Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində
Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi
xüsusi yer tutur. Dahi şəxsiyyətin bu sahədəki əvəzedilməz
xidmətləri iki mərhələyə ayrılır:
1) Müstəqillik illərinə qədərki dövrdə
kitabxana işinin inkişaf etdirilməsində ümummilli lider
Heydər Əliyevin xidmətləri;
2) Müstəqillik illərində kitabxana işinin inkişafında dahi
rəhbər Heydər Əliyevin rolu.
Heydər Əliyev ümumi Müstəqillik illərinə qədərki dövrdə bu sahədəki
fəaliyyətini böyük əzmlə bir neçə istiqamətdə həyata
keçirirdi:
- dövlət büdcəsindən kitabxanaların saxlanılmasına və
inkişafına ayrılan xərcləri artırırdı;
- yeni nümunəvi kitabxana binalarının tikintisini
genişləndirirdi;
- kitabxana fondlarının zənginləşdirilməsinə diqqəti
artırmağı tövsiyə edirdi;
- kitabxana işçilərinin, xüsusən kənd yerlərində
işləyənlərin ali təhsil almalarına əlverişli şərait
yaradırdı;
- böyük və tarixi qədim olan kitabxanaların yubileylərini
keçirirdi və s.
Ulu öndərin qayğısı nəticəsində kitabxana işi üçün ayrılan
xərclər ildən-ilə artırılır, yeni binalar tikilirdi. Məhz
Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan
1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə
çatmışdı. Həmin dövrdə respublikamızda demək olar ki, hər il
kitabxana binaları tikilirdi. 1975-ci ildə kitabxanaların
sayı 110 vahid çoxaldı, eləcə də bu məqsədlə büdcədən
ayrılan vəsait artırıldı. Həyata keçirilən tədbirlər
nəticəsində 1976-1980-ci illərdə Azərbaycanda dövlət büdcəsi
hesabına 415 kitabxana binası tikildi.
1981-ci ildə təkcə Mədəniyyət Nazirliyinin xətti ilə 80
kitabxana istifadəyə verilmişdi. Ümumiyyətlə, 1970-1980-ci
illərdə Azərbaycanın bütün rayon mərkəzlərində vahid tipli
kitabxana binaları tikilmişdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində kitabxana
fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal
və elmi məcmuələrin alınmasına xüsusi fikir verilirdi. Bütün
bunların nəticəsində sovet dövründə Azərbaycan
kitabxanalarının fondlarının zənginləşdirilməsinin zirvə
nöqtəsi məhz həmin illərdə oldu. Müqayisə üçün bu fakt
əhəmiyyətlidir ki, əgər 1923-cü ildə M.F.Axundov adına
Azərbaycan Dövlət Kitabxanasının (indiki Milli Kitabxananın)
fondunda 20 min 441 nüsxə, 1940-cı ildə 612 min 207 nüsxə
kitab var idisə, 1973-cü ildə bu rəqəm 3 mln. nüsxəyə
çatdırılmışdı.
Azərbaycan KP MK bürosunun 1973-cü il 19 dekabr tarixli
iclasında M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının
50 illiyinin keçirilməsi barədə qərar qəbul edildi. Yubiley
tədbirinin keçirilməsi respublikada kitaba olan marağı daha
da artıraraq xalqın mənəvi xəzinəsinin qorunması və
inkişafına diqqət və qayğını təcəssüm etdirdi.
Heydər Əliyev eyni zamanda Azərbaycanda ali təhsilli
kitabxanaçıların hazırlanmasına xüsusi önəm verirdi. Belə
mövqe kitabxanaların ali təhsilli kadrlarla təmin edilməsi
və ümumi mədəni səviyyəsinin yüksəldilməsi məqsədini
daşıyırdı.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələrkən
Azərbaycanda cəmi 3019 kitabxanaçı fəaliyyət göstərirdi.
Onların da yalnız 1436 nəfəri ali təhsilli idi.
Azərbaycan rəhbəri bu vəziyyətin düzəldilməsi istiqamətində
qətiyyətli tədbirlər həyata keçirdi. Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti)
Kitabxanaçılıq fakültəsinə tələbə qəbulu planı artırıldı.
Kənd rayonları üçün müsabiqədənkənar qəbul yerləri ayrıldı.
Artıq 1980-ci illərin əvvəllərində Azərbaycanda ali təhsilli
kitabxanaçıların ümumi çəkisi üstünlük təşkil edirdi. Hətta
ən ucqar dağ kəndlərinin kitabxanaçıları da ali təhsil
almağa başlamışdılar.
