Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli
Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan Firidun bəy Köçərlinin
çox da uzun olmayan həyat yoluna nəzər saldıqda, onun qısa olan ömründə böyük
əməllərinin nə qədər qürurverici və yaddaşlara həkk olunduğunu görürük.
Mən Firidun bəy Köçərlinin tədqiqatçısı olaraq, hər xırda detallara xüsusi
həssaslıqla yanaşmağa çalışıram və bütün bunları mətbuat səhifələrində
işıqlandırmağı özümə borc bilirəm. Buna görə də bu dəfə mənə olunan müraciətlərə
görə, yazıda ilk olaraq görkəmli ədibin adının Firidun və yaxud Firudin olması
məsələsinə toxunmaq istəyirəm.
Azərbaycanın orfoqrafik şəxs adlarında bir çox isimlərin müxtəlif yazılış
formaları vardır. Firidun adının yazılışına istər ədəbiyyatda, istərsə də
həyatda iki cür formada rast gəlinir. Bəzi mənbələrdə Firidun,
bəzi mənbələrdə isə Firudin kimi yazılmış adlara rast gəlmək mümkündür. Lakin,
mən Firidun bəy Köçərlinin tədqiqatı ilə məşğul olduğum üçün akademiklərimizdən:
Məmməd Arif, Teymur Bünyadov, Feyzulla Qasımzadə, Bəkir Nəbiyev, Kamal
Talıbzadə, professorlarımızdan: Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Şamil
Vəliyev və başqalarının əsərlərinə istinad edərək “Ümmətdən-Millətə doğru”
irihəcmli monoqrafiyanı meydana gətirmişəm. Yuxarıda adlarını qeyd etdiyim
alimlərimizin əsərlərində məhz Firidun bəy Köçərlinin adı Firidun kimi, arxiv
sənədlərində isə “Ôèðèäóí Áåê Êî÷àðëèíñêèé” kimi qeyd olunmuşdur. Bunu
açıqlamaqda məqsədim, Firidun bəyin adının düzgün yazılışını nəzərə çatdırmaq
idi. Qeyd edim ki, Firidun bəyin adında iki “i” hərfi vardır.
Firidun bəy Köçərlinin yanvarın 26-da anadan olduğu gündür. Bu yazını ədibin
ruhuna hörmət olaraq dərc etdirirəm.
Firidun bəy Köçərli elə bir şəxsiyyətdir ki, hələ bundan sonra da aparılacaq
tədqiqatlarda, onun Azərbaycan xalqı üçün necə böyük işlər gördüyü aşkar
ediləcəkdir. Zamanında baş verən repressiyanın qurbanı olmuş dəyərli pedaqoq,
gözəl folklorşünas, ədəbiyyatşünas alim, hər zaman Azərbaycana düşmənçilik
siyasəti yürüdən erməni ekstrimistlərinin əli ilə qətlə yetirilmişdir. Firidun
bəy Köçərlinin şəxsi arxivinin izlərinin çox hissəsini yandıraraq məhv etsələr
də, tarixdən, sənədlərdən silsələr də, ürəklərdən silə bilmədilər. Firidun bəy
Köçərlini sevənlər, onun tədqiqatı ilə məşğul olanlar, illərlə damla-damla
müxtəlif arxivlərin sənədlərindən, insanların xatirələrindən materiallar
toplayaraq, əsərlər meydana gətirdilər və bu gün Azərbaycan oxucuları F.b.
Köçərli haqqında olan bu əsərləri sevə-sevə oxuya bilirlər.
1863-cü ilin 26 yanvar tarixində Qarabağın dilbər guşəsi Şuşada dünyaya göz açan
Firidun bəy Əhmədağa oğlu Köçərli, 1920-ci ilin 4 iyun tarixində Gəncədə
repressiyanın qurbanı oldu. Məzarının yeri məlum olmayan ədib, könüllərdə,
ürəklərdə özünə əbədi məskən saldı. F.Köçərli haqqında yazılan əsərlərdə, onun
sözün əsl mənasında gözəl bir insan, əsl ziyalı və əsl dəAzərbaycan kişilərinə
xas olan ciddi xasiyyətinin olduğunu, əslində isə qəlbən çox kövrək biri
olduğunu görmək olur. Firidun bəyin həyatda öz övladı olmasa da, tale bəxtinə
Badisəba kimi gözəl bir xanımı yazmışdı.
