Darıxdırıcı nağıllarmı, yoxsa maraqlı oyunlarla zəngin mobil telefonlarmı?
Bu gün ölkəmizdə uşaq ədəbiyyatının çox ciddi problemləri var. Uşaqlar bu gün
nağıla deyil, internetə, sosial şəbəkələrə meyil göstərirlər.
Mütəxəssislər hesab edirlər ki, kitab oxumaq vərdişi insanlarda körpəlikdən
formalaşdırılmalıdır. Çünki kitab uşağın zehni, hissi, sosial və dil baxımından
inkişafında önəmli bir xəbərdarlıq və tədris vasitəsidir. Türk alimlərin
araşdırmalarına görə, kitablar uşağın inkişafında önəmli yer tuturlar. Belə ki,
erkən yaşlardan kitaba maraq oyatmaq uşağın yaradıcı təxəyyül gücünü
genişləndirir, uşağı yavaş-yavaş həyatın gerçəkliklərinə hazırlamaqda köməkçi
olur, söz ehtiyatını artırdığı üçün uşağın duyğu və düşüncələrini ifadə etməsinə
imkan yaradır, dinləmək qabiliyyətini formalaşdırır və uşaqda mütaliə sevgisini
yaradır. Bəs görəsən, Azərbaycanda uşaqlar arasında mütaliə qabiliyyəti
formalaşıbmı? Ümumiyyətlə, ölkədə uşaq ədəbiyyatı hansı səviyyədədir
Mütaliə baxımından o şəxsləri şanslı saymaq olar ki, onlar məktəbə getdikləri
ilk illərdən çox oxumağa başlayıblar, təkcə dərs tapşırığı yox, yaşlarına uyğun
bədii ədəbiyyat və s. Adətən yazı yazmaq qabiliyyəti olan, istedadlı roman,
hekayə, köşə yaza bilən yazıçılar uşaq ikən oxumuş insanlardır. Valideynlərin
mütaliəli olması da öz sözünü deyir. Anasından bir kərə olsun nağıl, hekayə
dinləməyən uşaqlar yaşıdlarından daha savadsız olur. Nağıllar, uşaq ədəbiyyatı
seriyasından kitablar, elmi-fantastik əsərlər uşaq təfəkkürünü sürətlə inkişaf
etdirən ədəbi vasitələrdir.
Biz də bu gün uşaq ədəbiyyatına marağın azlığını görüb, bu barədə
mütəxəssislərdən xəbər aldıq. Onlar da vəziyyətin heç də ürəkaçan olmadığını
qeyd etdilər.
Göyərçin jurnalının baş redaktoru, elmlər doktoru, əməkdar mədəniyyət işçisi
Rafiq Yusifoğlu bizimlə söhbətində Azərbaycan uşaq ədəbiyyatının yazarlarının
indi də çoxluq təşkil etdiyini bildirdi: Azərbaycan uşaq ədəbiyyatı yazarları
diqqətdən kənardadır. Çətinliyimiz isə yayımla bağlı olan məsələlərdəndir. Ancaq
düşünürəm ki, uşaq ədəbiyyatı yoxdur ifadəsi heç də düzgün deyil. Son dərəcə
yüksək potensialı olan uşaq nağıl yazarlarımız var. Onlara İlyas Tapdıq, Zaur
Xəlili, Qəşəm İsabəyli, regionlardan Ələsgər Əlioğlu, Sevinc Nuruqızı, Ələmdar
Quluzadə və başqaları uşaq ədəbiyyatı ilə ciddi şəkildə məşğul olurlar. Onların
kitabları çap olunsa da, ancaq onlar az tirajla çap olunur. Uşaqlar üçün çap
olunan balaca bir kitab böyüklər üçün çap olunan 10 kitabın həcmi qədər pul
tutur. Bunun üçün müəlliflərin gücü çatmır ki, onları yüksək səviyyədə çap
etsinlər və oxuculara təqdim etsinlər. Bu da uşaq ədəbiyyatının inkişafına
maneçilik yaradır. İndi uşaq mətbuatının tirajı ilə böyük mətbuatın tirajı o
qədər də fərqlənmir.
