Rafiq Yusifoğlunun ədəbiyyat, elm, sənət haqqında fikir və mülahizələri

Bu danılmaz həqiqətdir ki, mənim yaradıcılığımın şah damarı poeziyadır. Ədəbiyyatşünas Rafiq Yusifoğlu da, tərcüməçi Rafiq Yusifoğlu da, jurnalist Rafiq Yusifoğlu da, müəllim Rafiq Yusifoğlu da əslində şair Rafiq Yusifoğlunun köməkçiləridir. Yaradıcılıq prosesində şair Rafiq Yusifoğluna həm ədəbiyyat-şünas – tənqidçi, həm tərcüməçi, həm jurnalist, həm də müəllim Rafiq Yusifoğlu nəzarət edir. Şairlik isə öz növbəsində digər sahələrdəki fəaliyyətimə yardımçı olur. Özü də bir qədər dərindən baxsan, mənim yaradıcılığımdakı çoxşaxəlilik bir-birinə yad sahələr deyil, hamısı ümumi ədəbiyyat sarayının bir-birini tamamlayan balaca hücrələridi. Mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu…


Sözlə ən çox oynayan, onun nazını çəkən şairlərdir. Şairin gözlərinə gözəl görünən kimi, söz onun qəlbində ulduzlar kimi sayrışır. Şair müəyyən mənada söz ağacına bənzəyir. Həyat hadi-sələrini sənətkarlıq süzgəcindən keçirib bədii əsərə çevirən şairin çiçəkdən çiçəyə qonub bal çəkən arıya da bənzəri var.


Söz hikmət sarayının kərpiсləridir. Xalqımızın keşməkeşli tarixi də sözlər vasitəsi ilə bizə yadigar qalıb. Hikmətli söz onu yaradanın heykəli sayılmalıdır.


Bədii əsərdə təsvir olunan həyat hadisələri, müəllifin ideyası, təsvir obyektinə, mövzuya münasibəti, obrazların hərəkət və davranışları, forma elementləri bir-biri ilə elə qaynayıb qarışır ki, bunlardan hansının əsas, hansının ikinci dərəcəli olmasını söylə-məyə heç lüzum da yoxdur. Сanlı orqanizmdə funksiyasız üzv tapmaq mümkün olmadığı kimi, bədii əsərdə də əhəmiyyətsiz, heç bir ədəbi missiyanı yerinə yetirməyən sənətkarlıq komponenti olmamalıdır.


Sənət əsərlərində məcazlardan, bədii təsvir və ifadə vasitələrindən, müxtəlif bədii missiyanı yerinə yetirən rəngarəng poetik fiqurlardan istifadə edildiyi üçün məna çox zaman sözün alt qatında olur.


Obrazlılıq bədii ədəbiyyatın cövhəri, bədiiliyin əsas meyarıdır. Məhz obrazlı deyim tərzi sənət əsərinə ecazkar bir don geyindirir. Söz obrazlı olanda gözəlləşir, daha da cazibədar görünür. Obrazlı deyim, bədii söz ilahi bir qüdrətə malikdir. Ümumi söz ədəbiyyatı ilahi sənət taxtından yerə çırpır, onu adi, yoruсu danışığa, söz-söhbətə çevirir. Öz sözünü obrazlı deyə bilməyən şairin, yazıçının adi adamlardan nə fərqi ola bilər? Hər şeyi ümumi sözlərlə demək mümkün olsaydı, heç yazıçıya, şairə ehtiyac da qalmazdı.


Uğurlu bədii detal sözçülükdən, uzun-uzadı müəllif xarakteristikasından yaxa qurtarmaq, lakonizmə nail olmaq vasitəsidir. Bəzən sənətkar iki-üç səhifəlik təsvirlə demək istədiyi sözü bir xarakterik detalla ifadə edə bilir.


Doğrudan da, əsərdə bədii detal Arximedin istinad nöqtəsi kimi bir şeydir. Yazıçı bu istinad nöqtəsini tapan kimi onun vasitəsi ilə keşməkeşli bir epoxanın real mənzərələrini yaratmağa, xarakterləri açmağa, öz əsas ideyasını, bədii məramını ifadə etməyə nail olur.

