Firidun bəy Köçərli

Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Onu böyüklü, kiçikli hamı sevir. Mütəxəssislərin də təsdiq­lə­dikləri kimi, folklorşünaslığın yaranması, şifahi xalq ədəbiyyatı­nın toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy Köçərlinin böyük xidmətləri olmuşdur.

“Azərbaycan ədəbiyyatı”nın müəllifi Firidun bəy Köçərli öz xalqının bəşər mədəniyyəti xəzinəsinə verdiyi inciləri sərraf kimi tapıb qiymətləndirməyi bacarmış, Azərbaycan ədəbiyyatının böyük ideallarla, sağlam və yüksək hisslərlə zəngin olduğunu iftixarla təhlil və sübut etmişdir. Bu görkəmli şəxsiyyət ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı. 

Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri  ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur.

Firidun bəy belə bir həqiqəti təsdiqləyirdi ki, “bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər ədəbiyyatı zəif və biməzmun olacaqdır... Xalqın sərvət və dövləti, şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır və bir məqama çatır ki, millət qisim-qisim nağıl və hekayələr düzməyə, sinədən sözlər və mahnılar toxumağa başlayır.”

Bu böyük şəxsiyyət M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir.

Azərbaycan ədəbiyyatı tarixinin bu yorulmaz və vətənpərvər tədqiqatçısı bir ədəbiyyatşünas kimi araşdırmalarına folklor nümu­­nələrini yazıya almaqla başlamışdır. Şifahi xalq ədəbiyyatının növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas alim qeyd edib ki, keçmişdə şan və qüvvət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair yaratdığı nağıl və hekayələr, gözəl mənzumələr, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tapmacalar, körpələrin qəlbini açan düzgülər və yanıltmaclar, heyvanat qisminə məxsus sayaçı sözləri  unudulmaqdadır. Böyük maarifpərvər  bu unudulmaq təhlükəsini duyaraq folklorumuzu toplamağa başlamışdı. O dövrlərdə məktəblərdə çalışan soydaşlarına yazdığı məktublarda toxunduğu məsələyə o, bir daha qayıdaraq göstərirdi: “O millət ki, öz tarixini, dolanacağını, vətənini və dilini sevir- bu qism əsərləri kəmali şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və uşaqların ilk təlim-tərbiyəsini onları öyrətməklə başlayır.”

F.Köçərlinin fikrincə uşaq dünyası çox zəngindir. Uşaqlarda poetik duyum çox güclüdür. Onların təfəkkürü yazıçı təfəkkürünə uyğundur. Firidun bəy Köçərli gənc nəsli düzgün tərbiyə etmək, onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Heç təsadüfi deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı vermişdir.

1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabçası   minlərlə oxucu tərəfindən rəğbətlə qarşılanır. “Balalara hədiyyə” haqqında Əli Sultanov yazırdı ki, “bu kitabdan vətən qoxusu, dağların ətri, köçərilərin tüstüsü gəlir”. Kazımoğluya görə, bu kitabdakı nağıl və hekayələr azərbaycanlıların ata-babadan qalma düzgü və tapmacaları, misal və nəğmələri “bizi keçmişimizlə aşina edir, bizi kəndimizə tanıtdırır və keçmişimizə qarşı bizdə milli bir duyğu oyandırır”.

Abdulla Şaiq belə hesab edirdi ki, “bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti – fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasından istifadə edə bilərlər. O, camaatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir”.

Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin   məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin  cümləsi onların dünyasındandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir.

Müəllif bu kitabda ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir. Firidun bəy Köçərli şifahi ədəbiyyatın tədrisinin təlimi, tərbiyəvi əhəmiyyəti, el ədəbiyyatının bədii-estetik dəyəri barədə çox gözəl fikirlər söyləmişdir. O, ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıcı sözlərindən, bayatılardan ibarət” olan el ədəbiyyatını cəmləşdirib çapa verməyi, itib-batmaqdan qorumağı müasiri olan ziyalıların başlıca vəzifəsi sayırdı. Deməli Firidun bəy Köçərli ədəbiyyatın öyrədilməsində məhz folklor materialları ilə başlamağı zəruri hesab edirdi. Bu təbii idi, çünki folklor söz sənətinin başlanğıcıdır, şagirdlər bunlarla hələ ailədə ikən tanış olur, məişətdə daim eşidirlər. Tarixi keçmişini, dilini, vətənini sevən inkişaf etmiş millətlər öz şifahi xalq ədəbiyyatı nümunələrini “kəmali-şövq və diqqətlə cəm edib, qiymətli sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları öyrətməklə başlayır”.

Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından dəyərli fikirləri təkcə bunlar deyil. Atalar sözləri və məsəllərin xalqın tarixi təcrübəsi və həyatı ilə bağlı yarandığını qeyd edən ədəbiyyatşünas nağılların çoxunun şadlıq ilə qurtardığını, qəhrəmanların bəla və müsibətlərə düçar olduqlarını, ağ div və əjdahalarla qarılaşdıqlarını göstərib, epik folklor nümunələrinin poetikasına yığcam şəkildə toxunmuşdu.

Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin tərbiyəsində böyük əhəmiyyətə malikdir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli uşaq əsərlərinin yazılmasına həmişə böyük ehtiyac olub. Uşaqları elm öyrənməyə, məktəbə getməyə həvəsləndirmək işində Firidun bəy Köçərlinin böyük xidmətləri var. “Balalara hədiyyə” kitabından “Oğlum” şeiri buna misaldır.

Ay afərin gül oğlum,

Gül oğlum, sünbül oğlum.

Oğlum, oğlum, naz oğlum,

Dərsindən qalmaz oğlum.

Qələmini al ələ,

Yaxşı-yaxşı yaz, oğlum.

Oğlum gedər məktəbə,

Oxur, çatar mətləbə.

Dərsin oxur rəvanlar,

Nə oxuyubdur, danışar...

Firidun bəy Köçərlinin bu şeiri yazmaqda məqsədi nəsihət verici sözləri ilə küçədə qaçmaq,  uşaqlarla savaşmaq, heyvanlara daş atmaq, quşları incitmək kimi əməlləri etməməyi şirin bir dildə balaca oxucusuna çatdırmaqdır.

Uşaqlar üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulmalı, coşqun və qaynar həyatımız öz bədii inikasını tapmalıdır. Bu uşaq yazıçılarını düşündürən aktual problemdir. Firidun bəy Köçərlinin folklorşünaslıq baxımından maraq doğuran fikirləri arasında nağıllarda heyvanat qisminin insana mənsub olan xasiyyətlərini ümumiləşdirib dəqiq səciyyələndir­mə­sidir.

“Balalara hədiyyə” kitabı Azərbaycan folklorunun ilk antologiyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlıdır, əzizdir. “Balalara hədiyyə” uşaqların fikrini aydınlaşdıran, xəyalını qanadlandıran, uşaqlara həyat və təbiət haqqında məlumat verən qiymətli bir inci xəzinəsidir.

O, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir.