R.Yusifoğlu uşaq ədəbiyyatının strateji əhəmiyyətə malik olan bir sahə olduğunu
deyir. Belə ki, uşaq ədəbiyyatı böyüklər üçün hazırlanan ədəbiyyatdan heç də az
əhəmiyyət kəsb etmir. Uşaqlar öz ədəbiyyatlarını oxumalı, mədəniyyətlərindən
xəbəri olmalıdır: Bu gün uşaq ədəbiyyatını oxumayan azyaşlılar sabah heç bədii
ədəbiyyatı da oxumayacaqlar. Özüm də uzun müddətdir ki, uşaq ədəbiyyatı ilə
ciddi məşğul oluram. Uşaq ədəbiyyatının təbliğatı demək olar ki, yox
dərəcəsindədir. İldə bir dəfə qəzetdə xəbər çıxır ki, uşaq ədəbiyyatı haqqında
hansısa bir müəllifin hansısa bir kitabı çap olunub. İldə bir dəfə yada düşür
ki, beynəlxalq uşaq ədəbiyyatı günüdür. Hər vaxt uşaq ədəbiyyatı diqqətdə
olmalıdır. İndi internet əsridir. Uşaqlar internet vasitəsi ilə başlarını
qatırlar. Düzdür, çap olunuruq, dövlət qayğısı var, ancaq yayım məsələsində
böyük problemlərlə üzləşirik. Bu məsələ beş-on adamın işi deyil. Uşaq
ədəbiyyatının inkişafı üçün ciddi addımlar atılmalıdır. Rusların kitablarına
baxıram və onlara qibtə edirəm. Yeni nəslin uşaq ədəbiyyatına gəlməməsi
düşündürücü məsələdir. Yeni uşaq yazarlarını həvəsləndirmək lazımdır. O da
hazırki şəraitdə mümkün deyil. Uşaq ədəbiyyatı çox geridə qalıb. Hər şeyin
gözəlini biz uşaqlara veririk, ancaq bu sahə çox arxada qalıb. Hər şey
valideynlərin özündən asılıdır.
Uşaq yazıçısı, Sehrli dünya uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova
Kaspiyə açıqlamasında dünyanın inkişaf etmiş ölkələrində uşaq ədəbiyyatını
özümüzə nümunə götürüb, öz ədəbiyyatımızı inkişaf etdirə biləcəyimizi deyir:
Keçid dövrü hər şeyə təsir göstərdiyi kimi uşaq ədəbiyyatından da yan keçməyib.
Uşaqlar özləri gedib mağazadan nağıl kitabını alıb oxumur. Onu valideyn edir.
Əvvəllər klassik əsərlər yazılırdı. Onlar da həmin dövrdə yaşayan uşaqlara həsr
olunurdu. İndiki uşaqlar o nağılları oxuyanda artıq o nağıllar darıxdırıcı
gəlir. Uşaqları cəlb etmək üçün nağıllarda müəyyən dəyişikliklər də olunmalıdır.
Bugünkü uşağın səviyyəsinə uyğun onun maraqlarını qarşılamalıyıq. Dünya
görüşünün artması, maariflənməsi üçün uşaq ədəbiyyatı vacib şərtlərdəndir. Uşağa
elə bir kitab təqdim etməlisən ki, o kitabı əlinə alanda darıxmasın. Uşaqlar
kitabları çox xoşlayırlar. Sadəcə olaraq uşaqlara kitabdan öncə planşet,
noutbook verəndə o bütün marağını onlara yönəldir və belə olan halda uşaq
səbirsiz olur, nağıl oxumaq istəmir. Əgər uşaq kitab oxumağa meylli deyilsə,
günahı valideyn özündə axtarmalıdır. Valideyn saatlarla telefonla oynayırsa,
sevgisini telefona göstərirsə, uşaq da valideynin sevdiyini sevəcək. O uşağını
yanında əyləşdirib həvəslə maraqlı nağıl oxuyarsa o zaman uşaq ədəbiyyatı sevər.
Əgər valideyn uşağa nağıl danışa bilmirsə, o uşağa kitabı necə sevdirmək olar.
Əgər uşaq az yaşlarında kitab oxumursa, o heç zaman ziyalı ola bilməz.
ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın sözlərinə görə,
ilk növbədə uşaqlara təqdim olunan ədəbiyyatın nə dərəcədə, hansı formada təqdim
olunmasına nəzarət etmək lazımdır: İnternetin bu qədər yüksək inkişaf etdiyi
bir halda hansısa nəşrlə, yayımla problemlər yaranır. Düşünürəm ki, bu nağıllar
internet vasitəsi ilə yayımlansa, oxucuların sayı çoxalar. Bu gün KİV tərəfindən
uşaq ədəbiyyatının təbliğatı varsa, televiziyada müəyyən verilişlər ədəbi
əsərlərlə bağlı, ədəbiyyatla bağlı hansısa verilişlər olsaydı, onda daha yaxşı
olardı. Uşaqları ədəbiyyata daha da yaxın tutmuş olardıq. Əgər sən ədəbiyyatı
uşağa təqdim edirsənsə, onda uşaq ədəbiyyata maraq göstərir.
Artıq bir neçə ildir ki, uşaqlarla işlədiklərini söyləyən İ.Yaqubova uşaqların
nağıllara qarşı maraqlı dinləyici olduğunu deyir: Uşaqlarla görüşəndə, onlara
hansısa bir əsər barədə danışanda o qədər maraqla dinləyirlər ki, görüş bitəndən
sonra müraciətlər olur ki, bu əsərlərlə bağlı materialı haradan əldə edə
bilərik. Bu gün uşaq yazarlarının sayı 20 il bundan qabaqkı yazarlardan qat-qat
azdır. Hər şey ədəbiyyatın təqdimatından asılıdır. Bizdə elə hesab edirlər ki,
böyüklərlə bağlı hər hansı bir sahəyə diqqət yetirmək lazımdır. Fikirləşmirik
ki, bu günkü böyüklər dünənin uşaqlarıdır. Kiçik yaşlarında onlara kitab oxumağı
öyrətmiriksə, onlarda belə bir vərdiş yaratmırıqsa, böyüyəndə onlar nə ədəbiyyat
oxuyacaqlar, nə də bu sahəyə maraqları olacaq. Belə olan halda onların
dünyagörüşü, savadı, danışıq qabiliyyəti formalaşmır. Ədəbiyyat insana ilk
növbədə dünyada baş verən hər hansı hadisə ilə bağlı məlumatlarla barədə
təəssüratlar yaranır.
Müsahibimiz kitab oxuyan uşağın düzgün, səlis, savadlı danışdığını deyir:
Bunların hamısının kiçik yaşda təqdim olunması çox gözəl olardı. Uşaq
ədəbiyyatı bu gün çox lazımlı və zəruri məsələdir. Nəyə görə isə biznes adamları
bu sahəyə yatırım etmirlər. Söyləyirlər ki, bu elə də gəlirli sahə deyil. Sovet
dövründə uşaq ədəbiyyatı hər zaman ucuz nəşr olunurdu. Kitablar çox ucuz qiymətə
satılırdı. Təsəvvür edin 3 qəpiyə kiçik formatda uşaq kitabları almaq mümkün
idi. o zaman bir qəpiyə kibrit qutusu verirdilər. 3-5 qəpiyə isə uşaq kitabı
alırdıq. Uşaq ədəbiyyatı daha ucuz olsa, ucuz şəkildə nəşr olunsa, o zaman
alıcılar üçün də qiymətlər əlçatan olar və o kitabların yazılması üçün də daha
yaxşı şərait yaranar.
Göründüyü kimi, kitab oxumaq vərdişi öncə ailədə qazanılır. Bu səbəbdən də
valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona ucadan kitab oxumalı və
özləri də kitab oxuyaraq uşağa əsl örnək olmalıdırlar. Almaniyalı pedaqoqların
fikirlərinə görə, nağıllara inamın öldüyü gün uşaqların inkişafı dayanacaq. İndi
bir çox valideyn uşaqların daha nağıllara inanmadığından şikayətçidir. Bu inamı
yaşatmaq üçünsə uşaq ədəbiyyatının nəşrini gücləndirmək, səmərəli təcrübələrdən
yararlanmaq və bu vərdişi uşaqlara aşılamaq lazımdır.
Xəyalə Rəis