“Ədəbiyyatşünaslığın əsasları”


Ədəbi-nəzəri fikir bədii əsərin ideyası, məzmun və forması, onun strukturu, süjet və kompozisiyası, obrazlar sistemi, rəngarəng sənətkarlıq komponentləri, bədii təsvir və ifadə vasitələri, dili, eləcə də həyatı nə şəkildə əks etdirmənin prinsipləri haqqında düşüncələr sistemidir və o, müxtəlif mərhələlər keçərək bugünümüzə qədər gəlib çıxmışdır. Ədəbi-nəzəri fikir əsrlərdən bəridir ki, bədii əsər necə olmalıdır sualına cavab axtarır və bu axtarışlar indi də davam etməkdədir.

“Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”


Tarixi abidələr çoxdur və onları qoruyub saxlamaq, gələcək nəsillərə təhvil vermək son dərəcə vacib məsələdir. Ancaq bu danılmaz həqiqətdir ki, hətta ən möhtəşəm qalanı belə bircə anın içində məhv eləmək, izini-tozunu yer üzündən silmək asan işdir. Lakin elə abidələr də var ki, onları yerlə yeksan etmək sadəcə qeyri-mümkündür. Çünki bu abidələrin özülü də, divarı da, hörgüləri də, döşəməsi, tavanı da güllə batmaz, qılınc kəsməz, bomba partlatmaz sözdən ibarətdir. Canlılardan canlı olan sözün canını almaq sadəcə mümkünsüzdür. Sözü məhv etmək cəhdi yeni-yeni söz-söhbət predmetinə çevrilir. Söz elə bir yeddi başlı sehrli əjdahaya bənzəyir ki, onun hər başını kəsəndə yerindən neçə-neçə başlar əmələ gəlir və bu, həndəsi silsilə ilə artmaqda davam eləyir. Sözü məhv eləmək üçün gərək yer üzündə olan bütün insanları məhv eləyəsən ki, bu da sadəcə olaraq təsəvvürə gəlmir. Ona görə ki, sözü də, insanı da Ulu Allah yaratmışdır. Allahın yaratdığını isə Allahın özündən başqa heç kəs məhv eləyə bilməz…


Şeiri təhlil etmək, dəyərləndirmək, incələmək üçün incə ruhlu, poetik duyumlu ədəbiyyatşünaslar lazımdır. Bu olmayanda yüksək peşəkarlıq, nəzəri hazırlıq belə köməyə gəlmir. Şeir araşdırıcısı hər sözün alt qatını, sətiraltı mənasını görməyi, duymağı bacarmalıdır. Yaxşı şeirlə miyanə şeiri, bədii sözlə adi sözü bir-birindən seçməyi bacarmayanların poetik əsərləri araşdırmaq istəyi Don-Kixotun yel dəyirmanı ilə vuruşması kimi bir şeydir.

Mayası halallıqla yoğrulan əsl şeirdə haqqın nuru var. Bu mənada şeir bəşəriyyətə yol göstərən iman nuru, iman işığıdır. İşıq istəyən isə daim yanmalıdır. Çünki yanğı yoxdursa, işıq da yoxdur. Günəş yanır, işıq saçır, şam yanır, işıq saçır, ürək yanmasa, işıqlı şeir də yaranmaz…


Mən nə vaxtsa bədii sözü məna ocağının közlərinə bənzətmişəm. Doğrudan da, bədii söz olmadan üşüyən oxucunu isidən, onun ürəyində yaşamaq, sevib-sevilmək, gözəllikdən zövq almaq eşqi oyadan gözəl sənət əsərləri təsəvvür eləyə bilmirəm.

