Rafiq Yusifoğlu çağdaş poeziyamızın tanınmış ədəbi simalarından
biridir. Şair öz zərif şeirinin xəfif, məzmunlu və səmimi rüzgarı ilə təkcə
böyüklərin deyil, həm də kiçiklərin qəlbini oxşayır. Yəni o, həm böyüklər,
həm də uşaqlar üçün dəyərli əsərlər yazan bir istedad sahibi kimi tanınır.
Qətiyyən mübaliğəyə yol vermədən, cəsarətlə deyə bilərik ki, R.Yusifoğlu
Azərbaycan uşaq ədəbiyyatının ən cəfakeş və istedadlı qələm münəvvərlərindən
biridir. Onun bir sıra şeirləri indi də bizim orta məktəb dərsliklərimizin
bəzəyinə çevrilmişdir.
Oxuculara təqdim olunan bu yazıda bizim əsas məqsədimiz onun dahi şairimiz
M.Füzuli haqqında yazdığı "Qəm karvanı" poeması ilə bağlı təəssüratımızı
ifadə etməkdir. "Qəm karvanı" həcmcə çox böyük olmasa da, şair bu poemanı
ərsəyə gətirməyə ömrünün nə az, nə çox, düz 22 ilini sərf etmişdir. Cəmi bir
neçə səhifəlik poemaya 22 il ömür sərf etmək ilk baxışda qəribə və
paradoksal görünür. Üst-üstə götürdükdə poema 13 səhifədən ibarətdir. Belə
çıxır ki, müəllif bir ilə heç bir səhifə də yazmamışdır. Həcmi illərə
bölsək, hər ilə yarım səhifədən azca çox pay düşür. Bəs bunun səbəbi nədir?
Müəllifi uzun illər (22 il!) Füzuli sehrinin "əsarətində", cazibəsində
saxlayan, ona öz fikrini, mətləbini ifadə və bəyan etməkdə mane olan
məziyyət nədir? Əsl məsələ bax buradadır!
Təbii ki, xələf - R.Yusifoğlu, haqqında əsər meydana gətirmək istədiyi
sələfi - filosof şair M.Füzuli ilə üz-üzə dayananda onun ölçüyəgəlməz
əzəməti ilə üzləşir.
"Qəm karvanı" poeması həm ədəbiyyatımız və həm də bədii-fəlsəfi fikir
tariximizdə Füzuliyə həsr olunmuş mükəmməl əsərlərdən biridir. "Mükəmməllik"
anlayışını biz istər forma, istərsə də məna-məzmun siqlətinə aid edirik.
"Qəm karvanı" lirik poemadır. Çarpaz qafiyəli dördlüklər şəklində qələmə
alınmışdır. Hər dördlük sanki mövzu obyektinin bir elementi, çaları və rəngi
barədə duyumun, baxışın, təəssüratın, münasibətin, yorumun ifadəsidir. Bəri
başdan onu da əlavə edək ki, Rafiq müəllimin Füzuliyə və Füzuli
yaradıcılığına münasibəti ayıq, obyektiv və dürüst bədii-fəlsəfi duyumdan,
idraki qənaətdən qaynaqlanır. Elə buna görə də poetik şərhlər məntiqli,
inandırıcı və şəffaf səciyyə daşıyır. Başqa sözlə, xələf şairimiz dahi
Füzuli ilə oxucu arasında etibarlı bir körpü, müdrik bir şərhçi, öz
sələfinin yaradıcılıq sirlərinə, fəlsəfi baxışlarına, hikmət və mərifət
dünyasına kifayət qədər aşina olan bir bələdçi rolunu oynayır. Elə buna görə
də oxucunu filosof sənətkarımızın sənət dünyasına, bədii-fəlsəfi məkanına,
hikmət və baxışlar aləminə apara bilir.