F.Köçərli uşaq dünyası nəsri sahəsində səmərəli xidmət göstərən ədiblərimizdəndir. Onun yaratdığı əsərlərə həmişə ehtiyac vardır. Qeyd edim ki, 1965-ci il yanvarın 1-dən  Mədəniyyət  Nazirliyinin qərarı ilə kitabxanamız Firidun bəy Köçərlinin adını daşıyır. F.Köçərli adına Uşaq Kitabxanası olaraq bu sahədə üzərimizə çox mühüm vəzifələr düşür. Bizim ən ümdə vəzifəmiz böyük ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli əsərlərini onlara sevdirməkdir. Çünki, ulu öndər Heydər Əliyevin  söylədiyi kimi kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir. Balacaları vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxanaçılar çox çalışmalıyıq. Biz inanırıq ki, illər ötsə də hər dəfə uşaq ədəbiyyatından söz düşəndə uşaqların da, böyüklərin də sevimlisi F.Köçərli hörmətlə anılacaq, yada düşəcək. 

2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olmuşdur.

Firidun bəy Köçərlinin ədəbi irsi çox gec araşdırılıb, tədqiq olunub. Lakin son dövrlər Azərbaycan ədəbiyyatşünaslığı tarixin- də görkəmli rolu olan bu ziyalı öz layiqli yerini tutmağa başlamış, onun əsərləri çap olunmuş, haqqında sanballı monoqrafiyalar, elmi məqalələr yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2013-cü ildə Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında verdiyi Sərəncam buna daha bir sübutdur.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 2014-cü ildə bu böyük şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən “Firidun bəy Köçəli” adlı biblioqrafiya tərtib etmişdir.  Görkəmli şəxsiyyətin həyat və fəaliyətinin bütün dövrlərini əhatə edən bu biblioqrafiya iki hissədən ibarətdir. I hissə: Firidun  bəy Köçərlinin əsərləri; II hissə: Firidun bəy Köçərli haqqında. Vəsaitdə “Firidun bəy Köçərlinin müdrik fikirləri”, “Görkəmli şəxslər Firidun bəy Köçərli haqqında” yazılar da verilmişdir.

Gərgin əməyin və ciddi axtarışların nəticəsi kimi meydana gələn hər bir nəşr məhsulu kimi, bu kitab da yəqin ki, bir sıra xırda qüsurlardan xali deyildir. Ona görə də, biblioqrafik göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirir, təklif və iradlarını Firidun bəy Köçərli adına Uşaq Kitabxanasına göndərmələrini xahiş edirik.

Şəhla Qəmbərova,

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi

***

XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün Oqtay fədakarlığı və ehtirası ilə fəaliyyətə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz siması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX yüzilin “ilk rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi satira və publisistika sahəsində C.Məmmədquluzadənin, yeni şeir aləmində M.Ə.Sabirin, musiqi mədəniyyəti cəbhəsində Ü.Hacıbəyovun gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçərlinin üzərinə düşmüşdür”. O, böyük tənqidçi, Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının maariflənməsi və mədəni-siyasi tərəqqisi yolunda şam kimi əridən vətəndaş ziyalıdır.

Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsində doğulmuşdur. Onun ulu babası Məhəmməd Şuşaya Qarabağın Cavanşir mahalından köçmüşdü. Atası Əhməd ağa “Şuşanın ortabab bəylərindən idi. Bərdə yaxınlığındakı Əyricə kəndində onun xırda əkin sahəsi və tut bağı vardı. Ailəsi hər ilin qış fəslində Əyricə kəndinə gedər, baharın əvvəllərinədək orada yaşayardılar... Fars dilini yaxşı bilən Əhməd ağa Şərq klassiklərinin əsərlərini həvəslə mütaliə edər, Firdovsinin “Şahnamə”sindən bütöv fəsilləri əzbər deməklə həmvətənlərini heyran qoyardı”.

Firidun bəyin uşaqlığı məktəbə gedənə qədər ailə ilə birlikdə qışda Əyricə kəndində, yazda-yayda Şuşada keçmişdir. Atası onda şeirə-sənətə həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alaraq, Sədinin “Gülüstan” və “Bustan” əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini oxuyub öyrənir. Az sonra rus dilinin cəmiyyətdə, xüsusilə idarə işlərində daha böyük rol oynadığını və rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli olduğunu görən Əhməd ağa oğluna rusca təhsil vermək qərarına gəlir və Firidunu Şuşadakı rus məktəbinə qəbul olunmaq üçün hazırlaşdırır.

Firidun bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pedaqoq A.O.Çernyayevski (1841-94) ilə görüşür. A.O.Çernyayevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər Seminariyası haqqında söhbətləri gənc Firidun bəydə bu seminariyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus məktəbini bitirib 1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və imtahan verərək ZMS-nin Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi təhsil ocağı idi; tədris prosesində humanitar biliklərin və dillərin öyrədilməsinə ciddi fikir verilirdi. Seminariyada “sinifdən-kənar tərbiyə vasitələrindən geniş istifadə edilirdi. Şagirdlər tez-tez şəhərin ürəkaçan mənzərələrinə, habelə Tiflisə tənəzzöhə (gəzintiyə, ekskursiyaya – Z.Ə.) gedir, o zamankı Qafqazın ən izdihamlı şəhərlərindən olan bu paytaxtda teatr tamaşalarına baxırdılar. Hər bir şagird dərsdənkənar vaxtda oxuduğu əsərlərə dair xüsusi albom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov kimi sənətkarların tərcümeyi-hallarından müəyyən hissələr, Qoqol, Lermontov və L.Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar yazılır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da möhkəmləndirilirdi. Bütün bunlar... gələcək müəllimlərin mədəni, hazırlıqlı və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir göstərirdi”.

F.Köçərli Qori seminariyasında altı illik təhsilini başa vurduqdan sonra (1885) Azərbaycan türklərinin qədim yaşayış məskənlərindən və mədəni mərkəzlərindən olan İrəvan şəhərindəki gimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və hüsnxətdən dərs deyir, eyni zamanda pansion mürəbbisinin köməkçisi təyin olunur və bu işi də böyük ustalıqla yerinə yetirir. Gənc müəllim şəhərin ədəbi-mədəni mühiti, xüsusilə müxtəlif məktəblərin müəllim və müdərrisləri ilə tanış olur, onlarla pedaqoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib nümunə dərslərində iştirak edir. Eyni zamanda İrəvanın Azərbaycan məktəblərində çalışan bəzi müdərrisləri gimnaziyadakı təlim üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər deyirdi.

1890-cı ildə F.Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Bağçasaraya gedib İsmayıl bəy Qasprinski ilə görüşür. Onlar bir neçə gün İ.Qasprinskinin evində qonaq qalıb, İsmayıl bəydən və zövcəsindən “artıqlığıyla yaxşılıqlar”, hədsiz nəvazişlər görürlər. İ.Qasprinski qonaqlarını “Tərcüman”ın redaksiyası, mətbəədəki işlər, Krımın görməli yerləri, əyanları, yeni tipli məktəbləri, oradakı tədris üsulları, habelə Krımdakı “müsəlmanların dolanacağı” ilə tanış edir, rusların “fəqir və məzlum Krım tatarlarına bu qədər cəfayı rəva görüb də onların atabablarından qalan yerlərini məğrur və xudbin nemsələrə verməyi” barədə söhbətlərini dinləyir...