Bədii söz dünyanı ayrı şəkildə görmə və ayrı şəkildə əksetdirmə, mənalandırma nəticəsində yaranır. Yaradıcılıqda bədii mənalandırma olduqca vacib məsələdir. Şair, yazıçı hər hansı bir həyat hadisəsini mənalandırmağı bacarmırsa, ədəbi uğurdan söhbət belə gedə bilməz. Bədii həqiqət məhz bədii mənalandırma nəticəsində yaranır. Bədii söz “şeh düşəndə üşüyən çiçəkdi”, “bülbülün bağrını yediyi üçün ağzı qanlı çıxan gül”dü…

“Bir nigari ənbərinxətdir könüllər almağa, Göstərir hərdən niqabi-qeybdən rüxsar söz” –deyən ulu Füzuli nə qədər haqlı idi! Doğrudan da, bədii söz elə bir məna niqabına bürünmüş gözəldir ki, onu duymayan, “üstünə nəzəri fikir açarları”, “meyarları” ilə gələn lovğa, təkəbbürlü tənqidçiyə, ədəbiyyatşünasa heç zaman üzünü göstərməz…

Bədii söz elə bir çiçəkdir ki, onun gözəlliyini hər göz görə, qoxusunu hər ciyər hiss edə bilməz… Təəssüf ki, “nəzəri fikir qasırğası” çiçəyə bənzəyən bədii sözün üstünü “cəfəngiyyat tozu” ilə örtməkdən başqa bir şeyə yaramır…


Tənqidçini gözəl çiçəklə oxucu arasında bitən qanqala, tikana bənzədən yazıçı çox haqlıdı…Bulanıq suda balıq tutmaq asandır. Təəssüf ki, çox zaman bütün ədəbi cərəyanlar, izmlər, dolaşıq nəzəri mülahizələr əsas fikri, müəllif qayəsini açmaq əvəzinə, elə bil ki, onu ört-basdır eləməyə xidmət edir. Məna gözəlliyini, incə məqamları görə bilməyən, bədii mətni incələməyi bacarmayan tənqidçilər, ədəbiyyatşünaslar şeiri təhlil etməkdən çox, öz “nəzəri hazırlıqlarını” gözə soxmağa çalışırlar… Bu da əslində bədii mətndəki incə məqamları görə bilməməyi gizləməyə xidmət edir. Başqa sözlə desək, bədii mətni duymayan, ondakı incə mətləbləri görə bilməyən bəzi tənqidçilər öz səriştəsizliklərini nəzəri fikir, nəzəri mülahizələrlə ört-basdır eləməyə çalışırlar. Əslində bədii yaradıcılığın özü kimi, bədii dəyərləndirmədə də istedad ən əsas amildir. Genetik kod – içində dünyaya obrazlı şəkildə baxış pəncərəsi yoxdursa, heç bir bədii sözün yaranmasından və onun dəyərləndirilməsindən söhbət belə gedə bilməz.…


Çox təəssüf ki, indi ədəbiyyatşünaslıq elmimizdə və ədəbi tənqidimizdə ayrı-ayrı dövrlərdə, ayrı-ayrı yaradıcı şəxsiyyətlər tərəfindən yaranan əsərləri, rəngarəng janrlı bədii mətnləri xarici nəzəri-estetik meyarlarla dəyərləndirmə meyli özünü göstərmək-dədir. Belə çıxır ki, xaricilər necə düşünürsə, biz də elə düşünməli, onlar necə yazırsa, biz də elə yazmalıyıq?! Bu ona bənzəmirmi ki, tutalım, xaricdə şortiklə gəzirlər deyə, bizdə şalvar geyinənləri qeyri mədəni adlandıraq və ya əksinə? Qərb düşüncə tərzi, əxlaqi və estetik meyarları ilə Şərq düşüncə tərzi, əxlaqi və estetik meyarları eyni ola bilərmi?

