“Yer üzünün əşrəfi insandır, əşrəflərin əşrəfi uşaqlardır...”
00:08 / 16.07.2011
Pərvinin həmsöhbəti şair Rafiq
Yusifoğludur.
Pərvin: Salam, Rafiq müəllim.
Rafiq Yusifoğlu: Salam,
Pərvin.
Pərvin: Rafiq müəllim,
fəaliyyətiniz çoxsahəli olsa da, söhbətimizə lirikanızdan başlamaq
istəyirəm. Ümumiyyətlə lirikanızda Füzulinin təsiri çox duyulur. Sizcə,
Azərbaycan ədəbiyyatı və tanınmış yazarımız olan Rafiq Yusifoğlu üçün Füzuli
kimdir?
Rafiq Yusifoğlu: Azərbaycan
ədəbiyyatı üçün Füzuli nəfəsdir, candır. Füzulini dərk eləmək ədəbiyyatı
dərk eləmək deməkdir. Nə vaxtsa özüm üçün yazdığım, çap olunmayan şeirim var
idi. İndi sən sual verəndə o şeirdən parça yadıma düşdü:
Desələr ki, bu dünyada
yüz il ömür sürəcəksən,
Çəkinmədən mən ömrümün yüz ilini
Öyrənməyə həsr edərdim Füzulini.
Füzuli ilə ilk tanışlığım ana babam Nuşirəvan Kərimovun vasitəsiylə
olmuşdur. O, şeirləri “İstiot” təxəllüsü ilə “Molla Nəsrəddin” jurnalında
çap olunan bir şair olub. Valideynlərim riyaziyyatçı idilər. Mənim
uşaqlıqdan ədəbiyyata marağımın yaranmasına məhz babamın Füzuli yaradıcılığı
ətrafında danışdıqları səbəb olub.
Pərvin: Yəqin ki, uşaq üçün
Füzulini dərk eləmək elə də asan iş deyil...
Rafiq Yusifoğlu: Əlbəttə...
Təkcə uşaq üçün yox! Hamı deyir, Füzuli böyük şairdi. Amma görünür,
professorlar daxil olmaqla bunu deyənlərin çoxu Füzulidən xəbərsizdi. Onun
şeiriyyatındakı sətraltı mənanı duymaq gücündə deyillər. Mənim üçünsə bu
prosess uzun bir yol keçib. Yəni sonralar Pedaqoji Universitetdə təhsil
alanda təməli babam tərəfindən qoyulan klassik ədəbiyyata, həmçinin də
Füzuliyə həvəsi burda müəllimlərim inkişaf etdirdilər. O yolu Mirzə Cavadla,
Ə.Dəmirçizadəylə keçdim. Özüm dərk etdikcə yaxınlarıma, oxucularıma da
təqdim etməyə çalışdım.
Pərvin: “Qəm karvanı” poemanız,
məncə, elə bu məqsədlə yazılıb...
Rafiq Yusifoğlu: Doğrudur.
Əsgərliyə gedəndə Füzulinin bir kitabını özümlə götürmüşdüm. Bir il
müddətində o kitabı oxudum. Bacardığım qədər dərk elədim. Belə bir ideya
beynimə gəldi ki, bəlkə Füzulinin şah beytlərini özümünküləşdirib sadə bir
dildə oxuculara çatdırım. “Qəm karvanı” poemasının da ilk səhifələri orda
yazıldı. Məni Füzulidən oğurluqda günahlandırmasınlar deyə poemanın adını da
“Füzuli danışır” qoymuşdum. İlk xeyir dua verən Məsud Əlioğlu olmuşdu.
Pərvin: Uzun illərdir ki,
“Göyərçin” jurnalının baş redaktorusunuz. Müasir uşaq ədəbiyyatı sahəsində
ardıcıl olaraq fəaliyyət göstərən azsaylı yazarlarımızdansınız. Ümumiyyətlə,
sizin üçün bu sahənin maraqlı tərəfləri nədən ibarətdi?
Rafiq Yusifoğlu: Bu
sahənin ən maraqlı tərəfi cəmiyyət tərəfindən pozulmamış, ləklənməmiş, ağ
lövhə olan insanlarla görüşmək, onların ən safı ilə işləmək imkanıdır.
Balacaları aldatmaq olmur. Bu baxımdan həmişə səmimi yazıram. Yer üzünün
əşrəfi insandır, əşrəflərin əşrəfi uşaqlardır. Mən həmişə deyirəm ki,
Azərbaycanda 9 iqlim qurşağı var, 10-cu iqlimi insan yaradır. 10-cu iqlim
gözəl deyilsə, 9 iqlimin heç bir mənası qalmır. O iqlimi gözəlləşdirməyə
məhz uşaqların zövqündən başlamalıyıq.
