oxucunun
yerli müəllifə inamsızlığı, yoxsa xarici ədəbiyyata aşırı marağı iləmi? Hər
halda bu gün məktəblilərin, tələbələrində əlindən xarici ədəbiyyat nümunələri
düşmür. Nəşriyyatlar xarici ədəbiyyat nümunələrini nəşr etməyə meyillidir.
Bəziləri bunun səbəbini yerli müəlliflərinin əsərlərinin oxunaqlı olmamasında,
bəziləri kitab mağazalarının azlığında, bəziləri xarici ədəbiyyatın daha
populyar və aktuallığında, bəziləri təbliğatın olmamasında görür. Bəs gerçək
səbəb nədir? “Kaspi” bu barədə sorğu keçirərkən maraqlı fikirlərlə rastlaşdı.
Özümüz günahkarıq
Yazıçı, publisist Rafiq Yusifoglu da hesab edir ki, ölkədə xarici müəlliflərin
əsərlərini daha çox çap edirlər: «Həm o müəlliflərin, həm də əsərlərinin reklamı
var. Xarici müəlliflər özləri pul verib kitab çap eləmirlər. Ancaq bizim
müəlliflər isə hər hansı bir əsərlərini çap etmək üçün öz ciblərindən pul
verməlidirlər. Bazar iqtisadiyyatı ilə götürsək, yerli istehsal olunan mal
yoxdursa, kənardan gələn mallar bazarı doldurur”. R.Yusifli səbəblərdən birini
müasir oxucunun tələblərini görə bilməməklə əlaqələndirir: “Bu gün elə bir
dövrdə yaşayırıq ki, hər şey madiyyatla bağlıdır. Əgər yazıçı əsərini yazırsa və
onun oxucusu yoxdursa, onda müəllifin marağı da olmur. Xarici müəlliflərin
əsərlərindən əsasən macəra, sevgi, dedektiv tipliləri çap olunur. Etiraf edək ki,
bizim bu tipli əsərlərimiz müasir ədəbiyyatda yoxdur. Əvvəllər nəşriyyatlar hər
hansı bir yazıçını plana salırdılar. Plana salmamışdan əvvəl daxili rəylər vardı.
Əsərləri seçirdilər, dövlət müəllifə pul ödəyirdi və kitabı da nəşr olunurdu.
Bizim gəncliyimizdə oxuduğumuz «46 bənövşə», «Qış gecəsi» kimi əsərlər indi çap
olunmur. Ona görə oxucu da məcbur olub xarici ədəbiyyatı alır». Yazıçının
fikrincə, sovet dövründən təzə ayrıldığımızdan o zaman yazılan əsərlərdə sovet
metodologiyasının izləri olduğu üçün müasir gənclərdə həmin ədəbiyyata qarşı
ikrah hissi qalmaqdadır: «Bazarın diktəsi isə başqadır. Görünür yalnız
yeniləşmək lazımdır. Yəqin oxucuların zövqünü nəzərə almaq lazımdır».
R.Yusifoğlu hesab edir ki, yerli müəlliflərin əsərlərinin təbliğatına da böyük
ehtiyac var: «Əsas təbliğat meydanı televiziyadır. Meyxana verilişləri,
müğənnilərin şəxsi həyatından bəhs edən proqramlara bir gündə ayrılan vaxt bir
ay ərzində bir dəfə ədəbiyyata verilmirsə, hansı təbliğatdan söhbət gedə bilər?
