Ədəbi mühitdə kifayət qədər sayılıb-seçilən və sevilən tanınmış imzalarından
olan filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunun "Cəh-Cəh" kitabını
oxucularımıza gözəl bir ədəbiyyat nümunəsi kimi təqdim edirəm.
Bu kitab haqqında yazmaq məsuliyyətinin vahiməsi məni üstələsə də, öz
fikirlərimi ifadə etmək həvəsi mənə qalib gəldi. Digər kitablarında olduğu kimi,
bu topludakı şeirlərində də hadisələri, əhvalatları təkcə insan amili ilə
yekunlaşdırmır, insanın mənəvi dünyası ilə əlaqədar özünəməxsus şərhlər verir,
sətraltı informasiyalarla oxucuya müəyyən eyham vurur. Kitabı mütaliyə etdikdən
sonra görürsən ki, R.Yusifoğlunun dil ehtiyatı zəngindir, çünki şairin insan
kimi tələbkar, təvazökar, istdedadlı və zəhmətkeş ruhu onun üslubuna və ədəbi
lüğətinə təsir göstərmişdir.
Bu kitabı əvvəldən axıra kimi 2-3 dəfə heca-heca, misra-misra oxumağıma
baxmayaraq, növbəti dəfə oxuyarkən ilk dəfə oxuyurmuş, tamamilə dərk etmədiyim
fikirlərə rast gəlirəm. Sadəcə şairin fərqli deyim tərzinə, orijinal üslubuna
heyran qalıram. Şairin ürəyimizə nüfuz edən sətraltı mənalarında, acı
eyhamlarında, həzin ovqatında, oxucuda tanış olmayan duyğuları oyatmaq
bacarığında - insan münasibətindəki ziddiyyətləri duymaq, oxucu qəlbinin
qaranlıq guşələrinə nüfuz etmək, fərqlilik, orijinallıq və şairin heç kimə
bənzəməyən dəsti-xətti və imzası var. Səbəbi? Səbəb birdir: istedadı, eləcə də
xalq həyatını, folkloru, tariximizi, insan təbiətinin dərinliyini bilməsi və
əlbəttə gözəl qələmi... Bir nümunəyə diqqət edək:
Üzünə təbəssüm qonub,
Ruhu çevrilib kölgəyə.
O, ucadan nəzər salır
Qurub tikdiyi ölkəyə...
Kimin həddi var ki,
burda Ağac kəsə,
ya gül dərə...
Sanki rəhbərin heykəli
Keşik çəkir çiçəklərə...
- şairin Ulu Öndərə rəğbətinin kökündə də yenə Vətənə tükənməz sevgisi dayanır.
O, misralarında Ulu Öndəri əzizləyir, onun məğrur heykəlini əzəmət simvolu kimi
təqdim edir, göstərir ki, hətta ölümündən sonra da Ulu Öndərin ruhu xalqına
bağlıdır, parkda ucaldılan abidəsi belə, sanki vətəninin hər daşına, hər
çiçəyinə, xalqına keşik çəkir, onun təbiətini, gözəlliyini qoruyur.
R.Yusifoğlu əsərlərindəki vətənpərvərlik motivini ayrı-ayrı şeirlərində
təkrarən, lakin hər dəfə yeni fikirlərlə ifdəsini görürük. Məni bir oxucu və
Azərbaycan vətəndaşı kimi mütəəssir edən daha bir şeirinə diqqət edək:
Xoş gəlmisən, təzə il,
Bizim odlar elinə!
Ümidimiz sənədi,
Dön zəfərlər ilinə!
Düşməni çör-çöp kimi
Aparsın dəli sellər.
Qayıtsın yuvasına
Bizim obalar, ellər...
Bu şeirin yazılma tarixinə baxsaq, bir il öncə qələmə aldığını görərik. Burada
məni ən çox şairin uzagörənliyi duyğulandırdı, doğrudan da, 3000-ə yaxın şəhidin
qanı, canı bahasına zəfər ilinə döndü bu il, tariximizi qızıl hərflərlə yenidən
yazdıq, Bu şeirində də, obrazlılığa, bədiiliyə, sətiraltı mənaya xüsusi
tələbkarlıqla yanaşan şair həssas uzaqgörənliyi ilə bədii zövqümüzü,
duyğularımızı qidalandırır və cilalayır.
Dik dur, şəhid balası!
Ucalt nifrət qalası.
Tökülən bir gilə qan
Deyil yerdə qalası.
Bu şeirdə də eyni etirazı, eyni münasibəti görürük.. Bu sətirlərin zahirən sakit
görünüşü arxasında şair qəlbinin ağrıları, sızıltılarını və düşmənə nifrətini
duyuruq, gözlərimizin qarşısına böynübükük, gözü yaşlı, isti yuvası pərən-pərən
olmuş şəhid balası gəlir, düşmənə nifrət hissimiz alovlanır, şairlə birgə
ağlayır, şəhid övladının halına acı-acı yanırıq.
Sayır vətənsiz keçən
Həftələri, ayları...
Yaddaşında kükrəyir
Hey xatirə çayları...
Mən Sakit okeanda
Xəzərimi düşündüm.
Həsrət yelləri əsdi,
Yay günündə üşüdüm...
Babalar düz deyirmiş:
Vətən olmaz qürbətdən.
Okean kiçik imiş
Qəlbimdəki həsrətdən...
Burada sənətkarın milli qüruru hiss olunur. Vətənindən ayrı qalan müəllifin
Sakit okean boyda yurd həsrətini görürük, dünyanın harasında olur-olsun
cənnətini vətənində arayan şairin qəriblik hissini duyuruq, çünki onun üçün
Vətən heç nə ilə, dünyanın heç bir gözəlliyi ilə müqayisə oluna bilməz. Yaxud
da:
Vurulmuşam sənə mən,
Qürur dolur sinəmə,
Seyr etdikcə səni mən,
Yorulmaz gözüm, vətən!