Gimnaziyada işləyərkən Firidun bəy İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən A.S.Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı”, M.Y.Lermontovun “Üç xurma ağacı”, M.V.Koltsovun “A kişi, niyə yatıbsan?” şeirlərini Azərbaycan dilinə çevirib, İrəvanda və Şuşada nəşr etdirir. Mühitdə öz bacarığı və savadı ilə dərin hörmət qazanan gənc Firidun bəy ədəbi prosesi də böyük həvəslə izləyir, təzə çıxan kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat toplayır, biliyini zənginləşdirir. 1895-ci ildə onun “Tatar komediyaları” adlı məqaləsi Tiflisdə “Novoye obozreniye” qəzetində çap olunur. Həmin ilin sonlarında Firidun bəy Qafqaz təhsil dairəsi popeçitelinin əmri ilə (30 oktyabr) Qori Müəllimlər Seminariyasına köçürülür və bu vaxtdan F.Köçərlinin elmi-pedaqoji və ədəbi-ictimai fəaliyyətinin yeni mərhələsi başlanır. Ədib seminariyanın qabaqcıl müəllim heyəti ilə sıx əlaqə saxlayır, oranın zəngin kitabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflisdə və Bakıda çıxan “Kavkaz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-Rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edir.

Qoriyə köçdükdən iki il sonra (1897) F.Köçərli Qazax qəzasının Salahlı kəndindən olan Badisəba xanımla (1881-1954) ailə qurmuş, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı altında yaşamışdır. Ərindən 18 yaş kiçik olmasına baxmayaraq, Badisəba xanım onunla məslək, əqidə dostluğu etmiş, Firidun bəyin sağlamlığı və rahat işləməsi üçün ailədə lazımi şərait yaratmaqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan həzz almışdır. Ədibin ölümündən sonra “Azərbaycan ədəbiyyatı” kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün Azərnəşrə təqdim edən də Badisəba xanım olmuşdur. 20 ildən artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da onların bir-birinə olan sevgisini soyutmamış, həm Firidun bəy, həm də Badisəba xanım tələbə və şagirdlərə böyük məhəbbətlə, ata-ana sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş kimi yetişməsi uğrunda yorulmadan çalışmış, bu yolda bütün enerjilərini sərf etmişlər.

1910-cu ilə qədər Qori seminariyasında müəllim işləyən F.Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra etmiş, 1917-ci il avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin edilmişdir. Lakin bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə hərcmərclik çoxalmış, Qori seminariyasının əvvəlki nüfuzu xeyli zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Vəziyyətin belə olduğunu görən F.Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan bölməsinin ləvazimatını Qazaxa köçürür. O, yerli ziyalıların köməyi ilə şagird toplayır və 1918-ci il sentyabr ayının 17-də Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəng çalınır.

Qazax seminariyasında direktor və pedaqogika müəllimi vəzifələrində işləyən F.Köçərli təkcə dərs demək, yaxud seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək üçün başqa işlərin də həyata keçirilməsinə nail olur: özfəaliyyət dərnəkləri təşkil edir, yaşlılardan ötrü savad kursları açır, yeni məktəblər, uşaq evi yaratmaq üçün təşəbbüs göstərir, xalq ədəbiyyatı nümunələri toplayır, Müsavat partiyasının Qazax bölməsinə rəhbərlik edir, bir sözlə, ADR-in təhsil siyasətini həyata keçirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bir çox başqa xalqsevər ziyalılar kimi Firidun bəyin də arzularını gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının əvvəllərində F.Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. Müsavatçı olduğu üçün ona “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib, xalqı aldatmış, əhalini incitmiş, kommunist partiyasının üzvlərini təqib etmiş, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəmiş, yerlərdə milli nifaq törətmişdir. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum etmiş və günahsız ədib 1920-ci il iyun ayının 5-də güllələnərək qətlə yetirilmişdir

 

***

XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziyalıların əksəriyyəti kimi F.Köçərli də ictimai fəaliyyət meydanına M.F.Axundzadə və H.Zərdabinin maarifçilik ideyalarının, onların başladığı işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm məktəbdə çalışır, uşaqlara bilik-savad öyrədir, həm məişətdə gördüyü mədəni geriliyə, köhnəliyə, cəhalətə, hər cür fanatizmə qarşı durub, camaatı mənəvi azadlığa, müasir təhsilə, əxlaqi saflığa, imana çağırır, həm də xalqın və söz sənətkarlarının yaratdığı bədii sərvəti toplayaraq gələcək nəsillərə çatdırmaq üçün əlindən gələni edir, müasir ədəbi prosesi izləyir, təzə çıxan əsərləri oxuyub qiymətləndirirdi.

Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni-siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı-publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir. Bəs F.Köçərlinin hansı fəaliyyət sahəsi daha üstündür? Şübhəsiz, müəllimliyi! Firidun bəy Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü müəllimlik işinə həsr etmişdir.

Müəllimlik fəaliyyətində F.Köçərli şagirdlərə verilən nəzəri biliklərin həyatla, gündəlik təcrübə ilə əlaqələndirilməsinə xüsusi diqqət yetirirdi. Onun pedaqoji baxışlarının əsas prinsipi – ağırlıq mərkəzi xəlqilik idi; təlimin mərkəzində ana dilinin öyrədilməsi dayanırdı. Məşhur rus alimi K.D.Uşinskiyə istinadən F.Köçərli yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fot olar və ondan bir nişan qalmaz”. F.Köçərliyə görə: “Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənin sevdiyi kimi, ana dilini də sevir... Bu (yəni ana dili – Z.Ə.), Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur” .

F.Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə və araşdırıcılıqla məşğul olmuşdur. İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairlərindən A.S.Puşkin, M.Y.Lermontov və M.N.Koltsovun şeirlərini, A.P.Çexovun “At familiyası” hekayəsini Azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirib nəşr etdirmişdir. Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdə başlanır. Xalq məişətinə, Azərbaycan xalqının yaşayış tərzinə, mədəni səviyyəsinə, xalqın tərəqqisinə maneə törədən əngəllərə yaxından bələd olan gənc Firidun bəy ilk publisistik yazılarından başlayaraq mühitdə, cəmiyyətdə gördüyü ictimai eybəcərlikləri pisləyir, xalqı mədəni-siyasi tərəqqiyə səsləyirdi. Onun publisistikasının mövzu dairəsi geniş, toxunduğu məsələlər əhatəli idi: mövcud cəmiyyətin ictimai bəlalarının tənqidi, kəndli həyatının ağırlığı, qadın hüquqsuzluğu, çarizmin müstəmləkəçilik siyasəti, maarif, mədəniyyət, ədəbi dil, əlifba, din, əxlaq, xalqlar dostluğu – bunların hamısı onun Bakı, Tiflis, Bağçasaray, Peterburqda çıxan “Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Petroqradskiye vedomosti”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “İqbal”, “İrşad”, “Molla Nəsrəddin” və s. mətbuat orqanlarında çap olunan məqalələrində maarifçilik mövqeyindən təhlil, şərh olunur, müəllif mədəni gerilikdən, cəhalət və fanatizmin pəncəsindən xilas olmağın yolunu təhsildə və maariflənməkdə görürdü.