Tanınmış kitabxanaşünas alim, professor Abuzər Xələfov
yazır: “Kitabxana işinin qocaman mütəxəssislərindən,
yüksəkixtisaslı kitabxanaçı kadrlar hazırlayan ali təhsil
işçilərindən biri kimi böyük iftixar və minnətdarlıq hissi
ilə demək istəyirəm ki, ölkəmizdə yüksəkixtisaslı
kitabxanaçı kadrların hazırlanmasında Heydər Əliyevin
xidmətləri əvəzedilməzdir. O, respublikada rəhbərliyə
gəldikdən sonra 60-cı illərdə ləğv edilmiş kitabxanaları
bərpa etmək, yeni kitabxanalar açmaqla yanaşı,
yüksəkixtisaslı kitabxanaçı kadrların yetişdirilməsi işinə
də xüsusi diqqət yetirməyə başladı. Azərbaycanın kənd
rayonlarında yüksək ixtisaslı kadrların olmamasını nəzərə
alan Heydər Əliyev qısa bir zaman içərisində Bakı Dövlət
Universitetində fəaliyyət göstərən Kitabxanaçılıq
fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi, qəbulun artırılması üçün xüsusi göstəriş
vermişdi”.
“Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda kitab evi
açılmışdı. Bu münasibətlə keçirilən tədbirdə ulu öndərin
iştirak etməsi onun kitaba, xalqın maariflənməsinə və mənəvi
xəzinəsinə ciddi əhəmiyyət verdiyini göstərirdi. Heydər
Əliyevin həmin məsələyə diqqəti sayəsində qısa müddətdə
Azərbaycan rayonlarının siması başdan-başa dəyişmişdi. Heç
əbəs deyil ki, Moskvada oxuyan tələbə və aspirantlarla
1979-cu ilin dekabr ayında keçirilən gorüşdəki nitqində o,
deyirdi: “Söhbət yeni … mədəni-maarif və məişət obyektləri
tikintisindən gedir... söhbət Azərbaycan kəndinin simasının
əsaslı surətdə dəyişdirilməsindən gedir”.
Heç bir mübaliğəyə yol vermədən demək olar ki, Azərbaycan
kəndində ən yüksək mədəni inkişaf məhz Heydər Əliyevin
hakimiyyəti illərində baş vermişdir. Məhz həmin dövrdə
Azərbaycan kitabı kənddə yaşayan hər bir ailənin həyatına
daxil olmuşdu. Azərbaycan xalqı daha çox mütaliə edən xalqa
çevrildi. Azərbaycanda baş verən yüksək mədəni tərəqqini
hətta xarici ölkələrin tarixçiləri də qeyd edirdilər.
Tanınmış polyak tarixçiləri B.Baranovski və K.Baranovski
Azərbaycanda yüksək mədəni inkişafın məhz 1970-ci illərdə
olduğunu xüsusi vurğulayırdılar.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin Azərbaycanda
hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikada 1155
kitabxana tikilib xalqın istifadəsinə verilmişdi. Həmin
illərdə kitabxana işinin inkişaf səviyyəsi dəfələrlə yüksək
idi. Bu dövrdə 38,8 milyon nüsxə kitab fonduna malik 4245
kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində
kütləvi kitabxanaların sayı 1322 ədəd artmış, kitab fondu
isə 13,4 milyon nüsxə çoxalmışdı. 1981-ci ildə
respublikamızda bütün növdən (kütləvi, elmi, təhsil, texniki
və s.) olan kitabxanaların sayı 8905 ədəd, kitab fondu isə
29,8 milyon nüsxə olmuşdu.
Professor Abuzər Xələfov qeyd edir ki, “respublikamız bu
göstəricilərə görə də SSRİ respublikaları içərisində
əvvəlinci yerlərdən birinə yüksəlmişdi. Bu göstəricilərin
arxasında böyük yaradıcı əmək, iqtisadi-mədəni inkişaf,
ciddi təşkilatçılıq işi, Azərbaycan mədəniyyətinə, kitab və
kitabxana işinə xalq qayğısı, xalqın böyük oğlu Heydər
Əliyevin iradəsi dayanmışdı. Kitabxana işi sahəsində əldə
edilmiş ciddi nailiyyətlərin, böyük kəmiyyət və keyfiyyət
göstəricilərinin, əhaliyə kitabxana xidmətinin təşkilində
baş verən proseslərin və qazanılmış nailiyyətlərin elmi
təhlili məhz bu dövrün (1970-1985) respublikamızda kitabxana
işinin tarixində yeni mərhələ - Heydər Əliyev mərhələsi
olduğunu söyləməyə imkan verir”.
Müstəqillik illərində ikinci dəfə hakimiyyətə gələn ulu
öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kitabxana
işi sferasında da inqilabi çevriliş etdi.
Bu illərdə Heydər Əliyev kitabxanaların ləğv olunmasının
qarşısını aldı, onların qorunub saxlanılmasını təmin etdi.
