Görkəmli şəxsiyyətlər Rafiq Yusifoğlu haqqında

Rafiq, poemanı oxudum. Çox təsirli və səciyyəvi bir məsələdən bəhs edirsən. Müharibənin yaraları indi də göynəyir. Sən o ağır illəri görməsən də nəfəsini hiss edirsən. Poema göstərir ki, səndə şairlik istedadı var. Misraların çoxu axıcı və səlistdir. Söz seçməkdə az çətinlik çəkirsən.

İsmayıl Şıxlı,

xalq yazıçısı


Rafiq Yusifoğlunun “Qış” şеiri maraqlıdır. Müəllif özünə-məxsus boyalarla, səmimi yumorla qışın portrеtini yaratmağa çalışır. Yaşından asılı olaraq hər kəsin qışı nеcə qəbul еtdiyini poеtik dillə təsvir еdir, əsasən də buna nail olur: Qış da bir qocadır, ancaq nədənsə Onun qocalarla söhbəti tutmur.

Məmməd Araz,
xalq şairi


Rafiq Yusifoğlu Azərbaycan dilini çox gözəl bilən şairlərimizdəndir.

  Qabil,

xalq şairi


Ədəbiyyatımızın bütün dövrlərini obyektiv təhlil etməyi ba-caran namuslu adamlarımız da az deyil. Bu baxımdan mən yazıçı və alim Rafiq Yusifoğlunun “Azərbaycan poeması: axtarışlar və perspektivlər” kitabını lazımınca dəyərləndirirəm.

Anar,

xalq yazıçısı


İlk dəfə məktəbə qədəm basan Azərbaycan uşaqları Abbas Səhhətin, Abdulla Şaiqin şeirləri ilə birlikdə Rafiq Yusifoğlunun da bir-birindən gözəl, mənalı şeirlərini oxuyur, əzbərləyirlər. Ədəbiyyata, şeirə-sənətə gedən yolun başlanğıcında onlara Rafiq Yusifoğlu poeziyası bələdçilik edir. Bu da təsadüfi deyildir. Bu gün Rafiq Yusifoğlu nəinki çağdaş uşaq ədəbiyyatımızın sayılıb-seçilən, görkəmli nümayəndələrindən biri, hətta cəsarətlə deyə bilərəm ki, birincisidir. Bu gün uşaq ədəbiyyatının yaranması, nəşri, tədqiqi və təbliği sahəsində Rafiq müəllimin xidmətləri çox böyükdür.

Nizami Cəfərov,

akademik


Rafiq Yusifoğlunun hər şeirində obrazlı, poetik deyimlər adamı heyrətləndirir.

Zahid Xəlil,

filologiya üzrə elmlər doktoru, professor


Rafiq Yusifoğlunun şeirlərində mənim xoşuma gələn təfəkkür aydınlığıdır. Fikri çılpaq şəkildə yox, poetik ifadələrlə, obrazlı dil ilə, həm də asan başa düşüləcək bir şəkildə oxucuya çatdırmaq onun şeir yaradıcılığının məziyyətləri kimi yadda qalır.

Nəriman Həsənzadə,

xalq şairi


Rafiq Yusifoğlunun alimlik fəaliyyəti ilə tam tanış deyiləm, ancaq poeziyasını sevirəm. Uşaqlar üçün də, böyüklər üçün də çox gözəl yazır, çox gözəl nəğmələri var.

Hüseyn Abbaszadə,

xalq yazıçısı


İstedadlı şair Rafiq Yusifoğlu, necə deyərlər, babasına çəkmişdir. Nuşirəvan müəllimin (“İstot” təxəllüslü Molla-nəsrəddinçi şair Nuşirəvan Kərimovun – Redaktor) yandırdığı poeziya ocağının kül altda qalan közünü sönməyə qoymamışdır.

Qasım Qasımzadə,

şair-ədəbiyyatşünas


Rafiq Yusifoğlu elə daş-qaşdı ki, bir küncü ədəbiyyat-şünaslıqdı, bir küncü şairlikdi, bir küncü nasirlikdi... Bu sakit, təmkinli adamın canında bunların hamısı cəm olub. Hardasa üç-dörd insan lazımdı ki, Rafiq kimi alim olaydı, daha heç nə yazmayaydı, Rafiq kimi şair olaydı, daha heç nə yazmayaydı...

Fikrət Sadıq,

şair, Əməkdar incəsənət xadimi


Rafiqdən Səhhət ətri, Şaiq ətri, Səməd Vurğun ətri gəlir. Xeyirxahlıqla, qayğıkeşliklə doludur onun canı.

İlyas Tapdıq,

şair


Adi daş, çiçək, yağış, ağac, bulaq, quş, şəlalə Rafiq Yusifоğ-lunun pоeziyasında sehrli bir dоna bürünür, adilikdən çıxıb mənalanır, canlanır, görünür, dil açıb danışır.