Pərvin: Son dövrlərdə inkişaf edən
nəsrin və poeziyanın fonunda uşaq ədəbiyyatı bir qədər sönük və donuq
görünür. Sizcə problem nədədir?
Rafiq Yusifoğlu: Mən
deməzdim. Düzdür, bu işlə məşqul olan adam çox deyil. Amma, Uşaq ədəbiyyatı
var, yaşayır. Uşaq ədəbiyyatı ilə dövlət səviyyəsində məşqul olmalıdırlar.
Cəmiyyətin gələcək taleyi uşaqlardan asılı olduğundan uşaq ədəbiyyatına çox
böyük ehtiyac var. Balacaları soy-kökünə bağlı insanlar kimi yetişdirməliyik.
Burda da şübhəsiz ki, ədəbiyyat əsas şərtdir. İndi əsas çatışmazlıq odur ki,
professionallar qalır kənarda, aşağı səviyyəli yazarlar uşaq şeirləri
yazırlar. Bu şeirlərin təbliğ olunması isə qorxuludur. Çünki, artıq
uşaqların zövqü o cür yazılmış şeirlərin səviyyəsində formalaşır.
Pərvin: Rafiq müəllim, istəyirəm
bir az müəllimlik fəaliyyətinizdən danışasınız...
Rafiq Yusifoğlu: (gülür)
Müəllimliyimdən sən də danışa bilərsən. Sevimli tələbələrimdən olmusan...
Pərvin: Mən çox danışa bilərəm.
Amma, sonra anam danlayacaq ki, heç kimə imkan vermirsən, elə özün
danışırsan... Yaxşısı budur, sual verim...
...Bilirsiz, həm bədii yaradıcılıq,
həm də pedaqogika ilə məşqul olan insanlar haqda belə bir fikir var ki,
sənəti güclü olan adam müəllim kimi zəif olur. Bunu belə izah edirlər ki,
enerjisinin çoxunu yaradıcılığa sərf edən insan müəllimliyə səthi baxır...
Bəs sizin üçün yaradıcılığa və müəllimliyə diqqət hansı nisbətdə
bölüşdürülür?
Rafiq Yusifoğlu: Maraqlı
sualdır! Sözsüz, birinci yerdə yaradıcılıq dayanır. Amma, yəqin
dərslərimizdən də müşahidə eləmisən ki, müəllimliyə də az yer vermirəm.
Qondarma modellər artıq öz gücünü itirib. Birinci növbədə “tələbəyə nəyi
verə bildim” sualı məni düşündürür. Dərsdə hansısa pedaqoji üsullarla xeyli
danışmaq olar. Belə olanda 90 dəqiqəlik mühazirədən sonra tələbənin yadında
heç nə qalmır. Əsas nə öyrətmək deyil, necə öyrətməkdir. Bu necəliyə
yaradıcılıq özü də müsbət təsir edir.
Pərvin: Dərslərimizdən birində
“Azadlıq” essenizdən danışmışdıq... Xatırlayıram ki, azadlığa fərqli
münasibət, qeyri-adi yanaşmanız var idi... Ümumiyyətlə, XX əsr ədəbiyyatı
daha çox daxili azadlıq təbliğatçısı olub. Amma, görünür, bir az ifrat
dərəcəyə çatdı bu təbliğat.
...Bu gün insanlar bir çox
eybəcərliklərin adını “azadlıq” qoyub əməllərinə haqq qazandırmağa
çalışırlar...
Rafiq Yusifoğlu: Cəmiyyətdə
azadlıqla, insan azadlığı fərqlidir bir az. İnsan İNSAN olduğunu dərk edirsə,
o azad ola bilməz. Nə mənada? Deyək ki, mən mühazirəyə idman paltarında
gəlmək istəyirəm... Bu mümkün deyil axı.... Yaxud başqa bu kimi balaca
məhdudiyyətlər. Dediyin “Azadlıq” essemdə yazmışdım: bir ana bətnindən o
biri ananın, yəni torpağın bətninə qədər insan yol gedir. Azadlıq bu
çərçivənin içindədi. İnsan özü də təbiətin tərkibidir. Əgər günəş azad
deyilsə, istədiyi yerdən batıb, istədiyi yerdən çıxa bilmirsə, dəniz azad
deyilsə, qanad açıb dağın başına qalxa bilmirsə... insan necə azad ola bilər?!
