SÖZÜN VƏ SƏNƏTİN UCALIĞINDA

Təxminən bir il bundan əvvəl yazmaq istədiyim, ancaq nədənsə yaza bilmədiyim yazıdır.Bu bir il müddətində dəfələrlə müxtəlif münasibətlərlə kitablarını izləmişəm. Ədəbi mühitin problemləri müstəvisində müqayisələr aparıb qənaətlərimi dəqiqləşdirməyə çalışmışam. Haqqında deyilənlərin bir hissənini təhlil faktı kimi nəzərdən keçirmişəm. Ancaq nədənsə yazmağa tələsməmişəm. Özüm üçün dəqiqləşdirmişəm ki, çağdaş ədəbi-mədəni mühitin fəxr və qürur hissi ilə təhlilə cəlb ediləcək kifayət qədər istedadlı nümayəndələri vardır. Onlardan da biri şair, publisist, alim və uşaqların sevimlisi "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğludur. Mətbuat səhifələrində müxtəlif vaxtlarda şeirlərini, elmi-nəzəri səpkili məqalələrini oxumuşdum. Tələbəlik illərindən bu yana imzası həmişə maraq dairəmdə olmuşdu. Həyat elə gətirdi ki, Rafiq müəllimlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Folklor və qədim ədəbiyyat kafedrasında bir çalışmalı olduq. Onun yaradıcılığında özüm üçün müəyyənləşdirdiyim düşüncəni, təsəvvürləri bir şəxsiyyət olaraq fəaliyyətində, münasibət və davranışlarında da gördüm. Artıq şair, publisist, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu bütün tərəfləri ilə düşüncələrimdə bütövləşdi. Rus ədəbi tənqidinin görkəmli nümayəndəsi V.Belinski vurğulayırdı ki, "şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır. Əgər siz şairin şəxsiyyətini ciddi, qərəzsiz və ədalətlə təqlid edib öyrənmiş və şairi düzgün başa düşmüsünüzsə, o halda siz, küləyin gücünə, öz şıltaq fantaziyanızın göylərində, haraya gəldi, baş alıb getmirsiniz, yerdə ayaqlarınız üzərində möhkəmcə dayanırsınız; siz daha şairdən özünüzün arzu edə biləcəyiniz şeyi tələb etmirsiniz, indi siz onun özünün sizə verdiyini qiymətləndirirsiniz, indi siz onun özünü olduğu kimi, necə varsa, eləcə də görürsünüz, siz daha öz fikir və rəyinizi ona sırımır, onun öz ideya və anlayışlarını götür-qoy edir, onların haqqında düşünürsünüz" (s.138). Mən də müasir ədəbi prosesə maraqlı olan kimi çağdaş ədəbi-mədəni mühitin tanınmış simalarından Rafiq Yusifoğlunun "ideya və anlayışlarını götür-qoy edib haqqında düşünməyi" bir zərurət olaraq qərarlaşdırdım. Daha doğrusu, zəngin yaradıcılığı, oxuduğum kitabları içimdə buna ehtiyac yaratdı.

Bir məsələni də vurğulayım ki, Rafiq Yusifoğlunun yaradıcılığını yaxın vaxtlara qədər ancaq və ancaq mətbuat səhifələrindən izləmişdim. Səhv etmirəmsə hansısa bir kitabını görüb oxumamışdım. Uzun illər idi ki, bir yerdə işlədiyimizə baxmayaraq reallıq bu idi. Səbəbini isə heç özüm də müəyyənləşdirə bilmədim. Gəldiyim qənaət bu idi ki, məsələnin mahiyyətində R.Yusifoğlunun sonsuz təvəzökarlığı ola bilərdi. Günlərin birində Azərbaycan nəşriyyatına getmişdim. Birdən düşündüm ki, Rafiq müəllimin yanına qalxım və "Göyərçin" jurnalının bir neçə nömrəsinə baxım. Redaksiyada görüşdük. Dedim ki, Rafiq müəllim məndə sizin bir kitabınız da olsun belə yoxdu. Kitablarının böyük bir hissəsini stolun üstünə qoydu və böyük səmimiyyət hissi ilə (elə şair kimi) dedi, bunların hamısını sənə verirəm. Ancaq bilmirəm necə aparacaqsan.

