Şair, ədəbiyyatşünas, professor Rafiq Yusifoğlunu yazılarından xeyli
sonra tanımışam. Elə bu tanışlığa səbəb də yenə onun yazıları, xüsusilə uşaqlar
üçün yazdığı "Bayraq" şeiri olub. İstərdim, "Bayraq" şeirini ilk dəfə oxuyanda
necə hisslər keçirdiyimi, sevindiyimi paylaşım.
Bir gün dost evinə qonaq getmişdik. Onda mənim övladlarım məktəbə getmirdilər.
Burada uşaqların dərs kitablarına baxırdım. İkinci sinifin "Azərbaycan dili"
kitabını vərəqləməyə başladım və ilk səhifələrdə "Bayraq" şeiri qarşıma çıxdı.
Oxudum. Elə xoşuma gəldi ki, bir də oxudum və bir də, dönə-dönə... Və hələ də
ürəyimdə, bəzən də uşaqlar üçün həmin o sevimli "Bayraq" şeirini söyləyirəm.
Baxmayaraq ki, uşaqlar onu çoxdan əzbər bilirlər.... İstedadla yazılmış hər
hansı əsər bax belə, oxucunu özünə çəkir və bir daha onu tərk eləmir. Yoxsa
Vətən, Bayraq, Qarabağ adına yüzlərlə şeir yazılmayıbmı?
Rafiq Yusifoğlunun uşaq şeirləri maraqlı, cəlbedici və yaddaqalandır. Çünki o,
sözü elə sərrast, yerində və səmimiyyətlə deyir ki, oxucu onu asanlıqla qəbul
edir. Artıq suala, izaha ehtiyac qalmır... Onun şeirləri sanki bulaq suyu tək
dupdurudu, işıqlı və ürəkoxşayandı. "Uşaqlar üçün yazmaq o qədər də asan deyil".
Bu cümləni çox işlədirik. Bu baxımdan Rafiq müəllimin şeirləri bizim üçün bir
məktəbdi...
Müəllifin bu il ADPU-nin nəşriyyatında çapdan çıxmış "Nağıl qapısı" adlı kitabı
uşaqlarımız, müəllimlərimiz, ümumiyyətlə, hamımız üçün çox dəyərlidi. Çünki bu
kitabda illərin, bəlkə bir ömrün zəhməti var. "Nağıl qapısı" içindəki şeirlər,
poema, poema - nağıllarla zəngin bir şeir toplusudur. Kitabın redaktoru tanınmış
uşaq yazıçısı Zahid Xəlildir. Kitabda şeirlər xüsusi bir başlıqla oxucuya təqdim
olunur. İlk başlıq "Uşaq dünyası - işıq dünyası" adlanır və "Bərəkət bayrağı"
şeirilə başlayır:
Hamı fərəhlə baxır
Yurdumun bayrağına...
Göyqurşağı enibdir
Lələtəpə dağına?
Bu təpədən baxanda
Adamın gülür üzü...
Elə bil ki, sevinir
Yurdumun dağı, düzü...
Torpaqdan ayrı düşüb
Nə qədər zillət çəkdik.
Minaların yerində
Axır ki, zəmi əkdik.
Reallıqda olduğu kimi, şeirdə də düşməni torpağımızdan qovub çıxarır və minaların yerində zəmi əkir, şair... R.Yusifoğlu şeirlərinin diliylə uşaqlara Vətənimizi, tariximizi, mənəvi dəyərlərimizi elə gözəl anladır ki, cild-cild romanlar belə bunu bacarmaz. Axı təməl uşaqlıqdan qurulur və o vaxtdan inkişaf edir. Məsələn:
Nəvəm sevir muğamı,
Dinir tar, dinir kaman.
Xanəndə coşub yaman:
- Aman,
aman,
ay aman!
Bu misraları oxuyanda oxucunun üzünə təbəssüm qonur və bir daha muğama aşiq
olursan. Mən böyük oxucuları nəzərdə tuturam. Balacalar isə muğamın nə demək
olduğunu anlamağa başlayır...
Sonra "Tariximdən gələn səslər, Mənə doğma olan kəslər" başlığı altında şeirlər
təqdim olunur.
Yana-yana yaşayar
Abşeronda Yanardağ.
Dərdi böyük olanda,
Yanar torpaq, yanar dağ.
Və yaxud:
Çingiz çaldı "Qaval daş"ı,
Qobustana düşdü haray.
Daş üstündə mürgüləyən
Neçə şəkil vurdu halay.
Burlaxatun oda düşdü,
Salur Qazan yada düşdü.