Telekanallar da reytinq axtarır». Yazıçıların əsərlərinin kütləvi təbliğata
ehtiyacı olduğunu söyləyən publisist hesab edir ki, bunun üçün ilk növbədə yaxşı
əsər çap olunmalıdır: “Nasir də fikirləşir ki, hansı əsəri alacaqlar onu çap
edir. İstər pis olsun, istər yaxşı olsun, fərqi yoxdur». R.Yusifoğlu uşaq
ədəbiyyatı sahəsində də vəziyyətin ürəkaçan olmadığını bildirir: «Uşaq
ədəbiyyatımız var. Ancaq ortaya çıxası uşaq kitabımız yoxdur. Lap sovet dövrü
klassiklərinin əsərlərindən də nümunələr götürmək olar. Naşirlər də bu cür
əsərləri çap edirlər. Hər halda bunun da faydası var. Ən azı, müasir gənclik
dünya ədəbiyyatından xəbərdar olur. Ancaq bununla müəyyən mənada biz üstünlüyü
xarici ədəbiyyata vermiş oluruq. Biz o ideyaların daşıyıcıları üçün vətəndaşlar
hazırlayırıq. Yavaş-yavaş öz milli mədəniyyətimizə arxa çeviririk”. Yazıçının
fikrincə, biz öz əsərlərimizə, yazıçılarımıza, klassiklərimizə qarşı özümüz
biganəyik. Belə ki, bu sahədə kütləvi şəkildə iş görülməlidir: “Bu, çox ağır
məsələdir. Tutaq ki, deyək, biz pis yazıçıyıq. Biz yazırıq, ancaq əsərlərimiz
çap olunmur. Əgər meyar budursa, onda görək bizim Üzeyir Hacıbəyli, Qara Qarayev,
Arif Məlikov kimi klassiklərin əsərlərini sevən gənclik yetişirmi? Tutaq ki,
sovet ədəbiyyatının üstündən xətt çəkdik. Ancaq Arif Məlikovun «Məhəbbət
əfsanəsi»nin üstündən xətt çəkə bilmərik. Belə getsə, cavanlarımız milli
mənliklərini də unudacaqlar».
Kitab yayımı ilə bağlı problem
Tənqidçi Vaqif Yusiflinin fikrincə, sovet dövründə tərcümə işi məhdudiyyətlərlə
aparılıb. Yalnız dünyanın ən görkəmli, sosrealizm prinsiplərinə uyğun gələn
müəyyən əsərlər - klassiklər, daha çox məşhur olan müəlliflərin əsərləri tərcümə
edilib: «Frans Kafka, Kamyu, Folkner kimi sənətkarları yalnız müstəqillik
illərindən sonra tərcümə etməyə başlayıblar. Əvvəllər isə onların əsərləri çox
az tərcümə olunurdu. Biz dünya ədəbiyyatına böyük panorama ilə baxa bilmirdik.
İndi isə bu əsərlərə maraq ehtiyacdan yaranır. Qaldı ki, tərcümənin keyfiyyəti
məsələsinə, bu, ayrıca mövzudur. Təbii ki, böyük tərcüməçilərimiz yaranmayıb.
Hələlik bu sahədə məşqlər gedir». Vaqif Yusifli hesab edir ki, xarici əsərlərin
tərcüməsi yerli ədəbiyyatın təbliğinə mane olmamalıdır: «Bizim yazıçıların
əsərləri indiki kimi geniş miqyasda çap olunmayıb. Əvvəllər kitab çap etmək çox
çətin idi. Mən bir əsərimi 10 ildən bir çap etdirirdim, amma indi imkan varsa
ildə 2-3 kitab çap etdirə bilərəm». Tənqidçinin fikrincə, bəzi ədəbiyyata az
aidiyyəti olan adamlar var ki, onların bir ildə 10 kitabı çap olunur: «Deyə
bilmərəm, onların oxucu auditoriyası var, ya yoxdur». V.Yusifli hesab edir ki,
kitab mağazalarında yerli müəlliflərin kitablarının az satışının səbəblərindən
biri əsərlərin az tirajla çap olunması ola bilər: «Əsərləri az sayda olduğu üçün
kitabxanaya verə bilmirlər. Yerli müəlliflərdən Elçinin, Çingiz Abdullayevin,
Elçin Hüseynbəylinin, Firuz Mustafanın əsərləri kitab mağazalarında var. Burda
müəlliflərdən daha çox kitabı yaymaq, təbliğ etmək haqqında düşünən təşkilatlar
bu işi yerinə yetirməlidir ki, kitab mağazalarında bizim müəlliflərin də
kitabları yer alsın və satılsın».
Yazıçı Natiq Rəsulzadə isə hesab edir ki, 20-30 il bundan əvvəl Kafka, Qabriel
Markes kimi yazıçıların əsərləri Azərbaycan dilinə tərcümə olunmadığından bu gün
onların yaradıcılığına maraq yaranıb: “Ancaq mən hesab etmirəm ki, yerli
oxucular Azərbaycan yazıçılarının əsərlərini oxumurlar. Ölkənin 9 milyon əhalisi
var. Ola bilməz ki, Azərbaycanın ən populyar yazıçılarının 500 nüsxə kitabı
çıxsın. Bizdə kitab yayımı ilə bağlı böyük problem var. Bu, eynilə kino
prokatında mövcud olan problem kimidir. Ölkəmizdə kitab yayımı, kino prokatı ilə
məşğul olan mütəxəssislər yoxdur. O cür mütəxəssisləri yetişdirmək lazımdır.