İçimdə bir sevinc, heç özüm də axıra qədər aça bilməyəcəyim bir duyğu baş qaldırdı. Doğrusu sevindim və düşündüm ki, bu qədər kitab yazmaq, ədəbiyyata, xalqımızın zəngin mədəniyyətinə xidmət etmək özü sözün həqiqi mənasında cəfakarlıq və qəhrəmanlıqdı. Çünki zamanın, mühitin özünün dolaşıqlıqları, ağırlığı və ziyalı çiyinlərinə yüklədiyi yük cəmiyyətin problemlərlə dolu olduğu vaxtda birə beş artır. Xalq şairimiz H.Arif deyirdi ki, "bir xalqa atadır, anadır şair". Doğurdan da çağdaş ədəbi mühiti izlədikdə, yaradıcı mühitin problemləri ilə tanış olduqda bunu tam aydınlığı ilə görürsən. Və düşünürsən ki, "Füzuli çəkəni, Sabir çəkəni bir yerə yığılıb illər çəkməyib"dir. Məhz R.Yusifoğlunun bütünlükdə yaradıcılığı (poeziyası, nəsri, publisistikası) birmənalı olaraq bunu deyir. Elə müəyyənləşməli olan da onun bu qədər rəngarəngliklə dolu olan ilham qaynağının aydınlaşmasıdır. Təbii bu qaynaq el-oba, vətən, torpaq yurd sevgisindən bütünlükdə dünya sevgisinə qədər böyük bir rəngarəngliyi özündə əhatələyir. Görkəmli Azərbaycan ədəbiyyatşünası F.Köçərli ədəbiyyat tariximizdəmüstəsna xidmətləri olan M.V.Vidadi və M.P.Vaqif haqqında deyirdi: "Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlərin arasında zühur etmiş olsa idilər, bişübhə, indiyə kimi onların asarü əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içində yayılmışdı. Onların qəbirləri üstündə nişangah qoyulmuşdu və vəfatlarının əlli və yüz sənəlik yubileyi - yövmi- alisi artıq cəlal və təntənə ilə yad olunmuşdu.

Amma bizim türklərdə bu hissiyyət və qədirşünaslıq yoxdur. Şan və şərafətimizə, vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz və möhtərəm vücudların qədr və mənzilətini bilmirik və onların asari-guzidələri ilə iftixar etmirik. Əzbəs ki, avamlıq və avamlığımızdan milliyyət hissi bizdə ayılmayıbdır, vətənimimizin, dilimizin, ədəbiyyatımızın qədrini bilmirik".

Təxminən yüz il bundan qabaq deyilmiş bu fikirlər çox az istisnalar nəzərə alınmazsa indi də belədir. Yüz illik bir zaman keçsə də elə bir fəxarət ediləcək uğurlarımız olmayıbdı. Bəlkə də mahiyyətinə varsaq təəssübkeşlik, milli mənsubluq baxımından geriləmişik. Rafiq Yusifoğlunun yaradıcılığını izlədikdə belə bir qənaətə gəldim ki, bu gün çağdaş mədəni mühitdə "şan və şərafətimizə, vətən və millətimizin sərəfrazlığına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz və möhtərəm vücudların qədr və mənzilətini bilməli və onların asari-guzidələri ilə iftixar etməliyik". Ancaq həmin rövnəq vermənin mahiyyətini təəssüf və min təəssüf ki, lazımınca təqdim edə bilmirik. Bir-birini dabanbasaraq izləyən bu kitablarda müəllifin istəyi, əzmkarlığı, iç aləmində daşınanlar xalqa, bəlkə də dünyaya nələri çatdırmaq istəyir məsələsi ən ümdə olan kimi aydınlaşmalı məsələlərdir.