Təəssüf ki, yağı yağlıq, ayranı ayranlıq eləyən “ədəbi proses nehrəsinə” məhsulun keyfiyyətini öyrənmək üçün Avropa qaşığı uzadırıq. Belə bir el deyimi var: “Damarına baxıb qan alarlar”… Təəssüf ki, bizim bəzi ədəbiyyatşünaslarımız Avropa ədəbiy-yatının damarına baxıb, Azərbaycan ədəbiyyatından qan almaq cəhdi göstərirlər…


Ədəbi meyarlar birbaşa bədii forma məsələsi ilə əlaqəlidir və hər xalqın özünəməxsus, əsrlərin sınağından çıxmış ədəbi janrları vardır. Qloballaşma, ədəbi-mədəni əlaqələr düşüncələrin yaxınlaşması ilə əlaqədar eyni həyati problemləri sənətin mövzusuna çevirməyi, ortaq janrlardan istifadəni belə gündəmə gətirir. Lakin unutmaq lazım deyil ki, nə qədər yaxınlaşma olsa belə, bədii düşüncə millidir, ona görə ki, birbaşa mühitlə, adət-ənənələrlə, milli psixologiya, milli əxlaqi dəyərlərlə bağlıdır. Kim özgə paltarı geyinib toya getmək istəyər? – Heç kim… Bədii əsərin də öz libası olmalıdır… Öz məzmununa uyğun…


Bədii mətndəki incəliyi duymaya-duymaya yazılan şərh nə qədər nəzəri hazırlığa malik insanın qələmindən çıxsa belə, sətirlər arasından işaran məna işığını “nəzəri pərdəyə” büküb, onu görünməz eləyir…


Özünün yerini bilməyən sözünün də yerini bilmir. Sözünün yerini bilməyəndən isə şair, yazıçı olmaz.


Bədiilik sözü şahlıq taxtına qaldırır, onu cilalayır, itiləyir, ovxarlayır, kəsərini, təsir gücünü, emosionallığını qat-qat artırır. Bədii söz canlıdır, yaşayır, nəfəs alır, yanır, nur saçır, həyəcanlandırır, düşündürür, ağladır, güldürür…

 …Sözümü özünə dost-simsar sananlar da olub, sözümü söz eləyənlər də. Mənim söz ağacım neçə dəfə bar verəcək, – deyə bilmərəm… Ancaq onu bilirəm ki, bədii sözdən alınan həzzi heç nə əvəz eləyə bilməz… Çünki bədii söz, doğrudan da, məna ocağının közləridi, bədii söz poetik duyumlu insanı biganəlik sazağından qorumaq gücündədi…


Öz “Sarı gəlin”i, “Sudan gələn sürməli qız”ı, “Sona bülbüllər”i, “Küçələrə su səpmişəm”i, “Ay bəri bax”ı, “Üçtelli durna”sı, “Aman nənə”si, “Bəh-bəh”i, “Gəl-gəl”i, “Almanı atdım xarala”sı, “Yaxan düymələ”si, “Xumar oldum”u, “Güləbatın”ı, “Ay qız heyranın ollam”ı, “Qara gilə”si, “Apardı sellər Saranı”sı və onlarla bu kimi dəyərli mahnıları olan xalq özgə malına göz dikərmi? Oğruluğu heç nəyi olmayanlar eləyər.


Digər xalqların nəzəri meyarları ilə milli zəmində formalaşan poetik janrları dəyərləndirmək istəyi xalqımızın ədəbiyyatına, mənəviyyatına, tarixinə əcnəbi gözü ilə baxıb onu dəyərləndirmək kimi bir şeydir. Ədəbi-mədəni abidənin sirlərini kənarda yox, həmin abidənin yaradıldığı mühitdə axtarmaq, milli psixologiya və milli poetikanın qanunauyğunluqlarını nəzərə almaq lazımdır. Azərbaycan qıfılbəndini Avropa açarı ilə açmaq meyli doğru elmi nəticələrə gətirib çıxara bilməz. Ona görə ki, şərqlini şərqli, qərblini qərbli, dərdlini dərdli, kasıbı kasıb, varlını varlı, alimi alim, şairi şair daha yaxşı başa düşə bilər… Belə düşünürük ki, xalqın poetik təfəkküründən süzülüb gələn bayatıları məhz həmin xalqın poetik duyumu, nəzəri-estetik görüşləri, milli ədəbi-bədii meyarlar prizmasından dəyərləndirmək lazımdır.