Badisəba xanım Azərbaycan xanımlarına məxsus xanım-xatınlığından, Firidun bəyin
qulluğunda bir uşaq kimi durmağından, qayğısını çəkməyindən və sədaqətli ömürgün
yoldaşı olmağından əlavə, həm də onun ən yaxın dostu, sirdaşı idi. Firidun bəyin
ailəsi Şuşada adlı-sanlı bir ailə olduğu kimi, Badisəba xanımın da ailəsi,
ümumiyyətlə nəsli Qazaxda sayılıb-seçilən nümunəvi ailələrdən-Vəkilovlardan idi.
Nə yaxşı ki, Firidun bəylə Badisəba xanımın taleləri Allah tərəfindən qoşa
yazılmışdı. Bu gözəl insanlar sanki bir-biriləri üçün dünyaya gəlmişdilər. İlk
sözdən, ilk baxışdan, ilk kəlmədən bir-birilərini anlayan həm Firidun bəy, həm
də Badisəba xanım yaşadıqları müddətdə övladları olmasa da bir-birilərinə qarşı
mehribançılığı və hörməti qoruya bildilər.
Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan
balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir. O, pedaqoji
fəaliyyəti dövründə Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında,
Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına
vicdanla xidmət etmiş, təsəvvürümüzdə yaratdığımız əsl müəllim obrazının canlı
nümunəsi olmuşdur. F.b.Köçərli müəllimlik peşəsini təkcə dərs deməklə bitmiş
hesab etmirdi. O, dərsdən sonra da öz şagirdlərinə nəzarət edir, bəzi hallarda
onların yaşadıqları evlərinə gedir və şagirdlərinin həyat tərzi, sosial
vəziyyətləri və təlim-tərbiyəsi ilə də maraqlanırdı. Firidun bəy istər dərs
zamanı, istərsə də dərsdən kənarda şagird və tələbələrinə eyni münasibəti,
mehribanlığı, göstərirdi. O, bunu özünün vətəndaşlıq, eyni zamanda da müəllimlik
borcu hesab edirdi. Firidun bəy azərbaycanlı tələbələrin sanki bir qoruyucusu,
müdafiəçisi idi. Bu onun Vətəninə, millətinə olan məhəbbətindən irəli gəlirdi.
Çarizmin, Azərbaycana olan mənfi münasibəti tarixdən məlumdur. F.b. Köçərli Qori
Müəllimlər Seminariyasında təhsil alan qeyri millətlərin tələbələri ilə,
Azərbaycan türklərinin (Azərbaycan tatarları da deyirdilər-P.M) tələbələrinə
qarşı olan soyuq münasibətin, ayrıseçkiliyin fərqini görürdü. Bütün bunlar
Firidun bəyi daxilən incitsə də, o ehtiyatlı olmağa, daim bu ehtiyatı qorumağa
çalışırdı. Lakin, bəzi hallarda səbəbsiz yerə cəzalandırılan azərbaycanlı
tələbələrin müdafiəsinə qalxırdı. Bu cür xüsusiyyətləri onu təkcə tələbələrin və
valideynlərin deyil, elə bir çox müəllimlərin də sevimlisinə çevirmişdi. Firidun
bəyi qəlbən sevən dostları, həmkarları çox idi, o hamı ilə necə davranmağı gözəl
bilirdi. Lakin, elə qüvvələr var idi ki, Firidun bəyi gözləri götürmürdü, onun
hər bir hərəkətini, danışığını izləyir və onu daim nəzarətdə saxlayırdılar.
Hətta bəzi hallarda onun haqqında “millətçi” sözünün dillərinə gətirir və onu
siyasi arenaya çəkməyə çalışırdılar. Bütün bunları görən Firidun bəyin ağlı,
düşüncəsi, kamilliyi onu bu şərli işlərdən qurtulmasına kömək edirdi. Firidun
bəy Köçərli hələ gənc yaşlarından müdrik insanlara xas olan ağıllı davranışı ilə
seçilirdi.