Ədibin tənqidçilik və elmi tədqiqatçılıq fəaliyyəti də İrəvan gimnaziyasında çalışdığı zaman başlanır. O, Azərbaycan dramaturqlarının komediyaları üzərində ciddi tədqiqat aparır və elmi düşüncələri əsasında “Tatar komediyaları” adlı geniş bir məqalə yazıb “Novoye obozreniye” qəzetində çap etdirir.

Məqalədə M.F.Axundzadə ədəbi məktəbi davamçılarının XIX əsrin 90-cı illərində yazdıqları komediyalar təhlil olunur. Müəllifin elmi tədqiq və təhlil predmeti konkretdir. O, Mirzə Fətəlini “xalqının həyatına yaxşı bələd olan nadir psixoloq və sənətkar” kimi dəyərləndirdikdən sonra Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər”, “Nəriman Nərimanovun “Nadanlıq” pyeslərini diqqət mərkəzinə çəkərək, onların məzmunu və bədii məziyyətləri haqqında söhbət açır.

F.Köçərli təhlil etdiyi əsərləri həyatilik, xəlqilik, xarakterlərin canlı, tipik, dilin təbii, gülüşün mənalı olması baxımından qiymətləndirir. Onun üçün bədii sənət meyarı M.F.Axundzadə pyesləridir və “bu komediyalar Zaqafqaziya müsəlmanlarının həyatını əks etdirən bir reflektora bənzəyir”. Buna görə F.Köçərli müasirlərinin əsərlərini Axundzadə komediyaları ilə müqayisəli təhlil edib dəyərləndirir. O, Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” komediyası haqqında yazır: “Bu komediya Axundzadənin “Məstəli şah” əsərinin təsiri altında yazılmışdır və müəllif komediyanın ayrı-ayrı yerlərində öz müəlliminə təqlid etməyin gözəl nümunələrini vermişdir. Bədii cəhətdən bu komediya Axundzadənin əsərlərindən xeyli geri qalır. Bununla belə həmin komediya yaxşı işlənmişdir, canlı dillə yazılmışdır, onda həqiqi məişət səhnələri və təbii yumor çoxdur... Haşım bəy qadın tiplərinin təsvirində böyük qabiliyyət göstərir. Onun yaratdığı kişi tipləri isə solğundur və inandırıcı çıxmır” .

F.Köçərli Haşım bəyin əsəri ilə Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komediyası arasında çoxlu “ümumi cəhətlər” görür və bunun bir səbəbini “hər iki əsərdə qələmə alınmış hadisələrin” gündəlik həyatda tez-tez təkrar olunması, bu hadisələrin həm Haşım bəyə, həm də Nəcəf bəyə çox tanış olması ilə bağlayır. Digər tərəfdən belə güman edir ki, bu “iki əsər arasındakı oxşayış müəlliflərin ikisinin də Axundzadənin “Məstəli şah” komediyasını təqlid etmələri üzündən meydana gəlmişdir”. Lakin tənqidçi söylədikləri mülahizələrin heç birini əsaslandırmaq barədə düşünmür; oxucuları, haqqında söhbət açdığı pyeslərin məzmunu ilə tanış etməyi özünün əsas məqsədi sayır və həmin əsərlərin məzmununu söyləməklə kifayətlənir.

Məqalədə gənc yazıçı Nəriman Nərimanovun “Nadanlıq” dramı tənqid olunur. Pyesi “qarışıq növdən olan bir dram əsəri” hesab edən F.Köçərli burada həyat həqiqətlərinin bədii əksində ciddi qüsurlar görür, əsərdə hadisələrin qeyri-təbii inkişafını, ziyalı surətlərinin birtərəfli, zəif təsvir olunduğunu, düyünün pis düşünüldüyünü, əsərin dilini pisləyir. Tənqidçini narazı salan başlıca səbəb odur ki, Nərimanov “bədbəxt kəndlilərin şəxsində nadanlığın nümayəndələrini səciyyələndirmək üçün öz qara boyalarını əsirgəməmişdir... Müəllif kəndlilərin məişəti ilə qətiyyən tanış deyildir. Nərimanovun çox biçimsiz və yöndəmsiz bir halda onların dilinə verdiyi bütün mənasız və mətləbsiz mülahizələr – boş fantaziya məhsuludur”. Əsəri bədii bütövlük, bitkinlik baxımından da qüsurlu hesab edən F.Köçərli yazırdı: “Dörd pərdəli “Nadanlıq” komediyasında tam və bitkin əsərin məziyyətləri yoxdur. Burada kəndli həyatının müxtəlif tərəfləri solğun təsvir olunur. Hadisələr arasındakı hərəkət bir-bir ilə çox ağır bağlanır. Bu isə əsərin məzmununu ardıcıl surətdə nağıl etməyi xeyli çətinləşdirir”.

Tənqidçi mülahizələrini əsaslandırmaq üçün “Nadanlıq” pyesindəki gənc ziyalı surətlərini təhlil edir. O, kənd məktəbində müəllim yerini tutan Məhəmməd ağanı işdən çox danışığa güc verdiyinə, pessimizmə qapılıb ah-vay etdiyinə və vəzifəsinin öhdəsindən gəlmədiyinə görə tənqid edir. F.Köçərliyə görə “Nərimanov kənd müəlliminin simasında Azərbaycan ziyalısının tipini dolğun və kamil göstərməyə nə qədər cəhd etsə də, öz vəzifəsini yerinə yetirə bilməmiş və onun göstərdiyi ziyalı əsərdə küt, fəaliyyətsiz və yazıq çıxmışdır”.

“Nadanlıq”dakı Ömər, Hacı Abdulla, Vəli və kəndli surətləri isə, F.Köçərlinin fikrincə, qeyri-təbii təsvir olunmuşdur. Onların fəaliyyəti inandırıcı deyil. Xüsusilə, dramın sonunda Vəlinin Öməri öldürməsi və “əsərin belə bir faciə ilə qurtarması” süni olduğundan “bu faciə oxucuya və tamaşaçıya lazımi təsiri göstərmir. Onlarda nə Öməri öldürən qatilə qarşı qəzəb hissi, nə də günahsız məhv olmuş qəhrəmana acımaq hissi doğurmur. Belə bir laqeydliyin səbəbi isə, məncə, çox sadədir: Ömərə, onun hərəkətlərinə inanmaq olmur. İnanmaq olmur ki, müəllifin ziyalı, xeyirxah fikirli, rəhmdil bir adam kimi təsvir etməyə çalışdığı bu insan caniləri, özünün ən yaxın qohumları olan yaramazları müdafiə etsin. Həmçinin mənəvi rəzilliyin nə qədər aşağı pilləsində olursa-olsun, səbəbsiz halda öz xeyirxahına və müdafiəçisinə düşməncəsinə yanaşan adamların da varlığına inanmaq olmaz. Buna görə də həm ziyalı Ömərin, həm də avam və nadan valideynlərin tipləri eybəcər və qeyri-təbiidir”.