Tofiq Mahmud,

şair


Rafiq Yusifoğlunun uşaqlar üçün yazıb çap etdirdiyi şeirlər həmişə diqqətimi cəlb etmişdir. O, hər şeydən əvvəl, uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyə yatımlı müxtəlif kəşflər edir. Bəs görəsən böyüklər üçün yazdığı şeirlərdə də Rafiq öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyümdə bu sualla “Yazıçı” nəşriyyatının nəşr etdiyi “Ocaq yeri” kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyüklər üçün olan yazılarında da özünə sadiqdir.

Hikmət Ziya,

şair, əməkdar incəsənət xadimi


Təbiətin təsvir və tərənnüm fоnunda sоsial məsələlərdən danışmaq, özünün fərdi vətəndaşlıq mövqeyini ifadə etmək üsulu Rafiq Yusifоğlunun şeirlərində nəzərə çarpan keyfiyyətdir.

Əksəriyyəti lirik оvqat üzərində köklənən bu şeirlərin çоxu gerçəkliyin оbrazlı dərki, оnun fərdi pоetik təfəkkürdə “özünün-küləşdirmək” keyfiyyəti ilə seçilir. Оnlarda insan qəlbinin ən incə, şəffaf duyğuları sıralanır. Səmimilik və kоnkretlik, dоğma yurda, vətənə, xalqa, millətə, insana – bəşərə məhəbbətin pоetik şahidlərinə çevrilir…

Zaman Əsgərli,

professor


Rafiq Yusifoğlu “Qəm karvanı” poemasında eşqdən və Füzu-li dərdindən canında olan yanğıları ulu şairimizə yüksək məhəb-bətlə dilə gətirməyə çalışır. Hər addımında, hər dikəlişində, hər söylənişində Rafiq Yusifoğlunun başının üstündə Füzuli zirvəsi-nin zəhmi hiss olunur.

Məmməd Aslan,

şair


Rafiq Yusifoğlunun bacarığı ondadır ki, o, “quru” mövzu-larda da bədii cizgilər tapır. Onun belə əsərlər yazması uşaq poeziyamıza yeni ruh, yeni nəfəs, yeni üslub gətirir.

Ağa Laçınlı,

şair


Mən həmişə Rafiq Yusifoğlunu sözlərinə oxşayan görmü¬şəm: özü də sözləri kimi sakit, utancaq, hay-küyü sevməyən, isti və yapışıqlı... Rafiq Yusifoğlunun şeirləri oxucu ilə dil tapmağı, mehr-ülfət bağlamağı bacarır, çünki o, könül söhbəti eləyir...

Məhərrəm Qasımlı,

professor


Rafiq Yusifoğlu poeziyasının dili səlis, şirin və canlıdır, onun poeziyasında obrazlılığa xidmət etməyən, emosionallıq və eks-pressivlik yaratmayan dil vahidi tapmaq çətindir. Bu da səbəbsiz deyil: birincisi, ona görə ki, şair özünəqədərki şifahi və yazılı ədəbiyyatımızın incəliklərini yaxşı mənimsəyib; ikincisi, özünün də dediyi kimi: “...Səməd Vurğun, Şəhriyar, Məmməd Araz və başqa bu kimi sənətkarlarımızın əsərlərində Azərbaycan dili dağ şəlaləsi kimi çağlayır”. Heç şübhəsiz ki, bu zənginlik şairin poeziyasından da yan ötməyib; üçüncüsü Rafiq Yusifoğlu filo-logiya üzrə elmlər doktoru, professordur. Bu da onun dilinin səlisliyinə istər-istəməz müəyyən qədər təsir etmişdir; dördüncü¬sü, şairin dilindəki kamillik onun poetik təfəkkürünün zənginliyi ilə bağlıdır. Rafiq Yusifoğlu poeziyası geniş və sistemli şəkildə tədqiqini gözləyir.

Əzizxan Tanrıverdi,

filologiya üzrə elmlər doktoru, professor


Rafiq Yusifoğlu poeziyası ilə tanış olduqda oxucu onun zən-gin poetik irsinin həm kəmiyyət, həm də keyfiyyət göstəricisi qarşısında heyrətini gizlədə bilmir. ... Vətən timsalında Qubadlı dağlarının qaya-süxur möhkəmliyini, bu torpağın su-hava saflığı¬nı, insanların əqidə bütövlüyünü şeirlərinə hopduran Rafiq Yusif-oğlunun poetik “mən”i Gülhana çevrilən böyük Nazim Hikmətin və Heydərbaba dağı timsalında Azərbaycan ruhunu ifadə edən dahi Şəhriyarın poetik “mən”ləri ilə paralelləşə bilir.