R.Yusifoğlu bir alim kimi ədəbi-nəzəri fikrin lazımı qədər tanınmış nümayəndələrindəndir. Onun "Azərbaycan poeziyasının sənətkarlıq xüsusiyyətləri" (Bakı, ADPU, 2010) adlı monoqrafiyasının üz qabığında (arxa tərəfdə) "mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun tədqiq və təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu...". Rafiq müəllim qalaq-qalaq bir-birindən maraqlı kitablarını mənə təqdim edəndə ilk diqqətimi cəlb edən, gözümə sataşan bu sözlər oldu. Elə kitabları oxumağa başlanğıc kimi buradan başladım və bunun cavabını axtarmaq, mahiyyətini özüm üçün aydınlaşdırmaq düşüncəsi içimdə yarandı. Düzdür, Rafiq müəllimin yaradıcılığını mətbuat orqanları səviyyəsində nəşr olanlar qədərində bilirdim. Ancaq sistemli tanışlığım olmamışdı. "Ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu"yam məsələsi içimdə düşüncələrimi bölüşmək duyğusunu qaldırdı. Hətta epiqraf kimi düşündüm ki, yazacağım yazıya bu sözləri verim. Doğurdan da, ədəbiyyatın, böyük sənətin Məcnunu olmadan bu qədər işə köklənmək, bu qədər yazını, kitabı ortaya gətirmək mümkünsüzdür. İlahi vurğunluq, ilahi güc sayəsində bunları etmək olar. Söhbət həqiqi ədəbiyyatdan gedir. Ədəbiyyatla yaşayan və təpədən dırnağa qədər ona vurulan yaradıcıdan gedir. Müasir mühitdə qalaq-qalaq, kərpic-kərpic kitab adı ilə kitablar buraxılır. Ancaq içində oxumağa nəsə tapmaq olmur. Belə kitablar kifayət qədərdi, daha çox isə mənsəb, vəzifə sahiblərinin adı ilə çıxanlardı ki, xalqa sırınır. Deyəcəklərim bu cür kitablarla bağlı deyil və onların haqqında vaxt itirmək məqsədində də deyiləm. Söhbət böyük ədəbiyyatdan, ömrünü-gününü ədəbiyyat üçün əridəndən, dünyaya bu missiya ilə gələnlərdən, R.Yusifoğlu olanlardan gedir.