F.Köçərlini narazı salan məsələlərdən biri də Molla surətinin pis təqdimidir. Tənqidçi “Nadanlıq” dramındakı Molla surətini M.F.Axundzadə, N.Vəzirov və H.Vəzirovun əsərlərindəki molla surətləri ilə müqayisə edərək bildirir ki, həmin yazıçıların əsərlərində, xüsusilə “M.F.Axundzadənin komediyasında molla ağıllı, öz yerini, vəziyyətini yaxşı başa düşən adamdır... Nərimanovun əsərində isə molla onu əhatə edən adamlar kimi sadəlövh və axmaq verilmişdir”. Nəhayət, F.Köçərli “Nadanlıq” dramının dilini də bəyənmir, onu “işlənməmiş”, “yonulmamış dil” adlandırıb yazırdı: “Komediyada yanlış, Azərbaycan ləhcəsinin ruhu ilə uyuşmayan ifadələrə, demək olar ki, addımbaşı təsadüf olunur. Elə bil ki, bu, ana dilində yazılmış orijinal bir əsər deyil, rus dilindən edilmiş zəif bir tərcümədir. İstər müəllif sadə xalq dilində danışıb, sözləri istədiyi kimi təhlil edəndə, istərsə də ədəbi dildə mühakimə yürüdüb... ərəb-fars sözlərini yerli-yersiz işlədəndə onun danışığı bəzən gülünc çıxır, bəzən də başa düşülmür” .

Müasir ədəbiyyat məsələlərindən F.Köçərli XX əsrin əvvəllərində çap etdirdiyi “Qafqaz tatarlarının ədəbiyyatı” (1903) kitabçasının da səhifələrində söhbət açmışdır. Həmin kitabçanın son hissəsində müəllif XIX əsrin 60-cı illərini “Azərbaycan ədəbiyyatının inkişafı tarixində ən səmərəli və ən xoşbəxt bir dövr” kimi səciyyələndirərək onun inkişaf meyillərini, yazıçıların öz yaradıcılıqlarında dramatik növə, komediya janrına müraciət etmələrinin səbəbini aydınlaşdırır: bunu dramaturgiyanın “cəmiyyətdəki nöqsanları və qüsurları daha dolğun və aydın şəkildə göstərmək və həmin əsərləri səhnədə tamaşaya qoymaqla kütlənin diqqətini bu nöqsanlara və qüsurlara cəlb etmək”, həyatı daha canlı və inandırıcı əks etdirmək imkanı ilə ilgiləndirir. Elə bu keyfiyyətlərinə görə N.Vəzirovun komediyalarını, Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsini təqdir edir: “Cənab Nəcəf bəy Vəzirov öz komediyalarında böyük bir istedad göstərmişdir; o, mülkədar təbəqəsinin patriarxal məişətindən alınmış müxtəlif hadisələri sənətkarlıqla təsvir edir... Cənab Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq” adlı əsərində mülkədar-bəy təbəqəsinin həyatının düzgün mənzərəsini vermişdir... Lakin cənab Haqverdiyevin belə bir zəif cəhəti vardır ki, o, öz komediyalarına nə isə cinləri və ölmüş adamların ruhlarını salır; bizə elə gəlir ki, başqa xalqların əsərlərindən iqtibas olunmuş bu manera ilə o, öz komediyalarının əhəmiyyətini xeyli aşağı salır”. F.Köçərli qeyd edir ki, “həm N.Vəzirovun, həm də Ə.Haqverdiyevin komediyaları canlı dildə yazılmışdır. Lakin Vəzirovun dili az işlənmişdir və heç bir ehtiyac olmadan Bakı ləhcəsinə uyğunlaşdırılmışdır” .

N.Vəzirovdan və Ə.Haqverdiyevdən fərqli olaraq, Nəriman Nərimanovun əsərlərini F.Köçərli bu dəfə də tənqid edir. Mövzu kasıblığı, ayrı-ayrı pərdə və şəkillərin rabitəsizliyi, əsərin başlanğıcının pis düşünülməsi, bədii finalın qeyri-təbii və uğursuz olması, dilin zəifliyi və kasıblığı – bütün bunlar təkcə “Nadanlıq” dramının deyil, “Dilin bəlası” komediyasının da səciyyəvi bədii kəsirləri kimi qeyd olunur. “Nadir şah” faciəsi isə, F.Köçərliyə görə, N.Nərimanovdan gələcəkdə “gözəl bir dramatik yazıçı yetişə biləcəyi haqqında ümidlər doğurur” .

Dramaturgiya ilə müqayisədə Azərbaycan ədəbiyyatında bədii nəsrin, xüsusilə roman janrının yoxluğunu, Şərq xalqlarının ədəbiyyatlarında isə az olmasını F.Köçərli “bu xalqlarda qadınların örtülü vəziyyətdə saxlanması və öz xalqlarının həyatına təsir göstərmək imkanından məhrum olması” ilə əlaqələndirir. Tənqidçinin fikrincə, qadının kölə vəziyyətdə olduğu yerdə “onların haqqında azad adamlar kimi, müəyyən ideyalara, meyillərə malik olan qəhrəmanlar kimi danışmaq mümkün deyildir” . Firidun bəy açıq söyləyir ki, “qadın, yəni məhəbbət və bununla əlaqədar olan əziyyətlər, bir-birinə qarşı duran xeyir və şər qüvvələrin mübarizəsi olmayan roman çox darıxdırıcı bir şeydir; belə roman oxucuya səmərəli, nəcib və yüksək təsir göstərə bilməz”. Deməli, oxucuya “səmərəli, nəcib və yüksək təsir göstərmək” üçün romanda qadın sürətlərinin, məhəbbət xəttinin olması vacibdir. N.Nərimanovun “Bahadır və Sona”, S.M.Qənizadənin “Məktubati-Şeyda bəy Şirvani” əsərlərindəki Sona və Sofya Mixaylovna surətləri həmin məqsədə – oxucunu təsirləndirmək işinə xidmət edir. Bu surətlərin başqa millətlərdən olması isə, F.Köçərlinin fikrincə, müsəlman qadınlarının “örtülü vəziyyətdə saxlanması” ilə, başqa sözlə, maarifçi realizmin prinsipləri ilə bağlıdır: həyatın özündə Sona və Sofya Mixaylovna kimi müsəlman qadınlar olmadığından belə bədii surətlər də təbii və inandırıcı görünməz.

F.Köçərli N.Nərimanovun “Bahadır və Sona” əsərindən “müvəffəqiyyətsiz qələm təcrübəsi kimi” danışır: “ilk komediyalarında olduğu kimi, burada da bir ümumi nöqsan nəzərə çarpır: ideya və istiqamətverici bir başlanğıcın yoxluğu...”. Eyni zamanda Bahadırın danışığını, xeyirxahlığın əhəmiyyəti haqqında fikirlərinin doğruluğunu, mülahizələrindəki ardıcıllığı, dilin sadə və düzgünlüyünü bədii məziyyət hesab edir: “Görünür ki, cənab Nərimanov öz üzərində, öz istedad və biliyinin inkişafı üzərində ciddi işləyir. Bu isə ədəbi yaradıcılıq sahəsində çalışan, yorulmaq bilməyən əməkçi üçün şərəfdir”. S.M.Qənizadənin zəngin və hərtərəfli inkişaf etmiş bir istedada malik olduğunu, doğma ədəbiyyatın faydasına yorulmadan və səmərəli çalışdığını qeyd edir; müasir şairlərdən Mirzə Növrəs, Ləli, Mirzə Rəhim Fəna, Nazir, Sabir və başqalarının “Şərqi-Rus” qəzetində çıxışlarını tərifləyir, milli ədəbiyyatın daha da inkişaf edib çiçəklənməsi üçün ərəb əlifbasının dəyişdirilməsini məsləhət bilir.