Vaxtilə Rusiyada eyni vəziyyət yaşanırdı, ancaq onlar bu vəziyyətdən çıxdılar.
Onlar kitab yayımı ilə bağlı elə mütəxəssislər yetişdirdilər ki, hansı müəllifin
əsərinin Moskvanın hansı şəhərində daha çox oxunduğunu bilirlər. Bu, elmdir.
Bizdə isə bu, yoxdur”. Yazıçının fikrincə nə yazıçı, nə də naşir kitab yayımı
ilə məşğul olmalıdır: “Sizi inandırım ki, kitab yayımı ilə məşğul olan
mütəxəssislər olsa populyar yazıçıların əsərləri 500, 1000 nüsxə yox, 5000,
10000 nüsxə çıxar. Çünki 9 milyon əhalisi olan respublikada öz yazıçılarımızın
10000 oxucusu mütləq olmalıdır. Hamı şikayətlənir ki, oxucu yoxdur. Biz də bunu
başa düşürük. Bu gün internet var, oxucu kitabdan qaçır. Eyni zamanda, oxucunu
maraqlandırmaq, kitabı reklam etmək lazımdır». N.Rəsulzadənin fikrincə,
Azərbaycan yazıçılarının əsərlərinin oxunmaması və reklam olunmamasında kitab
mağazalarının azlığı da rol oynayır. Belə ki, Bakıda kitab mağazalarını barmaqla
saymaq olar: «Bu böyüklükdə şəhərdə gərək kitab mağazalarının sayı 10 dəfə çox
olsun. Təzə kitab evləri və mağazaları yaranır, ancaq onlar kifayət qədər deyil.
Digər tərəfdən oxucunu maraqlandırmırlar. Bizdə kitab siyasəti ümumiyyətlə,
yoxdur. Yazıçılar İttifaqının 2000-ə yaxın üzvü var. Həmin adamlardan heç olmasa
30-50 nəfəri oxunan nasirlərdir. Onların əsərləri ən azı 10000 tirajla çıxa
bilər”.
«Altun» Kitab nəşriyyatının direktoru Rafiq İsmayılov hesab edir ki, tərcümə
ədəbiyyatında tanınmış adlar olduğundan oxucular da həmişə tanıdığı adlara meyl
göstərir: «Bizim gənc yazıçıları, son dövrdə əsərləri çıxan müəllifləri çox
qapalı dairə tanıyır. Ayrı-ayrı nəşriyyatların da o gücü yoxdur ki, inandığı bir
müəllifi “raskrutka” etsin, o ad tanınsın və onun da kitabları satılsın. Oxucu
kitab mağazasına gəlir və bir tərəfdə Mark Tvenin «Şahzadə və dilənçi»sini,
digər tərəfdə tanımadığı bir müəllifin əsərini görür, Təbii ki, o, uşağı üçün «Şahzadə
və dilənçi»ni almaq istəyir”. Naşirin fikrincə, nəşriyyatların tərcümə
ədəbiyyatına daha çox üstünlük verməsinin səbəbi onların müəllifə qonorar
verməməsi ilə bağlıdır. Belə ki, onlar əsasən klassiklərin əsərlərini çap
edirlər. İndiki kitabların az satıldığı bir şəraitdə müəllifi də, nəşriyyatları
da başa düşmək olur. Nəşriyyat həm ona qonorar ödəsə, həm poliqrafiya xərclərini
qarşılasa kitabın xərci çox çıxar”. Son dövrdə əksəriyyət əsərlərin onu naşir
kimi qane etmədiyini bildirən R.İsmayılov bəzən gözəl əsərləri nəşr etdiklərini
bildirdi: “Ancaq əsərlərin çoxunun bədii keyfiyyəti aşağıdır. Ona görə də
naşirlər o əsərlərə meyl etmirlər”. Naşir hesab edir ki, kitabların təbliğatını
telekanallar, mətbuat aparmalıdır: «Kitab dövriyyəsi o qədər zəifdir və iri
nəşriyyatlar da yaranmayıb ki, o istiqamətdə işləsin. Gürcüstanda nəşriyyatlar
var ki, öz müəlliflərinin təbliğatına böyük vəsait xərcləyirlər. Ancaq bizdə
hələ o səviyyə yoxdur. Bu, bəzi hallarda olur, ancaq kütləvi hal almayıb».
Təranə Məhərrəmova