Böyük M.Füzuli XVI əsrdə "sözün əndazəsi o qədər böyükdür ki, müəllimlər sözün məhsulu bildilər duanı, vəhyi, Quranı" deyirdi. R.Yusifoğlunun "Dəniz səviyyəsi" (Bakı, Şirvannəşr, 2005), "Həsrət sazağı" (Bakı,Şirvannəşr, 2005), "Daha uşaq deyiləm" (Bakı, Şirvannəşr, 2006), "Sevdalı sabahlar" (Bakı, Şirvannəşr, 2007), "Eşqin qarlı yollarında" (Bakı, ADPU, 2008), "Dəniz, sən və mən" (Bakı, ADPU, 2009), "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" (Bakı, ADPU, 2010), "Könül səltənəti" (Bakı, ADPU, 2012), "Qızılı məktublar" (Bakı, ADPU, 2013), "Müasir ədəbi proses və ədəbi tənqid" (Bakı, ADPU, 2014), "Arzular kəhkəşanı" (Bakı, ADPU, 2015) və s. kitabları vardır. Bu sadaladıqlarım R.Yusifoğlunun mənə bəxş elədikləridi. Ancaq kitablarının arxasında verilən siyahıda 2014-cü il üçün 63 kitabının nəşr olunması göstərilir. Bu çox böyük göstəricidi və müəllifin bütünlükdə yaradıcı fəaliyyətini izləmək üçün lazımı qədər material verir. Burada R.Yusifoğlu yaradıcılığının istiqamətləri bütün təfərrüatı ilə ortada görünür.Şair R.Yusifoğlu, nasir R.Yusifoğlu, publisist R.Yusifoğlu, alim R.Yusifoğlu və s. Ona görə və sairəni qeyd etdim ki, çağdaş mədəni mühitdə Rafiq Yusifoğlu həm də uşaq ədəbiyyatımızın ən tanınmış simalarındandır. Bu gün ədəbiyyatımızın bu qolunun zənginləşməsində, uşaq mətbuatının inkişafında, Q.Zakirdən, S.Ə.Şirvanidən, A.Bakıxanovdan, S.M.Qənizadədən, A.Səhhətdən, M.Ə.Sabirdən, F.Köçərlidən, S.S.Axundovdan, R.Əfəndiyevdən, A.Şaiqdən, M.M.Seyidzadədən, M.Rzaquluzadədən, M.Dilbazidən, Ə.Abbasovdan, E.Ağayevdən və başqalarından gələn ənənənin yaşarlığında və qorunuşunda əvəzsizdir. Çağdaş mühitdə uşaq ədəbiyyatının, uşaq dünyasının bütün məzmununu özündə ehtiva edən "Göyərçin" jurnalının ağırlıqları R.Yusifoğlunun çiyinləri üzərindədir. Böyük maarifçi H.Zərdabi "balalarımızın başa düşə biləcəyi əsərlər yazmaq" çağırışı zaman-zaman ədəbi-mədəni mühitin diqqət mərkəzində olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində də, sovetlər dönəmində də uşaq ədəbiyyatı böyük canlanma, olmazın vüsət və klassik səviyyəli sənət nümunələrinin yaranması ilə səciyyələnir. S.Vurğunun "Balalarımız üçün gözəl əsərlər yaradaq" çağırışı ("Kommunist" qəzeti, 27 sentyabr, 1, 8 oktyabr 1944, № 193, 196, 201, "Azərbaycan məktəbi" jurnalı, 1945, № 2, 3, s. 10-16) zamanında və ondan sonrakı dövrdə konseptual səciyyəsi, proqram xarakteri ilə bütünlükdə bədii düşüncəyə istiqamət vermişdir. O xüsusi olaraq vurğulayırdı ki, "uşaq xəyalı səyyardır. O, şıltaq bir ulduz kimi daima süzüb oynar. O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan bir kəpənəyə bənzər. Daim hərəkət uşaq qəlbinin hüsnüdür. Xəyal və romantika bu təbiətin qanadlarıdır. Uşaq xəyalı bəzən ağ buludların içində gəzib seyr edir, ayla batır, günlə doğur, dərin dəryalarda qəvvas kimi üzür, keçilməz ormanlardan, dağlıq və qayalardan öz zərif ayaqları ilə keçir, şirlər və pələnglərlə pəncələşir. Biz bütün bu sonsuz xəyallar dünyasında qəhrəmanlıq, yüksəliş və uca arzular və əməllər görürük" (Vurğun S. Əsərləri. : cilddə, 5 c., Bakı, Elm, 1972, s.314).

Bütünlükdə Azərbaycan uşaq ədəbiyyatı, eləcə də R.Yusifoğlunun yaradıcılığında mühüm bir hissəni tutan uşaq ədəbiyyatı nümunələri məhz bu dəyərlərə köklənmişdir. Şairin "Ocaq yeri" (Bakı, Yazıçı, 1989), "Aylı cığır" (Bakı, Gənclik, 1992), "Daha uşaq deyiləm" (Bakı, Şirvannəşr, 2006), "Çiçək yagışı" (Bakı, Çaşıoğlu, 2009), "Qızılı məktublar" (Bakı, ADPU, 2013) və s. kitablarında bütöv bir dünya, onun əlçatmazlıqları, zəngin həyat təsəvvürləri, "həyat badəsini birbaşa içmək cəhdləri", mənimsəmək, öyrənmək sonsuzluğu müşahidə olunur. Bunların isə hamısının mahiyyətində bir ülviyyət, təmizlik dayanır. Elə poeziyanın enerji qaynağını, onun əlçatmazlığını, sirlə-sehrlə dolu olmasını şərtləndirən də budur. R.Yusifoğlu bütün müstəvilərdə poeziyadan, müqəddəs sözdən boy göstərir. Onun düşüncəsini, hisslər, duyğular aləmini kodlaşdıran və bütünlükdə etnosa təqdim edən də budur.