Müqayisə üçün başqa bir nümunəyə diqqət edək:
Elə bil ki, bu körpə
O şarla alır nəfəs...
Bilirsiniz hardandı
Bu sonsuz sevgi, həvəs?
Püləyərək doldurub,
Həmin şarı atası.
Döyüşdə şəhid olub,
Bu qız qalıb atasız... –
Burada kiçik qızcığazın bədii portretindəki təsvirdə gərginlik sona qədər bizi
incidir, şəhid balasının ömürlük mənəvi iztirabını görürük. Bu hadisə şairin
ürəyini ağrıtmış, onu şeirə köçürmüşdür.
Elə bil ki, oxucunun həyata münasibəti, psixoloji durumu, sevdiyi bədii
təsvirlər, xalq deyimləri həssas bir ustalıqla şairin yaradıcılığındakı
ifadələrlə qaynayıb qarışmışdır.
Aldansaq bu sükutun,
Səssizliyin səsinə,
Küçədə tuş gələrik
Biz virus gülləsinə....
Ön cəbhədə həkimlər
Gecə-gündüz döyüşür!
Onlar xəstə dünyanın
Havasını dəyişir...
“Qərib yaz” şeirində isə oxuyuruq:
Qorxunc virusa
Sinə gəribdir.
– Bu il gələn yaz
Sanki qəribdir...
Dağlara gedən
Yollar bağlanıb.
Çəmən ananın
Köksü dağlanıb. –
***
Dikilib uzaqlara,
Yol çəkən gözlər dolur...
Şəkildən nə oğul, qız
Nə də ki, nəvə olur...
Ancaq gözəldi ömrün
Qışı da, baharı da...
Şəkillər də xoşbəxtdi,
Elə onlara baxan
Qoca ilə qarı da...
***
Pillə-pillə rəflərdə
Düzülüb qatar-qatar.
Elə bil ki, sehrlı
Pillələrdi kitablar.
Onlarla qalxmaq olar
Göyün yeddi qatına.
Ancaq kitab qoyulmaz
Ayaqların altına...
Bu pillələri yalnız
Gözlərlə qalxmaq olar...
Hikmət mərtəbəsinə
Sözlərlə qalxmaq olar...
Ayrı-ayrı şeirlərdən götürdüyümüz bu misralar oxucunu düşündürür,
həyəcanlandırır.
Kitabla tanışlıqdan sonra bir daha əmin oluraq ki, şairin ədəbi tərbiyə aldığı
mühit onun şeirlərinin bədiiliyini bu qədər güclü edən vasitəyə çevrilmişdir.
Bildiyimiz kimi, R. Yusifoğlunun tələbəlik illəri İsmayıl Şıxlı, Məmməd Araz,
H.Hüseynzadə, Qasım Qasımzadə, Xəlil Rza, Tofiq Bayram, Qabil, Fikrət Sadıq kimi
görkəmli qələm adamlarının əhatəsində keçmişdir, babası Nuşirəvan müəllim
dövrünün sayılıb-seçilən ziyalısı olmuş, "Molla Nəsrəddin" satirik jurnalında
"İstiot" təxəllüsü ilə çıxış etmişdir. Onun üçündür ki, şeirlərində xüsusi
sətiraltı məna, axıcılıq, dərinlik, gözəllik və fərqlilik var. Onun hər
ifadəsində sanki hər oxucunun duya bilməyəcəyi alt qatı var, ona görə üç nöqtəni
bol-bol istifadə edir. Şeirlərin sonuna baxsaq, bunu aydın görə bilərik. Bəzi
odlu-alovlu girişlə başlayan şeirlər belə, sonda üç nöqtə ilə bitir. Diqqət
edək:
Mən Koroğluyam, Nəbiyəm,
Mən Əlyaram, Mübarizəm...
Nə qədər ki, haqsızlıq var,
Bitməyəcək mübarizəm!
Əvvəl-axır Qarabağda
Qara əllər yox olacaq.
Mübarizə bitməyincə,
Mübarizlər doğulacaq...
Fəlsəfi məzmunlu şeirlərində belə şair mövqeyini, ürəyini, ruhunu görmək olur.
Özünü söz meydanında Koroğlu, Nəbi, Əlyar, Mübariz hesab edən şairin haqsızlıqla
mübarizəsinin bitməyəcəyini deyir. O qeyd edir ki, mübarizə bitməyincə Mübariz
kimi Vətəni üçün canından keçən qəhrəmanlarımızın sayı çox olacaq.
"Cəh-cəh" kitabında bütün mövzulara dair şerlərə rast gəldik. Bu da toplunu
rəngarəng, oxunaqlı və maraqlı edir. Oxucunu düşündürən, mənəvi aləmini əks
etdirən, onu maraqlandıran və ifadə edən hansı mövzular varsa, gözəl şairimiz
Rafiq Yusifoğlu bunu sənətkar dəqiqliyi ilə duymuş və kitabda gedən şeirlərdə
yüksək sənətkarlıqla əks etdirmişdir.
“Cəh-cəh” kitabın bədii imkanları və xarakterik cizgiləri barədə daha çox yaza
bilərdim, lakin bir məqalədə onu ifadə etməyimiz üçün geniş meydan olmadığından
düşünürəm ki, oxucularda ilkin təsəvvür yaratmaq üçün bu yazılanlar yetərlidir.
Növbəti əbədi topluları həvəslə gözləyəcəyik. Gözəl və iti qələminiz ovxardan
düşməsin, gözəl və istedadlı şairimiz Rafiq Yusifoğlu!
Günel Hüseynova