Qaval daş dindi, elə bil
Əsrlərə səda düşdü...
Görün bu şeirlərdən uşaqlar tariximizlə bağlı nə qədər məlumat öyrənə
bilərlər... Uşaqlıqda əzbərlədiyimiz şeirlər bizim yadımızdan çıxırmı heç?
Rafiq müəllimin yazdığı şeirlər də unudulmaz olur və qəlbimizdə təkrar olunur...
"Şuşa nəğmələri" adlı növbəti başlıq altında verilmiş şeirlərə baxaq.
Dindirsən oxuyacaq,
Qalalar himə bənddi.
Vurulmuşam Şuşaya,
Həm şəhərdi, həm kənddi.
... Binalar addımlayır,
Gedir üzü sabaha.
Qala divarlarına
Bu şəhər sığmır daha.
Gözəl günü öndədi,
Hələ qönçədi Şu şa.
Dağların əllərində
Sanki xonçadı Şuşa.
1986-cı ildə yazılmış bu gözəl şeir həm də ürəyimizi ağrıdır. Heç dağların əllərində xonça kimi yaraşıqlı, əziz, əsrarəngiz, "Azərbaycanın kanservatoriyası" olan belə möhtəşəm bir şəhəri yağı əlində qoymaq olarmı? Bu şeirdə bir cəngi havası var və o, mübarizəyə, qələbəyə səsləyir bizi...
Təbiət yaddaşında
Neçə şux səs yaşadır.
Qarabağ torpağının
Zənguləsi Şuşadır.
... Gözəldi, çox gözəldi və həqiqətdi bu...
Oynamaq istəmirdim,
Utanırdım düzü mən.
Bir də gördüm meydanda
Qol götürüb süzürəm.
Bu nə iş idi düşdüm,
Yanaqlarım yanırdı.
Rəqs qurtaranda, Şuşa
Başıma fırlanırdı...
İndi də oynayırıq "Tərəkəmə", "Heyvagülü", "Süleymani" rəqslərinə, hələ Qarabağ
adına yazılmış mahnılara da. Amma bu o oynamaq deyil, həm də hönkür-hönkür
ağlamaqdı... Və biz acı göz yaşlarını silib bu dağı qəlbimizdən siləcəyimiz
günlər üçün yaşayırıq....
"Havam, suyum, torpağım, Otum, gülüm, yarpağım" bölümündəki şeirləri də nəzərdən
keçirək.
Bulağın səxavəti
Kaş ki, hamıda ola.
Qapısına gələni
Əliboş salmaz yola.
İç, nə qədər içirsən,
Qablarını da doldur.
Qəlbi açıq olanın
Varı-dövləti boldur.
Təbiətin diliylə həm də bizi tərbiyələndirir müəllif. İnsan paylaşdıqca, başqalarına yararlı olduqca özü də xöşbəxt olur, deyilmi?
Budağa bax, budağa,
Hey ucalır, qalxır o.
Boylanıb pəncərədən
Evimizə baxır o.
Deyirəm ki, utanma,
Keç içəri, ay budaq.
Evdə tək darıxıram
Gəl birlikdə oynayaq.
Yalvarıram nə qədər,
Bəs niyə baxmır sözə?
Yəqin anası ağac
Onu buraxmır bizə.
Bu şeiri kitabdan əvvəl mətbuatda oxumuşdum və çox xoşuma gəlmişdi. Demə, ağacın da anası varmış və o da öz balasını qoruyur beləcə... Rafiq müəllimin şeirləri bax belə insanın ruhunu oxşayır...
Gör nə tapıb gətirib
Evimizə Gülüzə:
Quşu uçmuş yuvadı,
Gilizə bax, gilizə.
İçindəki qurğuşun
Hara gedib? - Uy, uy, uy!
Görəsən, hansı quşun
Sinəsində uyuyur?
"Bu yuvadan uçan quş"
Axı kimə gərəkdi?
O gilizin içində
Balaca bir gül əkdim.
Giliz güldana döndü,
Güllə gül olub bitdi.
Uşaqların üzündən
Kədər buludu itdi.
Bu şeir içindəki məna yükü ilə oxucunu təsirləndirir. Müəllif bu kiçik şeirlə o
adamlara, (Ona görə adam deyirəm ki, insan müharibə eləməz) demək istəyir ki,
müharibə insan adına yaraşmır, uşaqlara, quşlara güllə atan insan ola bilməz
əsla... Gül güllədən gözəldi axı, quşlar, uşaqlar dünyanın cövhəridi axı!
Mina RƏŞİD