1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə
kitabxanaların qorunub saxlanılması uğrunda mübarizə dövrü
hesab olunur. Kitabxanaların özəlləşdirilməsi, onların
binalarının başqa məqsədlər üçün istifadə olunması ümummilli
lider Heydər Əliyevin Fərmanı ilə qadağan edildi. Ölkədə
mövcud kitabxana şəbəkələri qorunub saxlandı. Kitabxana işi
tarixində bu illər 1993-1999-cu illəri əhatə edir. Məhz bu
illərdə Azərbaycan dövləti keçid dövrünün hər cür
çətinliyinə baxmayaraq, bir sıra ictimai təşkilatların
kitabxana şəbəkələri istisna olmaqla, dövlət kitabxana
şəbəkələrini qorumağa müvəffəq oldu.
Kitabxanaya yüksək qiymət verən Heydər Əliyev demişdir:
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir
yer, mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə də
kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş
etdirən amillərdəndir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə
gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox
böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada
çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”.
Ulu öndərin kitabxanalara qayğısı, respublikanın bütövlükdə
kitabxana sisteminin və şəbəkələrinin qorunub saxlanması
sahəsində həyata keçirdiyi tədbirlər diqqəti cəlb edir.
Ölkəmizdə ulu öndərin hakimiyyəti dövründə 1 milli
kitabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74
şəhər və mərkəzi rayon kitabxanası, 3744 kənd kitabxanası
fəaliyyət göstərmişdir. Orta hesabla əhalinin hər 700
nəfərinə bir stasionar kitabxana düşürdü. Kitabxanaların
fondunda 35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdı. Bir il
ərzində kitabxanalara 121,76 nüsxə kitab, 22 min nüsxə
audiovizual sənəd daxil olmuşdur. Bu ədəbiyyatın 101,18
nüsxəsini Azərbaycan dilində ədəbiyyat təşkil etmişdir.
Beləliklə, Heydər Əliyevin dövlət kitabxana siyasəti
respublika miqyasında aparılan kitabxana işinin əsasını
təşkil edir. Kitabxana işinə dair dövlət siyasətinin
formalaşdırılmasında Azərbaycan Respublikasının
Konstitusiyası əsas qanunvericilik bazası rolunu oynayır.
Ölkə vətəndaşlarının mədəni sərvətlərdən istifadə etmək
hüquqları Konstitusiyanın 40-cı və 50-ci maddələrində şərh
olunmuş, kitabxanaların hüquqları təsbit edilmiş, onların
qarşısında insanlara kitabxana və informasiya xidmətinin
yüksək səviyyədə, maneəsiz, qüsursuz və vaxtında təşkil
edilməsi vəzifəsi qoyulmuşdur.
1996-cı ildə Azərbaycanda “Kitabxana işi haqqında” qərar,
1998-ci ildə isə ölkəmizin tarixində ilk dəfə olaraq
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu
qəbul edildi. 29 dekabr 1998-ci ildə ölkə Prezidenti Heydər
Əliyev tərəfindən imzalanmış və həmin gündən qüvvəyə minmiş
Qanun, həmçinin “Kitabxana işi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart
1999-cu il tarixli Fərman qanunun ayrı-ayrı maddələrinin
yerinə yetirilməsinə cavabdeh olan dövlət orqanlarını
müəyyənləşdirmişdir.
“Kitabxana işi haqqında” Qanun dövlət siyasətinin əsasıdır.
Bu qanun Azərbaycan Respublikasında müasir dövrdə kitabxana
işi üzrə dövlət siyasətini əks etdirir. Qanunda deyilir: “Bu
Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində
dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və
kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının
formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların
maliyyələşdirmə mənbələrini, kitabxanalardan istifadə
sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi
sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən
edir”.
Bu gün məhz həmin Qanuna əsaslanan respublika əhəmiyyətli
kitabxanalarımız öz oxucularına kitabxana xidmətini təşkil
etməklə yanaşı, dövlətin kitabxana siyasətinin hazırlanması
və həyata keçirilməsində, kitabxanaların metodik təminatında
yaxından iştirak edirlər.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun və mütərəqqi
ideologiyasının layiqli davamçısı olaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrdə
olduğu kimi, ölkəmizdə kitab nəşri işinə və kitabxanaların
inkişafına böyük töhfələr verməkdədir. Buna nümunə olaraq,
Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” Sərəncamını, eləcə də 6 oktyabr
2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” kimi sənədləri göstərmək
olar.
Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycanda kitab
nəşri və kitabxanaçılıq fəaliyyəti önəmli və tarixi
ənənələrə malikdir. Məhz bu baxımdan Ulu öndər Heydər
Əliyevin əməli işlərinin məntiqi nəticəsi olaraq Prezident
İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasət öz
bəhrələrini verəcək, bu günün və gələcəyin əsasını təşkil
edəcəkdir.
Məmməd ƏLİYEV, AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının baş direktoru, professor
Şəhla TAHİRQIZI, AMEA-nın Mərkəzi Elmi
Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent
|