F.Köçərlinin yaradıcılığında Azərbaycan ədəbiyyatının müasir durumu, onun tarixi keçmişi ilə vəhdətdə öyrənilib. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələri, əlyazma nüsxələrini mətbu əsərləri, şifahi məlumatları toplayaraq tədqiq etməyə başlamış, aşağı-yuxarı 20-25 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı” kitabını ortaya gətirmişdir. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli bir iş idi; F.Köçərli özünəqədərki “təzkirəçiliyin çərçivəsini dağıdıb ədəbiyyat tarixinin tədqiqinə yeni bir istiqamət vermişdi”. Ancaq kitab hələ ədəbiyyat tarixi deyildi, onun məzmununda və strukturunda Şərq təzkirəçilik ənənələrinin, xüsusilə Lütfəli bəy Azərin “Atəşgədə” kitabının təsiri və əlamətləri aydın görünürdü. Hətta F.Köçərli kitabı hazırlayarkən “Atəşgədə”nin daxili quruluşunu örnək olaraq götürmüş, haqqında bəhs etdiyi şairləri regionlar üzrə düzmüşdü. Kitabının “Bir neçə söz” hissəsində ədib özü yazırdı: “Bu kitabı yazmaqda mərhum Hacı Lütfəli bəy ibn Xaqan “Azəri” təxəllüsün “Atəşgədə” nam kitabında tutduğu qayda və rəvişi intixab etdik, yəni Azərbaycanda olan hər bir bilad (bölgə, vilayət – Z.Ə.) və diyarın şüəra və üdəbası haqqında ayrı-ayrı məlumat verməyi münasib bildik”. Lakin məlumatın dolğunluğu, təhlillərin elmiliyi, ədəbi nümunələri tənqidi qiymətləndirmə baxımından F.Köçərlinin əsəri tamamilə fərqlənirdi. Həmin fərqi ədib özü belə izah edirdi: “Mərhum Hacı Lütfəli bəyin kitabı ilə bizim məcmuənin arasında təfavüt çoxdur. Belə ki, mərhum Azəri “Atəşgədə”sində hər bir şairin tərcümeyi-halına dair müxtəsər əhval yazıb, əsərlərindən azacıq və birbirinə münasibəti olmayan nümunələr göstərir. Amma biz mümkün olduğu qədərdə məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və həm asari-qələmiyyələrinə dair ətraflı məlumat vermişik, məzkur əsərlərin haqqında öz rəy və təsəvvüratımızı yazıb tövsif və ya tənqidə layiq olan məqam və nöqtələri şərh və bəyan etmişik. Hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsrü zəmanəsinin təqazasınca nə növ əsərlər vücuda gətirdiyini və onların camaatımıza hüsni-təsirini, xeyir və ya zərərini bəqədri-qüvvə açıb göstərmişik”.

Doğrudan da M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Nəbati, Abdulla bəy Asi, İsmayıl bəy Nakam, Məhəmməd Bağır Xalxali, xüsusilə M.F.Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani haqqında oçerklər geniş və əhatəlidir. Bu oçerklərdə haqqında bəhs olunan sənətkarların dövrü, həyatı, ictimai mənşəyi, təhsili, yaşayış tərzi, məşğuliyyəti, müasirləri ilə münasibətləri haqqında ətraflı məlumat verilir, yaradıcılıqlarının əsas istiqaməti müəyyənləşdirilir, məşhur əsərləri “bəqədri-qüvvə” təhlil olunur, yaxud bu əsərlər haqqında məlumat verilir, çoxlu nümunələr göstərilir. Xaqani, Nizami, Aciz, Salik, Bakıxanovdan bəhs edən hissələr də dolğundur. Həmin hissələr bir tərəfdən fakt zənginliyi və dəqiqliyi, digər tərəfdən məlumatların elmiliyi, qiymətlərin obyektivliyi, sənətkarların yaradıcılığını, onların ədəbi tərəqqidə rolunu Azərbaycan ədəbiyyatının ümumi inkişafı kontekstində, bəzən hətta ümumşərq və ümumdünya bədii fikri kontekstində qiymətləndirməsi baxımından diqqəti çəkir.

“Azərbaycan ədəbiyyatı” kitabındakı oçerklərin çoxunda görünən bu cür əhatəli təhlil və qiymətləndirmələrin əksinə olaraq, bəzi şairlər haqqında verilən məlumat orta əsrlərin təzkirələri səviyyəsindədir. Fətəli xan Müştəri, Əbülfət xan Tuti, Ağahüseyn Arif, Sabit Şəqaqi, Ağabağır, Kərim ağa Fateh, İbrahim Nicati, Ələkbər Qafil, Ağababa Zühuri haqqında deyilənlər məhdud; Rafei, Fədai, Molla Qasım Şirvani, Zülali, Şəkər Şirvani, Nabi Əfəndi Şirvani barədə məlumat bəsitdir. Tədqiqatçı onların doğum və ölüm ili, məkanı haqqında çox qısa informasiya, əsərlərindən bir nümunə verməklə kifayətlənir. Nəsimi, Asəf Şirvani, Arif Şirvaninin hərəsi haqqında bir, Mirzə Hüseyn Salar barədə üç cümlə vardır. Nəsimi və Arif Şirvaninin hər birinin əsərlərindən 5 beyt, Mirzə Hüseyn Saların bir, Arif Şirvaninin iki qəzəli verilmişdir ki, bu faktlar F.Köçərlinin Şərq təzkirəçilik ənənələrindən və “Azərbaycan ədəbiyyatı” kitabının təzkirə xüsusiyyətlərindən hələ tam azad olmadığını göstərir.

Amma F.Köçərli 130-a qədər şair və yazıçı haqqında (onlardan 111-nin adı oçerkin, yaxud məlumatın sərlövhəsinə çıxarılmışdı) söhbət açmaqla Azərbaycan ədəbiyyatının varlğını, onun tarixi qədimliyini və bədii-estetik qüdrətini dananlara tutarlı cavab verir, səhv düşüncələri alt-üst edirdi. Ədib təkzibolunmaz faktlarla sübuta yetirirdi ki, dünyanın ən qədim, mədəni xalqlarından olan Azərbaycan türklərinin özü kimi, onların yaratdığı söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz dərəcədə rəngarəng bir sənətdir. F.Köçərli bu ədəbiyyatın bütün tarixi dövrlərindən deyil, əsasən, XII və XVIII-XIX əsrlərdə yaşayıb-yaradan sənətkarlardan bəhs edir, onların tərcümeyi-halı və əsərləri barədə az və ya çox dərəcədə məlumat verirdi. Azərbaycan ədəbiyyatının islamaqədərki və XIII-XVII əsrlər dövrü tədqiqatdan kənarda qalmışdı. Məxəzlərin azlığı üzündən İ.Həsənoğlu, Q.Bürhanəddin, Həqiqi, Xətai və Əmanidən bir kəlmə də söz açılmırdı. Bütün bunlara baxmayaraq F.Köçərli Azərbaycan ədəbiyyatı tarixini düzgün elmi-metodoloji prinsiplər əsasında yazmışdı. Kitabın “Başlanğıc” hissəsində o, söz sənətini – ədəbiyyatı “hər bir millətin şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi”, millətin “maddi və səadət yollarını göstərən aineyi-həqiqətnüması” kimi qiymətləndirir, şair və yazıçıları “milləti haq və səvaba irşad edən, şöhrət və hörmətə yetirən”, “millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və təmami mənəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama qaldıran” maarif xadimləri hesab edir, Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini onu yaradan xalqın bədii-fəlsəfi dühası, təbii istedadı, fitri qabiliyyəti, azadlıq ruhu ilə əlaqələndirirdi. F.Köçərliyə görə “nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki... ədəbiyyat nə olduğunu bilməzlər... Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və əbədi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüsət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyyəsini asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin”.

