RAFİQ YUSİFOĞLU VƏ ONUN "NAĞIL QAPISI"

Hər bir kitab haqqında oxucu sözü təbii ki, təkcə təbliğ deyil, həm də bu kitaba oxucu münasibətidir, oxucu diqqətidir. Yəni nəyinsə barəsində danışırsansa, deməli, ən azından onun barəsində bilgin var, məlumatlısan. Məlumatlı olmaq isə həm özünün zənginliyindir, həm də oxuduğun kitabdan mənimsədiyinin səndə yaratdığı əlavə bilgi deməkdir. Bax, bir az fikir qarışıqlığı kimi görünsə də, amma tam bir aydınlıq yaratmaq və o aydınlığın içərisindəki bütün çalarları, bütün cizgiləri görmək naminə bir az özünə əziyyət vermək, bir az sözün qatlarına işıq salmaq gərək olur. Onu bacaranda təbii ki, oxuduğunun mahiyyəti də ortaya çıxır və anlayırsan ki, sərf etdiyin zaman kəsiyi səni mükafatlandırıb, səni sevindirib...

Adətən hər bir kitabını maraqla qarşıladığım və bir az da yaş, ədəbi nəsil baxımından özümə doğma bildiyim professor, ədəbiyyatşünas alim, həm də kifayət qədər oturuşmuş şair Rafiq Yusifoğlu mənim üçün sözün bütün məziyyətlərini oxucuya çatdırmaq, oxucuya sevdirmək qüdrətində olan bir söz yaradıcısıdır. Yəni həqiqi mənada Rafiq Yusifoğlu sözü yaradır, onun bütün moderini, bütün cismini əzaları ilə birlikdə elə ifadə edir ki, oxucu həm sözü görür, həm sözə toxunur, həm də sözlə həmsöhbət olur. Bu da zənnimcə Rafiq Yusifoğlunun sözə təkcə sevgisindən yox, həm də sözə özünü həsr etməsindən irəli gəlir.

Şair dostumun sonuncu kitabının adı "Nağıl qapısı"dır. Bu kitabda onun uşaqlar üçün yazdığı yeni şeirləri toplanıbdır. Bir neçə fəsildən ibarət olan bu kitabda bir uşaq dünyası özünü ifadə edə bilib. İstər kiçik şeirlərdə, istər poema-nağıllarda Rafiq Yusifoğlu obrazlı desəm, özü də "uşaqlaşıb, məsumlaşıb".

Onların dünyasının təkcə şahidinə yox, həm də dünyanı ifadə edən hazırcavab, necə deyərlər, dilli-dilavər uşağa çevrilib.

Ona görə də şeirləri, poema-nağılları oxuyanda sənə elə gəlir ki, bunları əvvəldə vurğuladığım kimi ağıllı, düşüncəli, dərrakəli və həm də hazırcavab bir uşaq sənə söyləyir. Bax, şairin də ustalığı, söz yaratmaq qüdrəti burdan qaynaqlanır. O, uşaqların iç dünyasını görür. Üstəlik, o iç dünyaya özünün uşaqlara olan arzusunu da, sevgisini də naxışlayıb. Məsələn:

Şairin kitabda toplanmış şeirlərini oxuduqca bəzən adam hissə qapılır. Özünün də xəbəri olmadan həmin o uşaq dünyasının bir üzvünə çevrilir. Və uşaqlığın xatirələri, uşaqlığın bir-birindən gözəl anları səni də elə bir not üzərində kökləyir ki, sən də həmin o uşaqlar kimi meşənin ağacların şəhəri olduğuna inanırsan.

Hər ağacın qarşısında

Ehtiramla ayaq saxla.

Burda nə qədər ağac var,

Qurtararmı sanamaqla?!

 

Qəlbimizə fərəh doğur,

Uzandıqca meşə yolu.

Şəhərin adamı çoxdu,

Meşənin ağacı, kolu.

