Azərbaycan ədəbi və elmi fikrində çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olmaq ənənəsi həm
ədəbiyyatın və həm də elmin xeyrinə olmuşdur. Bu
istiqamətlərdən biri digəri üçün donor funksiyasını
həyata keçirmiş və onu tamamlamışdır. Ədəbiyyat
tarixindən və elmi fikrimizin keçdiyi inkişaf
yolundan bu fakta dair çoxsaylı misallar gətirmək
mümkündür. Hazırda da ədəbi-elmi mühitimizdə həmin
proses davam etməkdə, ədəbiyyatımızı və elmimizi
zənginləşdirməkdədir. Fəaliyyətində bədii
yaradıcılıqla elmi tədqiqatçılıq işini üzvi şəkildə
əlaqələndirən yaradıcı şəxsiyyətlərdən biri də
tanınmış şair və ədəbiyyatşünas Rafiq Yusifoğludur.
Elmi-ədəbi ictimaiyyətimizin ilk növbədə istedadlı
şair kimi qəbul etdiyi Rafiq Yusifoğlu həm də
zəhmətkeş bir tədqiqatçı və tərcüməçidir. Rafiq
Yusifoğlunun simasında şairlik, tədqiqatçılıq,
tərcüməçilik və publisistika paralel dünyalar kimi
dinc və yanaşı yaşamaqda, ədəbiyyatımıza və elmimizə
fayda verməkdə davam edir.
Əlbəttə, Rafiq Yusifoğlu hər şeydən əvvəl, tanınmış
və istedadlı şairdir. O, Azərbaycan ədəbiyyatının
son yarım əsrlik inkişafı yollarında vətənpərvər bir
şair kimi yorulmadan çalışmaqdadır. Rafiq Yusifoğlu
Azərbaycan vətənpərvərlik poeziyasının əsas
yaradıcılarından biridir. Bütün fəaliyyəti dövründə
ardıcıl olaraq həm də orta və ali məktəblərdə
müəllim kimi çalışması onun yaradıcılığında
vətənpərvərlik ideyalarının geniş yer tutmasına
şərait yaratmışdır. Rafiq Yusifoğlunun
vətənpərvərlik lirikası müəllim-şairin mənsub olduğu
xalqa, xüsusən yeni nəsillərə mənalı və düşündürücü
poetik xitabıdır. O, şeirlərində yalnız
vətənpərvərlik duyğularını ümumi şəkildə tərənnüm
etməklə qalmayaraq, vətənə məhəbbət anlayışının üzvi
tərkib hissələri olan ölkə, ana təbiət, milli-mənəvi
dəyərlər, adət-ənənələr, igidlik və qəhrəmanlıq kimi
motivlərin poeziya vasitəsilə oxuculara aşılanmasına
uğurla xidmət edir. “Yurdum-yuvam” adlı şeir kitabı
ilə 1983-cü ildə ədəbiyyatda ilk addımlarını atan
şairin yaradıcılığında Vətən mövzusu ən aparıcı
motivə çevrilmişdir. Adlarından göründüyü kimi “Ocaq
yeri” (1989), “Aylı cığır” (1992), “Qəm karvanı”
(1997), “Həsrət köçü” (1998), “Təzə sevdalara doğru”
(2000), “Xatirə kəcavəsi” (1999), “Ayrılığın qəm
hasarı” (2002), “Bir sevdalı ürəyim var” (2003),
“Həsrət sazağı” (2005), “Dəniz səviyyəsı” (2005),
“Sevdalı sabahlar” (2007), “Eşqin qarlı yollarında”
(2008), “Dəniz, sən və mən” (2009), “Çiçək yağışı”
(2009), “Könül səltənəti” (2012), “Qızılı məktublar”
(2013), “Tapmacalar ölkəsi” (2013), “Arzular
kəhkəşanı” (2015), “Sabahın sorağında” (2016),
“Bulud fayton” (2017), “Üçüncü qərinə” (2017),
“Nağıl qapısı” (2018), “Sevdalı ömür yaşadım”
(2019), “Taleyimdən keçən yollar” (2019), “Cəh-cəh”
(2020), “Zəfər dastanı” (2021), “Xiffət” (2021) və
sair şeir, hekayə və publisistika kitablarının baş
mövzusu Azərbaycandır. Bu mənada Rafiq Yusifoğlunun
şeirləri Azərbaycan poeziyasının vətənpərvərlik
dərsləridir. O, doğma ana vətənin mənalı poetik
salnaməsini yaratmışdır. Rafiq Yusifoğlunun
vətənpərvərlik lirikası ümummilli ideyaların və
doğma vətən torpağının poetik tərənnümünün bədii
ifadəsindən ibarət olan mükəmməl ictimai lirika
nümunələridir. Rafiq Yusifoğlunun Vətən şeirləri
böyüklər üçün olduğu qədər uşaqlar üçün də sadə,
mənalı və anlaşıqlıdır:
Bu ölkə bizim ölkə,
Bu vətən bizim vətən!