R.Yusifoğlu böyük ədəbiyyata poeziyadan gəlmişdir. Onun yaradıcılığının (publisistikasının, nəsrinin, jurnalistik fəaliyyətinin, alimliyinin) başlanğıcında şairliyi dayanır. S.Zalıgin vurğulayır ki, "mənə elə gəlir, müğənni öz səsi ilə doğulduğu kimi, şair də özünəməxsus dili ilə doğulur, zil, yaxud pəs səsə malik müğənnidən asılı deyil və bu səsi yenidən qurmaq qeyri-mümkündür. Onu yalnız təkmilləşdirmək, diapazonunu genişləndirmək olar". Təkrar qeyd edirik, R.Yusifoğlunun da bir yaradıcı kimi bütünlükdə düşüncəsinin mahiyyətində poeziya dayanır. Onun ruhunun mayasında, düşüncəsinin alt və üst qatlarında hər şey bütün olanları ilə poeziyaya hesablanır və bütün dünyaya şair dünyasından boylanır, qiymətləndirmələri də oradan keçir. Şairlik onun üçün bir meyar, düşüncə və insanlıq, ucalıq kredosudur. Kitabları ilə tanışlıqdan və əsərlərinin arxasında verilən siyahıdan da bunu bir qənaət olaraq müəyyənləşdirdim.

V.Belinski deyirdi: "Şair sözü yüksək və müqəddəs sözdür. Bu sözdə ölməyən əbədi bir şöhrət vardır". Çağdaş poeziyanın istedadlı nümayəndəsi R.Yusifoğlunun şeirləri, bir şair kimi zəngin yaradıcılığı bu hikməti, "ölməyən əbədi bir şöhrəti" bütün rəngarənglikləri ilə özündə ehtiva edir. "Ocaq yeri", "Qəm karvanı", "Həsrət köçü", "Təzə sevdalara doğru", "Ayrılığın qəm hasarı", "Həsrət sazağı", "Sevdalı sabahlar" , "Eşqin qarlı yollarında", "Dəniz, sən və mən", "Könül səltənəti", "Arzular kəhkəşanı" və s. kitabları bunun tipik nümunəsidir. Şairin ilk şeirlər kitabı ("Yurdum-yuvam") keçən əsrin səksəninci illərində nəşr olunmuşdur. Hansı səksəninci illər ki, özünün qaynarlığı, yeni mühit düşüncəsi ilə bütünlükdə ədəbi-nəzəri mühitin bu gün də təhlil marağındadır və 60-cı illər ədəbiyyatının davamı kimi vurğulanır. Poeziyada yeni nəfəsin, ruhun, milli yaddaşın oyanış mərhələsinin ikinci dalğası məhz bu illərlə bağlıdır. Sovet ideoloji maşınının formalaşdırmağa çalışdığı sistemin puçluğunun və gərəksizliyinin dərki və mümkünsüzlüyü bu illərdə bütün formaları ilə aydınlaşdı. Məhz R.Yusifoğlunun ilk kitabının mahiyyətində işarələnən "Yurdum-yuvam" özlüyündə bunun metaforik ifadəsidir. Çünki türkün son iki yüzillik zaman müddətində olan itkilərinin başında rus şovinizmi durmuşdu. Burada İrəvan, Zəngəzur, Borçalı, Göyçə və s. kimi sonuclana bilməyən və bu gün də qorxulu anlar yaşadan faciələr qalmaqdadır. Axıska türklərinin, kırımtatarların və s. faciələrini də buraya əlavə etdikdə məsələnin mahiyyəti daha da böyüyür. "Ayıl, ey ümməti-mərhumə, ayıl, Ayıl, ey milləti-məzlumə, ayıl" (Abbas Səhhət) çağırışı ortaya çıxır.


