Texnologiyanın inkişafı ilə uşaqlarda kitab oxumağa maraq, demək olar ki, yoxdur. Çox az uşaq, məktəbli olar ki, android telefondan, kompüterdən və planşetdən uzaq dursun. Bunun uşağa nə qədər təsiri var? Uşaq ədəbiyyatını hazırki vəziyyəti necədir, təbliği hansı səviyyədədir? Ümumiyyətlə, kitaba marağın azalması nə ilə əlaqəlidir? Bütün bunlara cavab tapmaq üçün mütəxəssislərin fikirlərini öyrəndik.
"Uşaq ədəbiyyatına vicdanla yanaşmaq lazımdır"
Mövzu ilə bağlı qəzetimizə müsahibə verən "Ailəm" jurnalının redaktoru Aydın Ucal uşaq ədəbiyyatını ədəbiyyatın ən çətin sahəsi adlandırdı. Onun sözlərinə görə, uşaq ədəbiyyatı yazmaq üçün təkcə yazar olmaq kifayət deyil, həm də psixoloq olmaq lazımdır: "Çox təəssüflə deyim ki, son 100 ildə uşaq ədəbiyyatında heç bir uğur yoxdur. Bu gün belə uşaqları danışdıranda, təzə nə öyrəndiklərini soruşanda yenə də "Gəl-gəl ayaz günləri...", "Doğdu günəş qırmızı...", "Uşaq və buz", "Şəngülüm, şüngülüm və məngülüm", "Tülkü həccə gedir"dən danışırlar. Yəni əvvəl nə yazılıbsa, indi də onlardır, yeni bir şey yoxdur. Bu qədər mükafatlar, titullar verilir, amma ortada heç bir şey yoxdur".
Uşaq ədəbiyyatının təbliğ olunmaması haqda da danışan Aydın bəy qeyd etdi ki, uşaq ədəbiyyatına vicdanla yanaşmaq lazımdır: "Çünki biz bununla uşaqları tərbiyə edirik. Məsələn, Əbdürrəhimbəy Haqverdiyevin silsilə hekayələri var, Süleyman Sani Axundovun nağılları var. Bunları təbliğ eləmək lazımdır. Dediyim kimi, işi elə vicdanla görmək lazımdır ki, uşaqlar yeni nə isə öyrənə bilsinlər. Təbliğ etmək lazımdır, amma ortada hələ ki heç bir şey yoxdur".
"Nəyi oxutmaq qədər, nəyi oxutmamaq önəmlidir"
Kitab seçimində də uşağın yaşını nəzərə almağın vacibliyindən danışan redaktor bildirdi ki, uşaqlar həm də hər kitabı oxumamalıdırlar: "Bəzən oxunan kitab xeyir yox, zərər verir. Uşağın bədəni nə qədər kövrəkdirsə, həssasdırsa, düşüncələri də o qədər həssasdır. Uşağın oxuduğu bir şey günlərlə, aylarla onun zehnini məşğul edir. Ona görə də ona nəyi oxutmaq dərman vermək qədər mühüm məsələdir. Uşaq ədəbiyyatının çoxyönlü faydaları var".
Valideynlərin üzərində böyük məsuliyyət olduğunu deyən A. Ucalın sözlərinə görə, hər bir ata, ana uşağına həkim kimi yanaşmalıdır: "Ədəbiyyat seçərkən də diqqətli olmalıdır. Uşaq ədəbiyyatı belədir ki, nəyi oxutmaq qədər, nəyi oxutmamaq da önəmlidir".
"Texnologiya təbliğatsız hamımızın həyatına daxil olub"
Bugünkü uşaq ədəbiyyatının vəziyyətini, təxminən bu gün uşaq ədəbiyyatına olan oxucu marağının vəziyyətinə oxşadan yazıçı, şair Zahid Xəlil bildirdi ki, oxucu azlığı var: "Oxucular azdır, az olduğu kimi də uşaq ədəbiyyatı yaranır. Təkcə uşaq ədəbiyyatına yox, ümumiyyətlə, ədəbiyyata marağın azalması ilə həmahəngdir. Bu da həyatımızda baş verən hadisələrlə əlaqədardır. 1990-cı illərin hadisələri, kompüterin uşaqların həyatına çox geniş şəkildə daxil olması və s. bütün bunlar uşaq ədəbiyyatının həm oxunmasına marağı azaltdı, həm də onun yazılmasına marağı azaltdı. Çünki yazıçı görür ki, bunun oxucusu yoxdur, ona görə də davam etmir. İndi yazırlar yazmağına, o adamlar, doğrudan da, alqışa layiqdirlər. Yəni qonorar yox, çap eləyən yox, amma yazıçılar yazırlar. Bu, çox yaxşıdır. İndi, əlbəttə, oturub gözləməməliyik. Sevindirici hallar da var - Təhsil Nazirliyindən mənə tez-tez zəng edirlər ki, görüşlər keçirək, şagirdlərlə görüşün və s".