Qürbət eldə ən şirin
Söhbətim, sözüm Vətən!
…Selin
damarımda qan,
Yelin ciyərimdə can,
Sənə gərəksə qurban
Olaram özüm,
Vətən!
Göylərində bir quşam,
Hüsnünə vurulmuşam.
Sənsiz bir qara daşam,
Ay canım,
gözüm Vətən!
Bundan başqa,
Rafiq Yusifoğlunun vətənpərvərlik şeirləri təbiiliyi
və dərin səmimiyyəti ilə səciyyələnən qiymətli
obrazlı poetik örnəklərdir.
Şairin vətənpərvərlik mövzusunda yazdığı şeirlər bir-birini
təkrar etməyən orijinal bədii nümunələrdir.
Rafiq Yusifoğlu Azərbaycan vətənpərvərlik
poeziyasının geniş və böyük,
fərqli və təkrarsız mənzərələrini yaratmışdır.
Məsələn,
“Dağlar,
dərələr”
şeiri Azərbaycan şeirində çox müraciət edilmiş bu
mövzuda yeni poetik sözdür:
…Gözəllik
xətrinə hər yan dağılıb,
Biri dikələndə,
o biri çöküb…
Dərə hesabına dağlar dağ olub,
Dağın əzabını dərələr çəkib.
…Ucadan
hər tərəf gözəl görünür,
Dağların başında ildırım çaxır,
Dərədən zirvəyə duman sürünür,
Zirvədən dərəyə bulaqlar axır.
Uçmağa yer gəzir köçəri quşlar,
Şimşəklər buludu doğrayır,
biçir.
Dağların başına yağan yağışlar
Bütün dərələrin qoynundan keçir.
Son illərdə Rafiq Yusifoğlunun Qarabağ mövzusunda
yazılmış ilhamlı şeirləri Azərbaycan poeziyasının
qəhrəmanlıq notları kimi mühüm əhəmiyyətə malikdir.
Qubadlıda doğma ata ocağını itirmiş şairin yurd
həsrəti şeirləri təsirli qəlb çırpıntılarının təbii
poetik ifadəsindən yoğrulmuşdur.
Qarabağın işğaldan azad edilməsi,
tarixi Zəfərin qazanılması haqqında da poeziyamızda
ən yaddaqalan şeirlərin sırasında Rafiq Yusifoğlunun
poetik örnəklərinin də özünəməxsus yeri vardır.
Çap etdirdiyi
“Zəfər
dastanı”
kitabı Rafiq Yusifoğlunun mənzum Qarabağnaməsidir.
Rafiq Yusifoğlunun dərin səmimiyyəti və incə lirizmi
ilə səciyyələnən şeirləri axıcı və oxunaqlıdır.
Şeirlərinə çoxlu sayda mahnılar yazılması da
yaradıcılığındakı lirizmin mühüm göstəricisidir.
Rafiq Yusifoğlunun həyatı və fəaliyyəti uşaq
mətbuatı və ədəbiyyatı ilə üzvi şəkildə əlaqədardır.
Azərbaycan uşaq ədəbiyyatının inkişafında Rafiq
Yusifoğlu imzası ilə çap edilən şeirlər və poemalar
xüsusi bir poeziya çələngi təşkil edir.