F.Köçərli yorulmaq bilmədən çalışan, daim mütaliə edən, başqa məktəblərdə olan
yenilikləri öyrənən bir pedaqoq, ziyalı idi. Çox təəssüf ki, repressiya qurbanı
olan alimin məhv olmuş arxivi, onun zəngin təsəvvürünün, gələcək planlarının üzə
çıxmasına deyil, məhv olmasına səbəb oldu. Nə yaxşı ki, ədib sağlığında
tələbələrinə bilik verməklə yanaşı, millətə, vətənə sevgi hislərini də aşılaya
bilmişdir və ürəklərdə xatirələrini yaşadaraq, iz qoya bilmişdir. Biz, müxtəlif
materiallarda önun tələbələrinin xatirələrində öz dəyərli müəllimləri haqqında
deyilmiş gözəl sözlərə rast gələ bilirik. Ədibin dahiyanə söyləmiş olduğu
kəlamlar bu gün də dillər əzbəridir. Firidun bəy çox düzgün olaraq qeyd edirdi
ki, “Bir milləti məhv etmək istəyirsənsə onun müəllimini savadsız, həkimini
kəmsavad et, biri onun ağlını, biri isə canını məhv eləsin”. Onun müsəlmanlara
müraciət edərək: “Ey insanlar oyanın, ümmətdən-millətə keçin” deməsi və yaxud
“Müəllim yanan bir çırağa bənzəyir, onun şöləsi isə şagirdləridir, çıraq yanır,
şöləsi isə ətrafı işıqlandırır” və.s. bu kimi dəyərli sözləri bu gün də öz
aktuallığını qorumaqdadır.
Firidun bəy Köçərli şərəfli ömür sürmüş, çox uzaqgörən bir insan olmuşdu. O,
gələcəyin həkimi, müəllimi, mühəndisi ola biləcək uşaqları elə hazırlayırdı ki,
sonradan da onlarla fəxr edə bilsin. Bu gün biz fəxr edə bilirik ki, Azərbaycan
təhsilinin Firidun bəy kimi müəllimləri olmuş və bu gün də məktəblərimizdə
müəllim şərəfini qoruyan, peşəsinə qəlbən bağlı olan dəyərli müəllimlərimiz
vardır ki, onlar da bu ənənəni davam etdirərək, Firidun bəy Köçərli kimi
müəllimlərin yolunu gedirlər.
Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən gözəl hədiyyəsi
onun yaratdığı əsərləri olmuşdur. Xüsusilə də Azərbaycan şairləri haqqında
yazdığı “Azərbaycan Türklərinin ədəbiyyatı” adlı əsəri mədəniyyətimizin
incilərindən hesab edilir. Minbir əziyyətlə yığıb topladığı bu əsər, sonradan
bir qədər artırılmış və “Azərbaycan ədəbiyyatı” adı ilə nəşr olunmuşdur. Bu
kitabın nəşri sovetlər dönəmində, Firidun bəyin ölümündən bir neçə il sonra
Badisəba xanımın zəhməti ilə ərsəyə gəlmişdir. Nə yaxşı ki, Firidun bəy
Azərbaycanın klassik şairləri, Nizami Gəncəvidən tutmuş M.Ə.Sabirə qədər olan
şairlərimiz haqqında dəyərli məlumatları zamanında ədəbiyyatımız üçün topladı və
bu gün biz klassiklərimizi tanıyır, ən əsası isə kimliyimizi bilirik. Nahaq
demirlər ki, Azərbaycan ədəbiyyatını F.b.Köçərli yaratmışdır.
Firidun bəy bütün peşələri sevib, rəğbət bəsləsə də, müəllimlik peşəsini bütün
peşələrdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur
adlandırırdı. Firidun bəyin təbirincə desək, “pis şagird yoxdur, şagirdi düzgün
anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan
uşağı belə tərbiyələndirsin”. Görkəmli ədib şagirdlərinə Vətənə sonsuz sevgi
aşılayaraq, qeyd edirdi ki, “Vətən təkcə sənin doğulub boya başa çatdığın şəhər,
qəsəbə, kənd deyildir. Vətən sənin anandır, Vətən bütövlükdə bir məmləkətdir. Bu
məmləkət isə Azərbaycandır. Azərbaycanı sevmək üçün məmləkətini, onun bütün
bölgələrini sevmək gərəkdir”.
Firidun bəyin yaradıcılığını nəzərdən keçirdikdə cəhalətə narazılığını,
haqsızlığın qəbulolunmazlığını da görürük. Ədibin ən böyük cəhalət hesab etdiyi
məsələlərdən biri isə kiçik yaşlı qız uşaqlarının erkən ailə qurması məsələsi
idi. O, hər çıxışında bu məsələyə toxunur, qızların təhsilə cəlb edilməsini ön
plana çəkirdi. Görkəmli pedaqoq, təhsilli qadının gələcəkdə övladlarını da
təhsilli böyüdəcəyini nəzərə çatdırırdı.