F.Köçərli ədəbiyyatın lisani-şifahi və qələmi-yazılı qollarını fərqləndirir və doğru deyir ki, yaranma tarixinə görə, Azərbaycan xalqının lisani ədəbiyyatı onun qələmi ədəbiyyatından qat-qat qocadır; bu ədəbiyyatın ilk nümunələri min illər bundan əvvəl – daş dövründə müasir azərbaycanlının ulu babalarının həyat təcrübələri əsasında yaradılmış, zaman-zaman ağızdan-ağıza, nəsildən-nəsilə, boydan-boya, eldən-elə keçdikcə cilalanıb biçimlənmiş, mənəvi sərvətə çevrilmişdir. “Qələmi ədəbiyyat isə başqa tərz ilə hüsula gəlir. Bunda hər bir nağıl və hekayənin məxsusi katibi və münşisi və hər bir təsnifin öz müsənnifi və hər bir şeir və qəzəlin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyyət nişanəsi və milliyyət rayihəsi çəndan müşahidə olunmaz. Vəli bir müsənnif və şair nə qədər öz millətinə yavuq olsa, onun adat və xasiyyətləri üzrə nəşvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir”. Ədib bu fikri də xüsusi nəzərə çatdırır ki: “Şairi-kamil və ədibi-fazil həqiqətdə ol ədib və şairdir ki, öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağılı ilə fikir edə”.

“Azərbaycan ədəbiyyatı” kitabının quruluşu sübut edir ki, onun müəllifi ədəbiyyat tarixinin yazılmasına elmi-nəzəri və metodoloji baxımdan düzgün yanaşmış, əsərinin “Başlanğıc” hissəsində şifahi ədəbiyyatın müxtəlif janrları: nağıl, tapmaca, məsəl, nəğmə və s. barədə söhbət açmaqla əslində ədəbiyyat tarixi yaratmağın elmi yolunu göstərmişdir. Ədəbiyyat ilkin olaraq şifahi şəkildə yarandığından F.Köçərli də şair və yazıçılardan öncə şifahi ədəbiyyat haqqında söz açmağı vacib saymış, bu yolla milli ədəbiyyatın tarixini onun şifahi ədəbiyyatdan başlamaq prinsipinin gözəl örnəyini göstərmişdir.

“Azərbaycan ədəbiyyatı” kitabı coğrafi bölgü üzrə yazılmış və şairlər kitabın “Gəncə”, “Şirvan və Şamaxı”, “Qarabağ – Şuşa şəhəri”, “Quba”, “İrəvan şairləri”, “Dərbənd şairləri” bölmələrində qruplaşdırılmışdır. M.Füzuli bu regionların heç birinə daxil edilmir. Məsələnin görünən səbəbi odur ki, doğrudan da adı çəkilən yerlərin heç birinə Füzulinin dəxli yoxdur: ərazi baxımından o, tamam başqa bir ədəbi-mədəni və elmi mühitin yetirməsidir. F.Köçərliyə görə, Azərbaycan türkləri “Zaqafqaziyanın şərq və cənubunda sükna edən Şəki, Şirvan, Səlyan, Bakı, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan əhalisindən və İran dövlətinin şimali-şərqisində güzəran edən əqvam və təvayifdən ibarətdir”. Füzuli isə təkcə Azərbaycan, yaxud təkcə Osmanlı şairi deyil, ümumiyyətlə türk şairidir, bütün “türk şairlərinin babası hesab olunur” və “Azərbaycan şüərasına hamıdan artıq təsiri olubdur”. Alim Füzulidən ona görə bəhs edir ki, o, Azərbaycan şairlərinin “sərvəri və pişvəri məqamındadır” və “ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki (XIX yüzildəki – Z.Ə.) şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır”. Məncə, “Azərbaycan ədəbiyyatı” kitabında F.Köçərlinin M.Füzuli ilə bir sırada və eyni səviyyədə Yusif Nabi və Əlişir Nəvainin də yaradıcılığından söz açması təsadüfi deyil; alim Füzuli ilə bərabər Nabi və Nəvaini də “Azərbaycan şüərasının pişvaları və ustadları məqamında” görür və milli ədəbiyyatın inkişafına onların da təsirini qeyd edir.

Kitab elmi-nəzəri təhlillərlə bərabər bədii nümunələrlə də zəngindir. Onun səhifələrində yer alan şeirlər yüksək sənət örnəkləridir. Bu keyfiyyətinə görə “Azərbaycan ədəbiyyatı” müasir ədəbiyyat-müntəxabat dərsliklərini xatırladır; müəllif əvvəlcə şairin tərcümeyi-halından danışır, yaradıcılığının əsas istiqamətlərini aydınlaşdırır, faktlara söykənməklə fikirlərini əsaslandırır, sonra isə, məsələn, “Kəlami-Qovsi”, “Qəzəli-Nicat”, “Müəşşəri-Ağaməsih Şirvani”, yaxud “Qəzəli-türki”, “Əyzən kəlami-türki”, “Əsərlərindən bir neçəsi burada zikr olunur” deyib şeir nümunələri təqdim edir. Bu nümunələr F.Köçərlinin əsl sənət xiridarı, yüksək poetik duyum, incə zövq sahibi olmasından xəbər verir.

Alim seçdiyi nümunələri elmi təhlil predmetinə çevirərkən onları həm ideya-məzmun, həm də bədiilik baxımından dəyərləndirir. Çox vaxt poetik mətnin daxilinə nüfuz edərək, hər beytin, bəndin, hətta misranın bədii yükünü–ağır-yüngüllüyünü üzə çıxardıb əyaniləşdirir. O, seçdiyi nümunələri əvvəlcə mənasına, şairin söylədiyi fikrə, sonra bu fikrin ifadə formasına, deyim tərzinə görə qiymətləndirir və hər iki halda özünün ədəbi görüşlərini əxlaqi-ictimai baxışları ilə vəhdətdə ifadə edir. Bu keyfiyyət alimin Qövsi Təbrizi, Nişat Şirvani, Mustafa ağa Nasirin əsərlərindən bəhs edən fikir və mülahizələrində aydın görünür.