Poemanın əvvəlində M.Füzulinin "Mənəm ki, qafiləsalari-karivani-qəməm..."
misrasının epiqraf kimi verilməsi təsadüfi deyil. Çünki qəm filosof
şairimizin bütün ruhunun, mənəviyyatının və yaradıcılığının mayasını təşkil
edir. Əvvəldən sona qədər onun yaradıcılığından bir cazibədar xətt kimi
keçir. Füzulinin bütün əsərləri qəm hikmətinin, kədər fəlsəfəsinin, dərd
fəzilətinin üzərində qərarlaşır. R.Yusifoğlu öz ustadının sənət dünyası ilə
üzləşmədə deyilən bu həqiqəti ustalıqla, ayıq bir təfəkkürlə fəhm edir. Belə
bir ayıqlıq və ustalıq Füzuli dünyasına səyahətdə müasirimiz olan qələm
dostumuza müdrik bələdçi olur.
M.Füzulinin "Qəm karvanı" əslində, öz ilkin start məkanını, başlanğıcını ilk
bəşər övladları Adəm və Həvvanın yanlış addımından, hərəkət və əməlindən
götürür. Nəfsə uyub cinayət işlədən Həvva və Adəm şər əmələ görə cənnəti -
xoşbəxtlik və səadət səltənətini itirdilər. Yer üzünə - zillət və rəzalət
məkanına qovulub bəşər övladını əbədi zülmə, məşəqqətə və kədərə düçar
etdilər.
Füzulinin "qəm karvanı"da o gündən başlayıb insanlığın bütün tarixi boyunca
yol gəlir. Və təəssüf ki, bu yol qiyamət gününə qədər davam edəcək.
Varis şairin - R.Yusifoğlunun öz dahi babasına vurğunluğu və sevgisi
heyranlıqdan başlayır. Zamanın küləkləri əsir, hər şeyi köhnəldir,
soldurub-saraldır, bəzilərini tarixin qaranlığında gizlədir, bəzilərini
unutdurur, bəzilərini təravətdən salır, bəzilərini zövq vermək səadətindən
məhrum edir. Ancaq Füzuli zamanca bizdən uzaqlaşdıqca məna və mahiyyətcə
bizə daha da yaxınlaşır, təzə görünür, sənətinin bəxş etdiyi zövqü səfa daha
da artır. Bu əsrarlı xəzinənin dəyəri getdikcə çoxalır. Rafiq müəllim bir
şair və oxucu zəkası ilə bu böyük həqiqəti yaxşı dərk edir:
Özüm də bilmirəm, axı nə sirdir,
İncə kəlamının dadı azalmır.
Bir şair ürəyi neçə əsrdir
Yanır için-için, odu azalmır.
Nəvə sənətkar onu da aydın şəkildə anlayır ki, sələfinin poeziyasında
sönməyən, daim yandırıb-yaxan bir atəş vardır. Bu, Füzulinin qəlbindən,
fitrətindən, varlığından, idrakından qopub poeziyalaşan, sözə çevrilən,
obrazlı deyimlə bəyan olunan sevgi atəşidir.
Xələf sənətkar dahi babasının ədəbi-fəlsəfi mirası ilə üzləşmədə ilk növbədə
onun böyük qəmi və böyük sevgisi ilə üzləşir. Bu üzləşmə Füzuli sənətinə üz
tutan hər bir oxucuya müyəssər olur və adi haldır. Ancaq adi olmayan,
mürəkkəb, həm də düşündürücü siqlət kəsb edən başqa bir məsələdir: Füzulinin
qəminin və sevgisinin mahiyyətini, əzəmətini, hikmətini və nəhayət, səbəbini
duyub dərk etmək. Bu zəruri məqam olmadan nə filosof şairimizi sevmək, nə də
onun böyüklüyünə inanmaq olar. R.Yusifoğlunun idrakı və fəhmi bu məqamda
vicdanla onun harayına gəlir. Sələfinin qəminin də, eşqinin də Tanrı
hikmətindən qaynaqlandığını, ilahi təbiətə malik olduğunu, qəlbə nur da,
zülmət də, sevgi də, nifrət də, bəxş edənin Haqqın özü olduğunu anlayır.