"Uşaqlarımızı qorumalıyıq"
Filologiya elmləri doktoru, professor Zahid Xəlil uşaq ədəbiyyatının təbliğinin də çox böyük əhəmiyyət kəsb etdiyini dedi. Onun sözlərinə görə, texnologiya təbliğatsız hamımızın həyatına daxil olub: "O elə güclüdür ki, elə bir tələbdir ki, heç bir təbliğata ehtiyacı yoxdur. Amma bizim işimiz elədir ki, biz təbliğ etməliyik. Çünki biz uşaqları kompüterin çəngindən ala bilməsək, uşaqların həm gözləri xarab olacaq, həm də, demək olar, uşaqların hamısı heç də onlara lazım olan şeylərə baxmırlar. Uşaqları bu məsələdə özbaşına buraxmaq çox qorxulu bir şeydir. Yeri gəlmişkən, Təhsil Nazirliyi yeni qərar çıxardı ki, məktəbə telefonla gəlmək qadağandır. Bir tərəfdən, uşaqda telefonun olması yaxşı şeydir, ona görə ki, valideynin uşağından xəbəri olur. Amma uşaqlardan telefonu yığmaq çox yaxşı haldır. Heç olmasa, uşaq dərsə qulaq asar. Uşaqlar sinifdə müəllimi dinləmir, axşama qədər telefonla oynayırlar, məktublaşırlar. Bu elə bir həyəcan doğuran səbəbdir ki, hesab edirəm ki, bunun öhdəsindən biz gəlməliyik, uşaqlarımızı qorumalıyıq".
"Məktəblərdə kitabxanalar yox dərəcəsindədir"
Valideynlərin məsuliyyətindən də danışan yazıçı Z. Xəlil bildirdi ki, məktəblərdə uşaqlarla tez-tez görüşür: "Məni məktəblərə dəvət edirlər, uşaqlarla görüşürəm. Amma deyirəm ki, məni uşaqlarla yox, valideynlərlə görüşdürün. Mən onlara uşaq ədəbiyyatının əhəmiyyətini başa salım. Niyə bizim başımıza bu işlər gəldi? Uşaqlar niyə ədəbiyyatdan uzaqlaşdılar? Bir səbəbi də odur ki, indiki valideynlər özləri oxumurlar, oxumayıblar. Onlar nağılın, uşaq əsərlərinin gözəlliyini dərk eləməyiblər. Ona görə fikirləşirlər ki, əşi, nağıl nədir ee, getsin kompüterini oynasın. İlk növbədə, valideynlərlə təbliğat işləri aparmaq lazımdır. İkincisi, müəllimlər də bunun vacibliyini anlamalıdırlar".
Məktəblərdə kitabxanaların olmamasından gileylənən professor qeyd etdi ki, bu, çox acınacaqlı hallardan biridir: "Məktəblərdə kitabxanalar yox dərəcəsindədir. Mən məktəblərə gedirəm, bəzilərində var, amma müasir uşaq ədəbiyyatımız orada yoxdur. Ümumiyyətlə, uşaq ədəbiyyatı məktəblərdə yoxdur. Uşaq ədəbiyyatı var, bizim özümüzdə də var. Bunlar uşaqlarımıza çatmadığına görə uşaqlar bizi qəbul edə bilmirlər. Ona görə də məktəb, müəllim, yazıçı bir nöqtəyə vurmalıdırlar. Bunun üçün cəmiyyət də, yuxarı təbəqələr də çalışmalıdırlar. Yazıçılar Birliyində, nazirlikdə nə isə bir proqram hazırlanmalıdır. Uşaqların təlim-tərbiyəsi və mütaliəsi ilə bağlı xüsusi proqrama ehtiyac var".
"İndi uşaq ədəbiyyatı qat-qat azdır"
Uşaq ədəbiyyatının strateji əhəmiyyətə malik sahə olduğunu deyən yazıçı, şair Rafiq Yusifoğlunun sözlərinə görə, tarixboyu bizdə bununla məşğul olanların hamısı pedaqoqlar olublar: "Sovet hökuməti dağılandan sonra uşaq ədəbiyyatı bir qədər arxa plana keçdi. Nəşriyyatlar, demək olar ki, öz fəaliyyətlərini dayandırdılar. Birbaşa dövlət vəsaiti hesabına uşaq kitabları nəşr edən nəşriyyatları nəzərdə tuturam. Ulu öndərin qayğısı nəticəsində Azərbaycan uşaq mətbuatı bataqlıqdan çıxdı. Yəni buna müəyyən vəsait ayrıldı, nəticədə kitablar tərcümə olundu. Amma sovet dövründəki ədəbiyyatla müqayisə edəndə, indi uşaq ədəbiyyatı qat-qat azdır. Uşaqların oxumağa marağı həddindən artıq azdır. Bunun əsas səbəblərindən biri, texnologiyanın inkişafıdır. Valideynlərdə də belə bir fikir formalaşıb ki, onsuz da internetdə hər şey var. Bu da internetdən böyük bir asılılıq əmələ gətirib".
R. Yusifoğlu problemlərimizin kökündə oxumamağımızın dayandığını dedi: "Valideynlər övladını bir jurnala, qəzetə abunə etmir, amma həmin pulu verirlər telefona, mədələrini xarab edən qidalara. Kitaba, jurnala pul vermək istəmirlər. Uşaqlar kitab, jurnal görəndə almaq istəyirlər, bəzən maneçilik törədən valideynlər olur. Bizim ən aparıcı ədəbiyyat jurnallarımızın tirajı əgər 100 dəfələrlə aşağı düşübsə, oxuyan yoxdursa, uşaq mətbuatının üstünə də günah atmaq mümkün deyil. Bu zəmanənin problemidir. Lakin bir məsələ var ki, bu problemi yaradan özümüzük. Fikrimcə, hər uşaq aylıq bir jurnal, bir qəzet alsa, bütün problemlər həll olunar".
"Zaman Azərbaycan"