 

Dili sənə dost deyənin əli gizlicə,

Əsrlərlə ayağının qazıb altını.

Sən bu ağır günlərində məğrursan necə,

Mənim xalqım, uca saxla təmiz adını!

 

Başımızın üstündədir yenə duman, çən,

Yolumuzu seçməliyik biz bəri başdan.

Ümidin var, heç bilmirəm nə gözləyirsən

"Dovşana qaç, tazıya tut" - deyən qardaşdan?


 

"Mənim xalqım" şeirindən verdiyimiz bu nümunə məhz doxsanıncı illərin ağrılarını, sovetlər imperiyasının mahiyyətini ortaya qoymaq, türkə olan münasibətini aydınlaşdırmaq baxımından tipikdir. Mətn hadisəsi kimi işarələdiyi məzmun bütünlükdə vəziyyəti ifadəyə hesablanmışdır. Burada bir çağırış, türkə qarşı yönəlikli siyasətin mahiyyət və məzmunu özünün faktik ifadəsini tapır. Çünki R.Yusifoğlu bir yaradıcı kimi bunları əvvəlki onilliklərdən taleyində yaşayırdı və bu və ya digər şəkildə onun ifadəsini yazılarında verməkdəydi. "Azərbaycan torpağı", "Arazın cavabı", "Ata evi" və s. şeirlərdə şairin torpaq, yurd sevgisinin rəngarəng çalarları boy göstərir. "Ata evi" şeirində olan müraciət bir yaradıcı kimi türkün yurd sevgisinin yaşarlığına işarədir.


 

Əziz bala, bu ocağı yaxından tanı,

Bura gəlcək həyəcandan əsir dil-dodaq.

Ata evi- qartalların uçuş meydanı,

Ata evi- övladların güvəndiyi dağ.

 

Bu gün varam, sabah yoxam, ömür-gün keçir,

Sən bunları yaxşı başa düşəsən gərək.

Doğmalara, əzizlərə yovuşmaq üçün,

Axşam-səhər bu ocaqda bişəsən gərək.


 

Əvəzsiz nümunədir, burada doğma yurdun, el-obanın, bütünlükdə türkün, insan olanın həyat təsəvvürləri, başlanğıca yönəlikliyi və onun müqəddəsliyi cəmlənir. Bütün canlılar hər axşam öz yuvasına tələsir və onun qoruyucusu funksiyasını yerinə yetirir, heç nə ilə əvəz olunmamazlığı təsəvvürü ilə yaşayır. Bizim xalq mahnılarımızın birində deyilir ki, "hansı dağın maralısan". R.Yusifoğlu məhz "əziz bala" müraciəti ilə bütünlükdə Azərbaycan övladlarına üz tutur, onların bu düşüncədə, şüurun alt qatında olan (üstdə görünənlərdən əlavə) duyğuları hərəkətə gətirməklə bütün zamanların nümunəsini yaradır. Bu bir növ mənsubluq, özünüdərk missiyasıdır. İnsanın bir şəxsiyyət, elə-obaya, cəmiyyətə lazımlı bir insan kimi formalaşması məhz ailədən, ocaqdan, mühitdən başlanır. Təbiətin özünün harmoniyası var, belə ki bütün canlılar nə qədər öz yuvasından perikdirilsə belə yenə ora can atır. Heyvanlar aləmində bu prinsip daha həssaslıqla qorunur.


 

(ardı gələn sayımızda)


 

Mahmud ALLAHMANLI

Filologiya elmləri doktoru,

professor