Onun uşaq şeirləri müəllim
–
şairin tərbiyəvi düşüncələrinin,
yeni nəsillərin ideya-mənəvi
təkamülü ilə bağlı arzularının orijinal poetik
tərənnümündən ibarətdir.
Rafiq Yusifoğlu şeirlərinin uşaq və gənclərə daha
doğma olması,
onların qəlbinə və yaddaşına asanlıqla həkk edilməsi
baxımından mövzunun seçilməsinə,
yıgcamlığa,
şeir dilinin sadəliyinə və ahəngdarlığına xüsusi
fikir verdiyi üçün dillər əzbərinə çevrilən poetik
örnəkləri meydana qoya bilmişdir.
Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı ən yaxşı
şeirlər Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil
olmuşdur.
Azərbaycan uşaq mətbuatının inkişafında da Rafiq
Yusifoğlunun mühüm xidmətləri vardır.
Ölkəmizin uşaq mətbuatının öndə gedən nümunələrindən
biri olan
“Göyərçin”
jurnalının son qırx ilə yaxın bir mərhələsindəki
təkamülü və inkişafı Rafiq Yusifoğlunun adı və
fəaliyyəti ilə üzvi surətdə bağlıdır.
O,
1985-ci
ildən bu günə qədər fasiləsiz olaraq
“Göyərçin”
jurnalında müxtəlif vəzifələrdə fəaliyyətini davam
etdirməkdədir.
Harada çalışıb-işləməsindən
asılı olmayaraq,
Rafiq Yusifoğlu üçün
“Göyərçin”
jurnalının uşaqların ideya-mənəvi
inkişafına xidmət etmək missiyasını layiqli şəkildə
həyata keçirməsi onun üçün əsas vəzifə olmuşdur.
Rafiq Yusifoğlu Azərbaycan uşaq ədəbiyyatı və
mətbuatının
“Göyərçin”
məktəbinin yaradıcısıdır.
“Göyərçin”
jurnalında şöbə müdirliyindən məsul katibliyə və baş
redaktorluğa qədər keçdiyi şərəfli və məsuliyyətli
yol həm də Azərbaycan uşaq ədəbiyyatının inkişafının
Rafiq Yusifoğlu mərhələsidir.
Rafiq Yusifoğlu bədii yaradıcılıqla elmi fəaliyyəti
paralel şəkildə davam etdirir.
O,
ədəbiyyatşünaslıq elmi sahəsində də məsuliyyətli və
şərəfli yol keçmişdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsil alan Rafiq Yusif oğlu Əliyev
1984-cü
ildə
“Azərbaycan
poemasının inkişafı problemləri”
mövzunda namizədlik,
2006-cı
ildə isə
“XX
əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”nə
həsr edilmiş doktorluq dissertasiyası müdafiə
etmişdir.
Rafiq Yusifoğlu Azərbaycan ədəbiyyatşünaslıq elmində,
necə deyərlər,
poemaşünas alim kimi tanınır.
Azərbaycan ədəbiyyatında poemanın tarixi təkamülü,
mövzu-ideya,
janr-üslub
və sənətkarlıq xüsusiyyətlərinin dərindən və əsaslı
şəkildə tədqiqi Rafiq Yusifoğlunun ədəbiyyatşünaslıq
elmi sahəsindəki xidmətidir.
Elmi rəhbərlik və rəsmi opponentlik vasitəsilə də o,
yeni nəsil ədəbiyyatşünasların formalaşması və
inkişafına öz töhfələrini verir.
Uzun illər Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun,
hazırda isə
Folklor İnstitutunun
Dissertasiya şurasının və Sumqayıt Dövlət
Universiteti elmi şurasının üzvi kimi filologiya
elmləri doktoru,
professor Rafiq Yusif oğlu Əliyev ölkəmizdə elmi-ədəbi
və pedaqoji-maarifçi
mühitin inkişafına şərəflə xidmət göstərir.