Elman Quliyev,

filologiya üzrə elmlər doktoru, professor


Rafiq Yusifoğlu gündəlik həyatında təbiətən emosional oldu-ğu kimi, ədəbi-bədii yaradıcılığında da duyğusaldır. Şeirlərində gözəlliyə, uğurlu bədii detala, estetik tapıntıya özü heyrətləndiyi kimi, oxucunu da heyrətləndirir, şərə, naqisliyə, yalana, haqsız¬lığa qarşı etirazını gizlətmir. Bədii sözün qüdrətinə inanır, poetik dilin, polifonik ədəbi-estetık və fəlsəfi təmayüllərin ifadə imkan¬larının intəhasızlığını bilir, bədii mətnin strukturu və təqdimatın¬da bütövlüyə çalışır.

Əsgər Rəsulov,

filologiya üzrə elmlər doktoru, professor


Rafiq Yusifoğlu - ədəbi prosesdə, məşğul olduğu elm sahəsində, mətbuat aləmində kifayət qədər tanınmış, yaradıcılığı ilə çoxdan etiraf olunmuş şair, ədəbiyyatşünas və publisistdir. Rafiq Yusifoğlu ciddi elm adamıdır, elmlər doktorudur, profes-sordur. Onun Azərbaycan poemasının inkişaf problem¬lərinə aid tədqiqatı bu mövzuda ən sanballı bir elmi əsərdir, “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi, monoqrafiyaları və müasir ədəbi proseslə bağlı qələmə aldığı onlarla məqalələri də onu bir tənqidçi və ədəbiyyatşünas kimi tanıdıb. İbtidai siniflərin bir çox dərslik-lərinin müəllifidir və müasir uşaq ədəbiyyatının inkişafında da Rafiqin xidmətlərini unutmaq olmaz.

Vaqif Yusifli,

tənqidçi, filologiya üzrə elmlər doktoru


Rafiq Yusifoğlu təkcə poeziyası, elmi araşdırmaları, “Göyərçin” jurnalındakı fəaliyyəti ilə adını xalqımızın tarixinə yazma-yıbdır. Onun canlı fəaliyyətinin mühüm bir hissəsi universitet auditoriyası ilə bağlıdır.

Mahmud Allahmanlı,

filologiya üzrə elmlər doktoru, professor


Elə şair var ki, onun şeirində bir poetik ifadə tapanda sevinirsən. Rafiq Yusifoğlunun şeirləri isə başdan-ayağa poetizmlə doludur. Şeirinin hər misrasında poetizm nümunəsi, hər bəndində “diri söz” bolluğu Rafiq Yusifoğluna məxsus ən yüksək poetik keyfiyyətdir.

Vaqif Qurbanov,

pedaqoji elmlər doktoru, professor


Ədəbiyyatşünas-alim, tərcüməçi, nasir, şair, pedaqoq, jurna¬list və nəhayət, uşaqlar üçün çap edilən “Göyərçin” jurnalının baş redaktoru olan Rafiq Yusifoğlu bəlkə də hər gün gördüyümüz, səmimiyyətlə salamlaşdığımız, amma böyük poetik dünyasından ətraflı məlumatımız olmayan istedadlı söz sahibidir. Onun ömür karvanının yükü poeziya inciləridir. Həqiqətən də, Rafiq Yusifoğlunun qələmindən çıxan hər bir şeir nümunədir, dərin poetik məzmuna, sənətkarlıq xüsusiyyətlərinə malikdir.

Flora Xəlilzadə,

şair-jurnalist


Rafiq Yusifoğlu son illərdə uşaq ədəbiyyatımızın inkişafına öz töhfəsini verən, məhsuldar fəaliyyəti ilə ədəbi tənqidin, geniş oxucu kütləsinin diqqətini cəlb etmiş istedadlı sənətkarlardandır.

Bilal Həsənli,

ədəbiyyatşünas


Rafiq Yusifoğlunun şeirlərində Azərbaycan türkcəsinin şirin-liyi var. Misralar axıcı, rəvan, kəlmələr, ifadələr aydın, anlaşıqlı və yerli-yerində. Hiss olunur ki, o, uşaqlıqdan xalq ədəbiyyatı çevrəsində, folklor mühitində böyüyüb, boya-başa çatıb. İndi işğal altında gözləri yol çəkən Qubadlının el-oba adətləri, etnoq¬rafik dəyərləri, folklor mühiti Rafiq Yusifoğlunun şair, alim kimi yetişməyində təbii ki, az rol oynamayıb.

Adil Cəmil,

şair, filologiya üzrə fəlsəfə doktoru


Rafiq Yusifoğlu – bu sakit, mülayim, mədəni insan, həm də uşaqların sevimli şairidir. Müəllifin neçə-neçə şeirlər kitabı məktəblilərin sevə-sevə oxuduqları kitablardandır. Onun, həqiqətən dəyərli şeir kitabları nəşr olunmuşdur. Ancaq məhz “Uşaq ədəbiyyatı” kitabında Rafiq Yusifoğlu özünü uşaq ədəbiyyatının kamil bilicisi kimi tam aydın mövqeyi ilə təsdiq etmişdir.

Əzizə Türkan Əhmədova,

yazıçı, filologiya üzrə fəlsəfə doktoru

 

<< Geri