Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın
10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan
olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən
sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə
daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona
təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan
Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında
arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan
MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri
vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi
orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər
Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra,
1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi
Komitəsində bölmə rəisi təyin edilib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini
bitirib.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi
Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə
DTK-nın sədr müavini təyin edilib.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali
Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını
müvəffəqiyyətlə bitirib.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin
edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi seçilib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və
SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə
SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini
tutub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin
dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin
iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə
rəhbərlik edib.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. iKP MK
Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən
istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə
əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına
qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış
kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin
ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin
iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını
tərk edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev
iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan
SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan
Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq
qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali
Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə
kimi çalışıb.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
konfransında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına
görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü
rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı
şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini
toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident
seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş
Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar
namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının
Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda,
Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni,
Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib,
iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif
ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri
adlarına layiq görülüb.
|