Firidun bəy Köçərli eyni zamanda Qurani-Kərimin gözəl bilicisi idi. Dininə
hədsiz hörmət bəsləyən ədib, hər zaman mövhumatın, xürafatın əleyhinə olmuşdur.
O, islamı düzgün təbliğ etməyənləri tənqid edirdi. Bu əksər hallarda dindarlar
tərəfindən yaxşı qarşılanmırdı. Dindarların məktəb üçün apardıqları siyasətin
düzgün olmadığını görən Firidun bəy, onlarla açıq-aşkar mübarizə aparırdı.
F.b.Köçərli el arasında çox böyük nüfuza sahib olduğundan, onu bu cür mübahisəli
məslələrdə müdafiə edənlər də olurdu. Hətta, uşaqlarını məktəbə vermək istəməyən
valideylərlə apardığı söhbətlərdən sonra onlar uşaqlarını özləri məktəbə
gətirirdilər.
F.b.Köçərli eyni zamanda gözəl ədəbiyyatşünas, həm də qərəzsiz tənqidçi idi. O,
zəif yazılmış əsərləri tənqid edərək, bu cür əsərlərin Azərbaycan ədəbiyyatında,
Azərbaycan mədəniyyətində heç bir tərbiyəvi əhəmiyyət daşımadığını qeyd edirdi.
O, hətta, öz qələm dostlarını da tənqid etməkdən çəkinmirdi. Azərbaycanın
ictimai-siyasi xadimi Nəriman Nərimanov öz məqalələrinin birində qeyd etmişdi
ki, “Əgər Firidun bəy mənim “Nadanlıq” əsərimi qamçılamasaydı, bu gün “Nadir
Şah” kimi əsər meydana gəlməzdi”. Bəli, tənqid qərəzsiz olanda nəticəsini görmək
olur.
Firidun bəy dilimizin qorunmasına daha çox diqqət edirdi. O, qələm sahibi
olanlardan xahiş edirdi ki, Azərbaycan lüğətinə yabançı-yad sözləri
gətirməsinlər. Bizim dilimiz sadə, axıcı və zəngindir, gərəkdir ki, dilimizi
qoruyaq.
F.b.Köçərlinin yaradıcılığı və həyatı haqqında yazılmış əsərləri nəzərdən
keçirdikdə, onun Azərbaycan ədəbiyyatına, mədəniyyətinə çox boyük töhfələr
verdiyini görürük. Yaşadığı dövrün necə çətin bir dövr olduğunu nəzərə alsaq,
istər təhsil baxımından, istərsə də dini baxımdan uşaqları məktəbə cəlb etmək,
kitab nəşr etdirmək və qəzet buraxdırmaq işinin nə ağır olduğunu, qızların
təhsilə cəlb edilməsi məsələsinin mümkünsüzlüyünü anlamaq olar. Qızların təhsil
alması məsələsinə gəlincə, bəzən öz həyatlarını təhlikədə qoyan digər
ziyalılarımız kimi, Firidun bəy Köçərlinin də həyatı üçün təhlükə yaranırdı.
Belə bir dövrdə, yəni 1912-ci ildə Firidun bəy Köçərli uşaqların təhsilə cəlb
edilməsində müəyyən formada təbliğat aparmağı bacarırdı. Belə ki, o, kiçik
balalarımız üçün “Balalara hədiyyə” adlı nağıl, təmsil və tapmacalardan ibarət
kitabı nəşr etdirir. O, bu yolla kitaba olan həvəsin artmasını, orada
yazılanlara marağın oyanmasını nəzərdə tutaraq balaca balalarımızı sevindirə
bilmişdir.
Firidun bəy Köçərlinin düşmənlərimizin əli ilə qətlə yetirilməsindən
artıq 100 il ötməsinə baxmayaraq, bu dahi şəxsiyyətin həyat və yaradıcılığı bu
gün də oxunur və araşdırılır.
Biz də öz növbəmizdə görkəmli şəxsiyyət Firidun bəy Köçərliyə
Allahdan rəhmət diləyir, harada dəfn olunmasını bilməsək də, qəbru nurla dolsun
deyirik.
Pərixanım Mikayılqızı,
AJB-nin üzvü, F.Köçərlinin tədqiqatçısı,
“Elm və Təhsil” qəzeti.-2020- ¹75-77 (375-377).- S.2.