Uzun illərdən bəri ali məktəblərdə dərs deməkdə
davam edən professor Rafiq Yusifoğlunun filologiya
fakültələrinin tələbələri üçün yazıb nəşr etdirdiyi
“Ədəbiyyatşünaslığın
əsasları”,
“Uşaq
ədəbiyyatı”,
“Müasir
ədəbi proses və ədəbi tənqid”,
“Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”
dərslikləri yeni nəsil müəllimlərin və
ədəbiyyatşünasların formalaşdırılmasına öz
töhfələrini verir.
“Ədəbiyyatşünaslığın
əsasları”
eyniadlı fənnə dair müstəqillik illərində meydana
çıxan ilk və gərəkli dərsliklərdən biri kimi ali
məktəblərdə bu boşluğu doldura bilən əhəmiyyətli
tədris-metodiki
ədəbiyyat nümunəsidir.
Onun
“Uşaq
ədəbiyyatı”
dərsliyi də bu adda mövcud olan azsaylı dərsliklər
içərisində seçilən kitabdır.
Rafiq Yusifoğlunun özünün də uşaq şairi olması və
müəllimlik etməsi onun
“Uşaq
ədəbiyyatı”
dərsliyində ədəbiyyatın bu qolunun mahiyyəti və
vəzifələrinin,
inkişaf yolu və istiqamətlər,
habelə
əsas
simalarının daha əhatəli şəkildə və obyektiv təqdim
edilməsinə şərait yaratmışdır.
“Müasir
ədəbi proses və ədəbi tənqid”
adlı dərs vəsaiti isə Rafiq Yusifoğlunun
özünün seçmə kurs kimi müəyyən etdiyi fənnin yeganə
dərs vəsaitidir.
Bu dərs vəsaitindən respublikamızda müasir ədəbi
prosesdən və ədəbi tənqiddən seçmə fənlərin tədris
olunduğu digər ali məktəblərdə də istifadə oluna
bilər.
Bütövlükdə isə
bu
kitablar Rafiq Yusifoğlunun müstəqillik dövründə ali
məktəb dərslikləri yaratmaq sahəsindəki
xidmətlərinin göstəricisidir.
Bundan başqa,
Rafiq müəllim orta məktəblər üçün də yeni
dərsliklərin hazırlamasında yaxından iştirak edir.
Onun
2009-cu
ildə birinci sinif şagirdləri üçün çap etdirdiyi
“Ana
dili”
(“Əlifba”)
adlı oxu kitabından məktəblərdə dərslik kimi
istifadə olunur.
Bundan başqa,
Rafiq Yusifoğlunun
2019-cu
ildə nəşr etdirdiyi
2
cildlik
“Yaddaş
kitabı”
orta və ali məktəblərdə istifadə olunan uşaq
poeziyası antologiyası kimi şagirdlər və tələbələr
üçün faydalı istinad mənbəyidir.
Göründüyü kimi,
Rafiq Yusifoğlu çoxcəhətli yaradıcılıq fəaliyyətə
malik olub,
bədii yaradıcılıqla elmi tədqiqatçılıq işini və
pedaqoji fəaliyyəti özündə birləşdirən və bu
istiqamətlərin hər birində səmərəli şəkildə xidmət
göstərən tanınmış yaradıcı simadır.
Rafiq Yusifoğlunun keçdiyi şərəfli yol,
əldə etdiyi mühüm
nailiyyətlər ədəbiyyat işinə və elmə xidmətin bariz
nümunəsidir.
Oxuculara təqdim edilən Rafiq Yusifoğlunun həyatı və
ədəbi-elmi
fəaliyyətinə həsr olunmuş
“Biblioqrafiya”
onun mənalı tərcümeyi-halının
və çoxcəhətli yaradıcılıq yolunun zəngin və qiymətli
bir salnaməsidir.
Təqdim edilən
“Biblioqrafiya”
həm Rafiq Yusifoğlunun ömür və sənət yoluna və həm
də ədəbiyyatımızın və elmimizin yarım əsrdən artıq
bir dövrdəki inkişafına,
ən başlıcası isə sabahına bələdçilik edə biləcəkdir.
İsa Həbibbəyli,
AMEA-nın
prezidenti,
akademik