Görkəmli şair və ədəbiyyatşünasın ilk romanı
Tarix: 30-09-2021 15:16
Azərbaycan
Respublikasının əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas,
publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq
Yusifoğlu bu dəfə oxucuların görüşünə yeni janrlı bir əsərlə gəlmişdir.
Qələmini ədəbiyyatın müxtəlif ədəbi növlərində sınayan və həmişə uğur
qazanan Rafiq Yusifoğlunun yeni kitabı “Xiffət” adlanır. Bu əsər şairin ilk
romanıdır.
İlin əvvəlində
oxucuların görüşünə qələbəmizin poetik salnaməsi sayılan sanballı “Zəfər
dastanı” şeirlər kitabı ilə gələn Rafiq Yusifoğlunun ilk romanının da əsas
mövzusu Qarabağ hadisələridir. Müəllif bir ailənin taleyi timsalında
müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Əsərin
mərkəzində qoyulan əsas hadisə həyatdan qaynaqlansa da, müəllif onu öz
sənətkar təxəyyülü ilə daha da zənginləşdirmiş, ümumiləşdirmiş,
çətinliklərdən, ağrılardan, əzablardan keçən zəfər yolumuzun dolğun
mənzərəsini ustalıqla yarada bilmişdir.
Müəllifin şairliyi və
alimliyi romanın strukturuna, üslubuna əhəmiyyətli dərəcədə təsir
göstərmişdir. Belə ki, əsərdə tarixi faktlardan, görkəmli şair və
yazıçıların, filosofların, siyasət adamlarının fikir və mülahizələrindən
yeri gəldikcə istifadə olunmuşdur. Bu, hadisələrin mahiyyətini daha dərindən
anlamağa, onun tarixi köklərini açmağa, bu günün hadisələrinin məhz haradan
qaynaqlandığını göstərməyə yardımçı olmuşdur. Müəllifin hadisələri, tarixi
faktları poetik dillə mənalandırma ustalığı əsərin məziyyətlərini qat-qat
artıran bir vasitəyə çevrilmişdir.
“Xiffət” romanını
oxuyanda Qarabağ hadislərinin başlanğıcından, Xocalı faciəsindən,
torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin
müzəffər Azərbaycan
ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələrin
mənzərələri göz önündə canlanır. Qlobal məsələlərin, xalqın keşməkeşli ömür
yolunun qəhrəmanların fərdi taleyi ilə vəhdətdə təsviri pomanın əsas
məziyyətlərindən biri hesab oluna bilər.
Müəllif təxəyyülünün
məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan,
qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların
hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə
fonunda təsvir olunmuşdur.
Əsər boyu xiffət-nastalgiya
əsas fikrin, müəllif qayəsini açılması üçün maraqlı, səciyyəvi bir bədii
vasitəyə çevrilir. Qəhrəmanların ağrılı-əzablı ötən günləri xatırlamaları
fonunda həm keçmiş hadisələr xatırlanır, həm də bu düşüncələr vasitəsi ilə
obrazların hiss və həyəcanları təsvir olunur, onların xarakteri açılır.
Keçmiş, indi və gələcəyin vəhdəti haqqında düşüncələr hadisələrin
mahiyyətini daha dərindən anlamağa yardımçı olur.
ADPU nəşriyyatında
nəfis şəkildə çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra
Əkbərovadır.
Ümid edirik ki,
Rafiq Yusifoğlunun digər əsərləri kimi onun “Xiffət” romanını da oxucular
maraqla qarşılayacaqlar.
Günel Hüseynova,
Filologiya üzrə fəlsəfə doktoru