Əgər televiziya məkanımızın təbliğatı nəticəsində bu gün Şirin Zərdablı Həsən bəy Zərdabidən daha məşhur, daha populyardırsa, bu gün bizim elmdən, mədəniyyətdən, uşaq ədəbiyyatından ağızdolusu danışmağa haqqımız yoxdu… Gəlin ulularımızın ruhunu özümüzdən incik salmayaq, gəlin Mirzə Cəlil demişkən: papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşək…


Uşaq ədəbiyyatının ümumi ədəbiyyatın ayrılmaz tərkib hissəsi, onun aparıcı, özü də spesifik qollarından biri olması danılmaz faktdır. Bunu şərtləndirən ən böyük amil isə onun uşaqlara ünvanlanması, dünyanın, həyat hadisələrinin, insanların qarşılıqlı münasibətlərinin bədii dərki, eləcə də tərbiyə işi ilə birbaşa bağlı olması ilə əlaqədardır. Elə buna görə də yeni nəslin dünyagörüşünün, həyat bilgisinin, bədii zövqünün, təxəyyülünün formalaşmasında uşaq ədəbiyyatı müstəsna əhəmiyyət kəsb edir.


Uşaq ədəbiyyatı uşaqla həyat arasında mənəvi körpüdür, ədəbiyyatımızın, mədəniyyətimizin strateji əhəmiyyətə malik bir sahəsidir. Uşaq ədəbiyyatının dili sadə, aydın, obrazlı olmalıdır.


Uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı arasında elə bir keçilməz sərhəd, Çin səddi yoxdur. Bu ədəbiyyatların hər ikisinin qida mənbəyi həyat və rəngarəng, ibrətamiz həyat hadisələridir. Təcrübə göstərir ki, hansı bədii əsərin mərkəzində yazıçı məramının ifadəsinə xidmət eləyən xarakterik süjet varsa, həmin əsərlərə uşaqlar daha çox maraq göstərirlər.


Uşaq ədəbiyyatı, saf uşaq dünyası milliyyətindən, irqindən asılı olmayaraq hamını insan kimi tərbiyə eləyə bilər. Belə olsa, ölkələr arasında tikanlı, keçilməz, qorunan sərhədlər qalsa belə, mədəniyyətlər arasında sərhəd götürülər, insanlar bir-biri ilə insan kimi davranar, bizim görkəmli uşaq yazıçımız Abdulla Şaiq demişkən hamı anlayar ki:

Həpimiz bir günəşin zərrəsiyiz,

Həpimiz bir səma pərvərdəsiyiz…

Bu mənada mənə elə gəlir ki, bəşər mədəniyyətinin ortaq nümunələri olan əsərləri oxuyan bütün dünya uşaqlarını insanpərvərlik ruhunda tərbiyə eləmək olar. Bu isə bütün ölkələrdə  sülh və əmin-amanlığın bərpasına gətirib çıxara bilər…

Necə deyərlər, birliyin, dostluğun, qardaşlığın, ləyaqə­tin, insana məxsus bütün müsbət mənəvi-əxlaqi keyfiyyətlərin yolu dünya uşaq ədəbiyyatından keçir…

“Ədəbi proses”


Əsl ədəbiyyat, incəsənət əsəri oxucu, tamaşaçı səviyyəsinə enməməli, onları öz səviyyəsinə qaldırmalıdır. Ancaq sənət adamları arxayınlaşmamalı, müasir insanın, gəncliyin arzu və düşüncələrini, onların marağını öyrənib məhz bu tələbata əsasən dövrün, zəmanənin yüksək bədii siqlətli ədəbiyyat, incəsənət, musiqi əsərlərini yaratmağa cəhd göstərməli, çalışmalıdırlar.


Professionallar oxucu marağını nəzərə almayanda, oxucunun, tamaşaçının səviyyəsizliyindən şikayətlənib ondan üz döndərəndə, öz daxili sənət dünyasına qapılanda qeyri-professionalların onları sıxışdırıb aradan çıxaracağı şəksizdir. Ədəbiyyat və incəsənət dövrün, zamanın bədii inikası olduğu üçün ədəbi prosesdə bunları nəzərə almaq olduqca zəruridir.