Başqa sözlə, Füzulini dərk etməyin yolu ilahi varlığı düzgün dərk etmək
amalına, amacına bağlıdır. Xələfin tutduğu yol da bu sağlam həqiqətə
söykənir:
- Yarəb, bir ilahi məhəbbət il
Səni dərk etməyə çalışıram mən.
Ürəyim eşq ilə gəlsə də dilə,
Sənin rizan ilə danışıram mən.
İzn ver qanımda haqq nuru axsın,
Dözərəm, olsa da yarım hikkəli.
Qoy sevgi ruhumu odlara yaxsın,
Sənin dərgahına təmiz, pak gəlim...
Qəlbi, ruhu olmayanlar nə Füzulinin sənət aləminə, nə də Haqqın
dərgahına üzüağ qədəm qoya bilməzlər. R.Yusifoğlunun poemada təlqin etdiyi
bu həqiqət nə qədər uca, nə qədər ali görünür.
"Qəm karvanı"nda poetik-fəlsəfi təmas və şərhin hədəfində dayanan əsas
məsələlərdən biri də XVI əsr mütəfəkkirinin "aşiqlik işi"dir. Rafiq
müəllimin müvəffəqiyyəti orasındadır ki, bu mühüm məsələdə fərdi düşüncədən
doğan yorumlara, illüziyalı poetik təfsirlərə yol vermir. Problemin şərhində
dahi sənətkarın yaradıcılığının təbii məntiqindən, onun baxış və
deyimlərindən çıxış edir. "Aşiqlik işi"ni xələfin kifayət qədər incə şəkildə
duyub tutması onun lazımi keyfiyyət və xarakterini filosof-şair fəhmi ilə
anlaması təbiidir. Çünki Rafiq müəllimin məhəbbət mövzusunda çoxlu sayda
şeirləri vardır. Bu şeirlər həssas, açıqgözlü, zərif bir şair qəlbinin
çırpıntıları və poetik pıçıltılarıdır. Həm də müəllifin bu işə yetərincə
bələd olmasının bədii-fəlsəfi sübutlarıdır.
Eşq eşqdir, istər ilahi olsun, istərsə də dünyəvi! Füzulinin eşqi isə,
əsasən, ilahi keyfiyyətdədir. Onun poeziyası bütünlüklə Haqqı və onun
yaratdıqlarını sevməyə çağırışın, səsləyişin bədii-fəlsəfi təzahürüdür. Bu
elə dərddir ki, dərmanı bulunmaz. Bu elə xəstəlik və cünunluqdur ki, çarəsi
tapılmaz. Əslində, o, Yarın, yəni Tanrının bəndəyə - səbatlı aşiqə bəxş
etdiyi lütfdür, ərməğandır, ilahi nemətdir, dərmandır, şirin zövq
mənbəyidir. R.Yusifoğlu öz ustadının yaradıcılığındakı bu məziyyətə dəqiq
ölçülərlə, şair-həkim baxışıyla yanaşa bilmişdir. Aşağıdakı misralar bu
fikri bir daha təsdiq edir:
Dərdim yüz dərmandan artıqdır, təbib
Cünunluq yolundan məni əyləmə.
Yar vuran yaraya dərman eyləyib,
Məni şirin zövqdən məhrum eyləmə.
Çağdaş şairimiz sələfinin eşq meydanına və hikmətinə yaxşı bələd
olduğundan onun Aşiq - Məşuq obrazlarının kimliyini, səciyyəsini, ilahi və
dünyəvi keyfiyyətlərini də düzgün, dürüst, dəqiq meyarlarla dəyərləndirə
bilir.
Yəni Füzulinin Aşiq obrazının vəhdət aləmindən ayrılmış bir zərrə, hicran
zavalına uğramış cüzv olduğunu dərk edir. Əlbəttə, Füzuli aşiqini dərk etmək
elə şairin özünü anlamaqdır və ya da əksinə, şairi anlamaq onun Aşiq
obrazını duymaqdır.