 

Biz meşəyə gedən zaman

Bir günəşli səhər idi.

Oğlum dedi:

- Yəqin meşə

Ağacların şəhəridi...

Həqiqətən də hərdən ucu-bucağı görünməyən və qollarını açıb qucaqlamaq istədiyin, barmağını uzadıb saymağa çalışdığın ağacların sayı-hesabı səni həm çaşdırır, həm təəccübləndirir, həm də meşənin şəhər olduğuna (axı şəhərdə də evləri saymaq uşaqların gücündə deyil və onları heyrətləndirir - Ə.M.) inanırsan.

Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı bütün şeirlərində mövzu bolluğu var. Yəni o, uşaqlara daşı da, ağacı da, heyvanat aləmini də, çayı da, dənizi də, çeşməni də, hətta buludu da, yağışı da və bütövlükdə təbiəti və coğrafiyanı da o qədər ustalıqla təqdim edir ki, uşaqlar canlı təbiətlə təmas qura bilirlər.

Və onlar təbiətin bu qədər zənginliyi qarşısında həm təəccüblənilər, həm də bu təəccübün içərisində bir sevinc də yaşayırlar.

Anqut yaman sevinir,

Salamat çıxıb qışdan.

Yuva qurub özünə,

Su otundan, qamışdan.

 

O yuvanı tap görüm

Tələsmə, düşün bir az.

Anqut kolda, ağacda,

Torpaqda yuva qurmaz.

 

Axtarıram, gəzirəm

Mən onu bir həftədir.

Yuvası bu gün burda,

Sabah o tərəfdədi.

 

Gəzəyəndi bu yuva

Qoşulur əsən yerə.

Üzür belədən elə,

Üzür elədən belə...

 

Və yaxud:

 

Bizi qonaq çağırıb

Evinə Beken dayı.

Ürəyi ovsunlayır

Dost sovqatı, dost payı.

 

Sevincindən uçur o

Yer də tapmır özünə.

Qəlbi tək süfrəsi də

Açıqdı dost üzünə.

 


Xəmir yayılır sonra

Doğranır yarpaq-yarpaq.

Üstünə ət döşənib,

Ətrinə, dadına bax?!

 

Hey buğlanır ortada

Süfrə şahı - beşbarmaq.

Çəngələ nə ehtiyac,

Əgər varsa beşbarmaq?

 


Deyib gülür dostumuz,

Di durmayın, tələsin!

Beşbarmaqla tığlanır

Bir anda ət təpəsi.


Gülür:

- Bizdə məsəl var

Qulaq asın diqqətlə.

"Qazaxla canavarı

Doydurmaq olmaz ətlə".

 

Zarafat-zarafata

Qoşulur, üzlər gülür.

Yan otaqdan tanburun

Qəlb açan səsi gəlir...

 

Bu şeirdə söhbət dost, qardaş bir xalqın adət-ənənəsindən, onların süfrə mədəniyyətindən gedir. Və deməli, şeir diliylə şair öz oxucusunu Qazax xalqının məişəti ilə də tanış edir. Sadə, amma uşağı inandıra biləcək misralar göz önünə ev sahibini də, onun açdığı süfrəni də, həmin musiqi alətini gətirmək imkanı verir. Bax elə əvvəldə vurğuladığım kimi, bütün bunlar Rafiq Yusifoğlunun sözlə işləmək bacarığını, uşaq dünyasının tələblərini, istəklərini ifadə etmək məharətini göstərir.