Bütün bu deyilənləri nəzərə alaraq, ədəbi prosesə belə bir tərif vermək olar: “Ədəbi proses həyatda, cəmiyyətdə, insanın daxili dünyasında, mənəviyyatında, arzu və düşüncələrində, xəyallarında gedən rəngarəng proseslərin bədii ədəbiyyatda əks olunma mərhələsidir”.

İlham səfərbəredici qüvvəyə malikdir. O, sənətkarı hər hansı tarixi hadisəni əks etdirmək, qəhrəmanların hiss və həyəcanlarını yenidən yaşamaq əzabına qatlaşmaq üçün səfərbər edir. Dünyagörüşü isə ilhamı cilalayır, onun axarını lazımi məcraya yönəldir. İstedadla, ilhamla dünyagö¬rüşünün, həyat təcrübəsinin vəhdəti böyük ədəbi uğurların rəhnidir.


Böyük Füzuli deyirdi ki: “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni. Surəti halım görən surət xəyal eylər məni.” Yaradıcılıq prosesi məhz heyrət məqamıdır və bu məqam ilhamın gəldiyi andır.


Toxum hər torpaqda bitə bilmədiyi kimi, hər mövzu da hər sənətkarın ürəyini ehtizaza gətirmir, onda yaradıcılıq şövqü – ilham oyatmır. Həyat həqiqəti sənətkar ilhamı ilə mayalanmasa, o, bədii həqiqət səviyyəsinə yüksələ bilməz. İlham bədii əsərin hərəkətverici qüvvəsidir. Həyatda adi adamların görə bilmədiyi gözəlliyi görüb həyəcanlanmaq, ilhama gəlmək yalnız istedadlı adamlara nəsib olur. Hər hansı bir havanı çalarkən musiqi alətini kökləmək lazım gəldiyi kimi, sənətkar da yaradıcılıq prosesinin başlanğıcında köklənməli, ilhama gəlməlidir.


Yaradıcılıq prosesini göydə buludun dolub yağışın yağmasına da bənzətmək olar. Yazıçının müşahidələri də damcı-damcı, zərrə-zərrə toplanıb “bulud” kimi dolur. Bu dolma yaradıcılıq prosesinə tam hazırlıq məqamıdır. Elə bir məqam ki, yazıçının düşüncə və xəyalında da göylərdə olduğu kimi ildırımlar şaqqıldayır. Bulud köksündəki yağışdan qurtulub rahat olmaq istədiyi kimi, yaradıcı adam da içini göynədən sözləri damcı-damcı kağız üzərinə səpələyir.

Həyat həqiqəti məsələnin, hadisənin, canlının, predmetin zahirən görünən tərəfidi. Onun görünməyən tərəfi isə yaradıcı təxəyyülün, bədii sözün, sənətin gücü ilə göstərilir. Həyat həqiqəti sənətkarın yaradıcılıq karxanasına xammal kimi daxil olub, onun zəngin düşüncələri vasitəsilə emal olunduqdan sonra müxtəlif bədii formalı, müxtəlif çeşidli hazır məhsul kimi - şeir kimi, poema kimi, hekayə kimi, novella kimi, povest kimi, roman kimi, dram kimi, komediya kimi, faciə kimi, esse kimi yenidən həyata qayıdır.


Xarakteri şərtləndirən əsas cəhətləri onun mənsub olduğu, təmsil etdiyi ictimai mühitdə axtarmaq lazımdır. Məhz bu aparıcı sosial cəhətlər özlüyündə fərd olan qəhrəmanı tip səviyyəsinə qaldırır.

Uşaqlarda poetik duyum güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə uyğundur. Çünki bu təfəkkür böyüklərin dünya-görüşünə, həyata münasibətinə nisbətən daha poetikdir, obrazlıdır, romantikdir. Uşaq otun, çiçəyin, quşun, heyvanın danışığına, ayın küsməsinə, ulduzların göz vurmasına, şeh düşəndə çiçəklərin üşüməsinə, yarpaqların pıçıltısına, çayların mahnı oxumasına, buludların ağlamasına və s. bu kimi ifadələrin doğruluğuna qətiyyən şübhə etmir.

 

<< Geri