Azad ancaq düşüncə ola bilər. İnsan cəmiyyət içində yaşayırsa, ümumi
qaydalara riayət eləməlidir. Dünyanı dərk edən adam özünü tam mənasında azad
hiss edə bilməz.
Pərvin: Maraqlı məhəbbət lirikanız
var. Amma təsvir olunan hisslərin arxasındakı baş qəhrəman torpaqlarını,
doğma yurd-yuvasını itirmiş adamdır. Sizcə bütün bu itkiləri yaşamış insanın
içindəki gözəllik duyğusu, estetika hissi tam, bütöv ola bilərmi? Yoxsa,
hardasa yarımçıqlıq qalır?
Rafiq Yusifoğlu: Mənim
dediyiniz mövzuda, yəni ümumi desəm, itki mövzusunda şeirlərim lap çoxdur.
Bu şeirlərlə tanış olanlar bunlarda böyük ağrı olduğunu hər zaman
vurğulayırlar. Bu da əsasən, torpaqlarımızın itkisi ağrısıdır. Qaçqınları
qınayan bir qələm sahibinə yazmışdım:
Nə elin dağılıb, nə yurdun yanıb,
Həmişə üzdəsən, ay saman çöpü.
Mən bu ağrıları içimdə çəkən bir adamam. 1993-cü ilin avqust ayının 31-də
mənim doğulduğum Qubadlı torpağı düşmən tapdağı altına keçib. Həmin ayın
19-da mən ordaydım. Bu ağrıları çəkən bir adam kimi fikirləşirdim ki, heç
vaxt sevgi şeiri yazmaram. Amma zaman keçdi, tale elə gətirdi ki, mən Qızlar
Seminariyasında dərs deməyə başladım. Orda tələbələrim mənə təzyiq edirdilər
ki, ancaq uşaqları fikirləşirsiz, amma heç yeniyetmələri düşünmürsünüz.
Yeniyetmələr sevgi şeirləri oxumaq istəyirlər. Onda dərk elədim ki, həyat
davam edir və oxucunun istədiyini yazmaq lazımdır. Eşq əsas məhfumdur. Bütün
siyasətlərdən kənarda dayanır. Amma onun özündə də bir siyasət var. İnsanı
yaşatmaq siyasəti.
Pərvin: Bəs ürəkdən sevgi
tükənirsə, yaşamaq üçün başqa siyasətlərə əl atmaq ehtiyacı yaranır?
Rafiq Yusifoğlu: Ürəkdən
sevgi heç vaxt bitmir. Bu bilirsən nəyə bənzəyir? Bir dağın zirvəsinə baxıb
düşünürsən ki, orda dünya bitir. Amma o zirvəyə qalxanda görürsən ki, bundan
da yüksək zirvə var imiş. Bunu dərk eləməyin, o zirvəyə can atmağın özü də
səadətdir...
Pərvin: Ümumiyyətlə, insanlarda
səadət anlayışı daha çox sevinc, şadlıq hissi ilə assosasiya yaradır. Amma,
sizin şeirlərinizdən birində belə bir fikir var:
İlahi, sən məni məhrum eləmə
Hönkürüb ağlamaq səadətindən...
Rafiq Yusifoğlu: Səadət
də, göz yaşı da eyni yerdən qaynaqlanır. Qəm sevincin daha yaxşı qavranması
üçün bir vasitədir. Qəmlənməyi bacarmayan adam sevinməyin qədrini bilməz.
Təbiət hadisələri bir-birini necə əvəz edirsə, insan hissləri də o cürdür.
Özünü dərk edən insan bütün bu hissləri eyni dərəcədə qiymətləndirməlidir.
Tələbələrimə də bu məqamları həmişə izah etməyə çalışıram. Amma nədənsə,
indiki gənclik hər şeyə səthi yanaşmağa üstünlük verir.
Pərvin: Tələbələrinizə arzularınız...
Rafiq Yusifoğlu: Birinci
növbədə özlərini dərk etsinlər, ürəklərinin səsinə qulaq asmağı bacarsınlar.
Ağıllıların əhatəsində ağıllı, duyğuluların əhatəsində duyğulu olsunlar. Çox
oxusunlar. Amma oxumaq hələ anlamaq demək deyil. Oxuduqlarını anlamağı və
nəticə çıxarmağı öyrənsinlər.
Pərvin: Mənə arzunuz...
Rafiq Yusifoğlu: Sənə
gənc qələm sahibi kimi əsərlərindən ömrün boyu içində rahat-rahat yaşaya
biləcəyin bir saray ucaltmağı diləyirəm...