Rafiq müəllim filosof sənətkarımızın baxışında və yaradıcılığında o laya da
enə bilir ki, Füzulinin aşiqi canı üçün yox, Cananı üçün yaşayır. Çünki can
Canana (Yaradana) məxsusdur. Bu gözəl ya Haqqın özü, ya da Xaliqin xəlq
etdiyi, onun zərrəsi kimi təcəlli edən gözəl məxluqdur. Ona görə də mülk
aləminə gəlib hicran zavalına uğramış irfan qəhrəmanı bütün varlığı, istəyi
ilə yenidən canını (maddi vücudunu) tərk edib Canana qovuşmaq, şəhadət
aləminin qəm və rəzalətlərindən xilas olmaq istəyir. Daha dəqiqi gəldiyi
məkana, vücudi-mütləqə qovuşmaq intizarı, həsrəti ilə çırpınır. R.Yusifoğlu
bu dəruni mətləbi oxucuya belə bir lakonik poeziya dili ilə çatdırır:
Sözümü pas tutmaz, ötsə də min il,
İlahi, nə qədər odlanım, yanım?
Məndə can qoymayıb bu şeyda könül
Verim bir gözələ, qurtarsın canım.
Poemada Rafiq müəllim Füzulinin rəmzi istilahlarına da həssaslıqla
münasibət göstərə bilmişdir. Bunlardan qaş, göz, xətt, xal, dodaq, göz yaşı,
sərv, mey, badə kimi obrazları göstərə bilərik. Əslində, bunlar təsəvvüflə
bağlı rəmzi-fəlsəfi terminlər olub, ilahi eşqin tərənnümçüləri olan irfan
şairlərinin yaradıcılığında sıx-sıx işlədilir. Diqqətəlayiq cəhət
burasındadır ki, xələf sənətkarımız öz poemasında bunların daşıdığı
rəmzi-fəlsəfi yükü və mənanı düzgün, yerli-yerində dəyərləndirə bilmişdir.
Çağdaş şairimiz sələfini kifayət qədər dürüst mənimsəyib anladığından bəzən
onun bir neçə şeirinin irfani məzmun, mətləb və ideyasını cəmi bir neçə
misraya sığışdıra bilir. Məsələn, aşağıdakı bənddə XVI əsr sənətkarımızın
"Qəd ənarəl...", "Məni candan usandırdı..." və s. kimi qəzəllərinin ideyası
və ifadə çaları məharətlə dörd misraya sığışdırılmışdır:
Eşqsiz o səda olmazdı neydə,
Gör necə yandırır? - Bir dəm tut qulaq!
Ahımdan ulduzlar alışar göydə,
Muradımın şəmi alışmaz ancaq.
"Qəm karvanı" sənətkarlıq baxımından da səviyyəli təsir bağışlayır. Müəllif əsərdə uğurlu məcazlardan, oxucu zövqünü oxşayan bəlağət vasitələrindən də istifadə edir. Bu cəhət poemaya bədii mükəmməllik və obrazlılıq siqləti aşılayır. İmkan məhdud olduğundan biz şairin obrazlı deyimlərindən yalnız bir bəndi nəzərə çatdırmaqla kifayətlənirik:
Dərdimi duyana dərd oldu dünya,
Eşqimə bir nəfər gülən qalmadı.
Gözümün yaşında qərq oldu dünya,
Gözümün yaşını silən qalmadı.
"Qəm karvanı", doğrudan da, gözəl şairimiz R.Yusifoğlunun uğurlu qələm məhsullarından biridir. Dahi Füzuliyə layiq bir söz abidəsidir. Xələfin öz sələfinin kədər dünyasına səyahəti və səviyyəli poetik baxışıdır. Poemanın sonunda çıxarılan bu poetik qənaət sanki təkcə Rafiq müəllimin sözü deyil. Bütün Füzulisevərlərin sözüdür, mütəfəkkir sənətkarımız barəsində hamımızın qənaətidir:
Babam, yetməsən də nazlı yara sən,
Sevən ürəklərə nur ələmisən.
Qoşun çəkməsən də, bir diyara sən,
Dünyanı sözünlə fəth eləmisən.
dünya bir yarpaq boydadı,
biz də, qonmuşuq üstünə...