Mən dostumun "Nağıl qapısı" kitabını təkcə özüm üçün yox, həm də nəvələrim üçün oxuyanda onların gözlərini necə heyrətlə açdıqlarını, mənə necə maraqla qulaq asdıqlarını diqqətdən yayındırmadım. Hiss etdim ki, bu uşaqlar şairin nağıl dilinə artıq hardasa aludə olublar. Və elə hesab edirlər ki, onlara kitabdan oxuduqlarımı mən özüm danışıram, onlarla mən həmsöhbətəm. Deməli, bu da onu göstərir ki, Rafiq Yusifoğlu istəyinə çatıb, oxucusunu inandırmağı bacarıbdı. Bax, bütün bunlara görə, mən həm bir oxucu, həm də bir dost kimi sevinir və Rafiq Yusifoğlunu təbrik etməyi ürəyimdən keçirirəm. Ümumiyyətlə, kitabdakı bütün şeir və poemalar öz rəngarəngliyilə, xüsusən də uşaqların maraqla seyr etdikləri cizgi filmlərindəki kimi ovqat yaratmaq üslubuyla çox təqdirəlayiqdir, çox uğurludur. Məsələn:

 

Gör nə tapıb gətirib

Evimizə Gülüzə:

Quşu uçmuş yuvadı

Gilizə bax, gilizə.

 

İçindəki qurğuşun

Hara gedib? uy, uy, uy!

Görəsən hansı quşun

Sinəsində uyuyur?

 

"Bu yuvadan uçan quş"

Axı kimə gərəkdi?

O gilizin içində

Balaca bir gül əkdim.

 

Giliz güldana döndü

Güllə gül olub bitdi.

Uşaqların üzündən

Kədər buludu itdi.

 

Zənnimcə, bu şeirdəki bütün mənzərəni şərh etməyə ehtiyac yoxdur. Yalnız gilizin ölüm daşıyıcısından güldana çevrilməsini izah etmək, özü də bu səviyyədə çatdırmaq artıq şair uğurudur. Ona görə də uğurlar bol olsun, Rafiq Yusifoğlu! - deyirəm.


 

Dənizə bax, dənizə,

Dalğalar elə bil ki,

Ağ bayraqdı əlində.

Dəniz yaman hirslənib,

Nərə çəkir, bəs demir.

Ağ bayraq qaldırsa da,

Təslim olmaq istəmir.

 

Bu şeirdəki dəniz mənzərəsini gözünüzün önünə gətirə bildinizmi? Dalğaların şahə qalxdığını gördünüzmü? Təbii ki, bunlar həqiqətən göz önünə gəlir və görünür. Bax, elə qələmin peşəkarlığı, qələmin qüdrəti burda ortaya çıxır. Və yaxud:


- Ağacların budağını

Bəzəyibdi yenə bahar.

Əncir niyə çiçəkləmir,

Heç çiçəksiz barmı olar?

 

- Niyə olmur, meyvəyə bax,

Gözə dəyir orda-burda.

Budaqlara yarpaqla bir

Bəhər qonub yaşıl, xırda.

 

- Çiçəksiz bar olmaz axı,

Yaxşı-yaxşı düşün barı.

- Öz içində çiçəkləyir,

Yəqin əncir ağacları.

Bax, bu şeirin özü uşaqların maraq dünyasının obrazlı ifadəsidi. Çünki əncir ağacının çiçəyini görmək mənə elə gəlir ki, kiməsə müəssər olmayıb. Olmayan bir şey haqqında uşaqda təsəvvür yaratmaq və onu da o qədər sadə bir formada ifadə etmək nəhayət, dediyinə uşağı inandırmaq... Təbii ki, bütün bunlar hər bir qələm adamına nəsib olmur. Bunu etmək üçün qələm adamının özünün də bilgisi, məlumatı, təbiətlə təması yetərincə olmalıdır. Özü bilməlidir ki, başqasına da öyrədə bilsin. O anlamda Rafiq Yusifoğlunun müraciət etdiyi, daha doğrusu, uşaqların qarşısına çıxardığı bütün mövzularda bilgi və səmimiyyət əsas yeri tutur. Yəni şeirlər uşaqların dərc edə biləcəyi bir səmimiyyətlə təqdim olunur, ikincisi, həmin mövzuların hamısı reallığa, bilgiyə söykənir.