“Azərbaycan ədəbiyyatı”nı Firidun bəy özü üçün “əziz və mübarək bir kitab” hesab edir, onun “ləyaqətli tərzdə və gözəl surətdə təb olunmasını” arzulayırdı. Alimin bu arzusunu xalqının qədirbilən övladları həyata keçirmiş, F.Köçərlinin vəfatından sonra kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə çatdırılmış, haqqında Mir Cəlal, K.Talıbzadə, B.Nəbiyev, F.Hüseynov, İ.Bəktaşi, R.Qənbərqızı, Elçin, Ş.Salmanov, T.Salamoğlu kimi tanınmış alimlər qiymətli elmi məqalə və kitablar yazaraq, onun xidmətlərini qədirşünaslıqla dəyərləndirmişlər.

Müxtəlif millətlərin yaşayıb-fəaliyyət göstərdiyi bir mühitdə təhsil alan, işləyən və yazıb-yaradan Firidun bəy başqa xalqların da ziyalıları ilə yaxınlıq edir, onların ədib və şairlərinə böyük hörmət və sevgi ilə yanaşırdı. Onun “Anton Çexov”, “Gürcü şairi Akaki Sereteli yubileyinə dair”, “Nikolay Vasilyeviç Qoqol”, “Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lomourinin xatirəsi” məqalələrində rus ədəbiyyatının böyük nümayəndələrindən A.S.Puşkin, N.V.Qoqol, N.A.Nekrasov, İ.S.Turgenev, F.M.Dostoyevski, L.N.Tolstoy, A.P.Çexov, A.M.Qorki, gürcü şairi Akaki Sereteli və b. haqqında qiymətli elmi fikirlər vardır. Alim F.Köçərli Azərbaycan şair və yazıçıları kimi başqa millətlərdən olan ədibləri də ilk növbədə millilik, xalqa və milli ədəbiyyata xidmət, həqiqətpərəstlik – realizm baxımından dəyərləndirir, xalq həyatı və məişətini doğru-düzgün əks etdirən şair və yazıçıları həqiqi sənətkar sayırdı: “Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır... Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin ayinəyi-həqiqətnüması edib özlərindən sonra gələn üdəba və şüəraya salamat bir məslək, müstəqim bir yol açıblar. Qoqol həqiqətnəvis ədiblərin (realistlərin) babası və pişrovi mənziləsindədir”.

“Nikolay Vasilyeviç Qoqol” məqaləsində söylənən bu fikirlərdə yazıçının rus ədəbiyyatı tarixində mövqeyi müəyyənləşdirilmiş, onun yaradıcılığının başlıca məziyyəti – “həqiqətnəvis ədiblərin babası və pişovi” olması qeyd edilmişdir. Məqalədə Qoqolun həyatı, ailə mühiti, təhsili haqqında yığcam məlumat verilmiş, onun Jukovski və Puşkinlə tanışlığı, Qoqolun yaradıcılıq taleyində və həyatında bu tanışlığın faydalı rolu barədə danışılmışdır: “Peterburqda Qoqol məşhur Jukovski ilə tanış olur və onun vasitə və köməyi ilə kənardan özünə bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngülləşdirir. 1831-ci ildə Qoqol Puşkin ilə tanış olur və bu tanışlıqdan artıq istifadə edir. Puşkinin ona təsiri çox olur... Puşkin ilə yaxın olduqdan sonra Qoqola guya təzə bir həyat verilir: onun təbi, istiqaməti-qəlbi nuraniyyət və fikri cəladat (möhkəmlik, sabitlik, aydınlıq – Z.Ə.) kəsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirlər, pərdədə olan çox mənalar açılıb aydınlığa çıxır”.

F.Köçərlinin bildirdiyinə görə “Qoqolun iki böyük və mötəbər əsərinin məal (məna – Z.Ə.) və məzmununu ona Puşkin nəql edib, hər iki əsərin nə səbkü sayaqda yazılmasını şərh bə bəyan etmişdir”. Bu əsərlərdən biri “Müfəttiş” komediyası, digəri “Ölü canlar” povestidir. “Hər iki əsəri sonralardan Puşkin mütaliə etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demişdir: – Sən yazan kimi bunları mən bacarıb yaza bilməzdim. Hər halda sən məndən mahirsən”.

Məqalədə həm “Müfəttiş” komediyasının, həm də “Ölü canlar” povestinin yığcam təhlili verilir. “Müfəttiş” komediyasını daha əhatəli təhlilə cəlb edən F.Köçərli yazıçının ümumi yaradıcılıq məziyyətlərini, bədii istedadının bənzərsizliyini, estetik gülüşünün təbii mahiyyətini düzgün müəyyən edir: “Qoqolun təbiət və xasiyyətində hər bir şeyin küphünə (içinə – Z.Ə.) göz yetirmək, mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri Qoqol kimi adamların üstə zərifanə gülmür və oxucuları güldürmür. Qoqolun gülməyi qəribə bir gülməkdir. Bizim məişətimizdə gülünc, gülməli və rişxəndə səbəb olası adət-ayinlər, müxtəlif işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların hamısının üstünə adamların falşivi rəftar və əlaqələrindən toxunmuş bir pərdə çəkilibdir ki, hər adama onun alt tərəfini görmək qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəribata baxıb nazikanə gülür və bizə göstərib bizi də güldürür”.

Ədib Qoqolun bədii istedadının tipoloji özgünlüyünü Puşkin yaradıcılığı ilə müqayisədə qiymətləndirib yazır: “Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat və mikrobları böyüdüb göstərir”.

“Müfəttiş” komediyasının ideya məzmunu və bədii keyfiyyətlərinə dair fikirlərini ümumiləşdirən F.Köçərli bu qənaətə gəlir ki: “Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu, necə ki, Rusiya dövləti vardır, onlar da sağ və salamat qalacaqlar”.

“Nikolay Vasilyeviç Qoqol” məqaləsi Azərbaycan ədəbiyyatşünalığında Qoqolun həyat və yaradıcılığından bəhs edən ilk elmi əsərdir. Bu əsəri Cəlil Məmmədquluzadə “açıq və mənalı məqalə” deyə qiymətləndirmiş, sonralar Qoqol haqqında yazan Azərbaycan ədəbiyyatşünasları: M.Rəfili, M.Arif, M.Cəfər, K.Talıbzadə, B.Nəbiyev, Ş.Qurbanov, A.Alməmmədov və b. həmin məqaləni yüksək dəyərləndirməklə bərabər oradakı elmi tezisləri daha da inkişaf etdirmişlər.

F.Köçərlinin “Gürcü şairi Akaki Sereteli yubileyinə dair”, “Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lomourinin xatirəsi” məqalələri gürcü ədəbi-bədii və pedaqoji fikrinin görkəmli nümayəndələrinin yubileyi, yaxud vəfatı münasibətilə yazılmışdır. Onların ən irisi Akaki Sereteli haqqında məqalədir. Bu məqalədə F.Köçərli A.Seretelinin müxtəsər tərcümeyi-halını təqdim edərək gürcü şairinin uşaqlığı, valideynləri, təhsili və məşhur əsərləri haqqında bəhs açır. Şairin tələbəlik illərində yazdığı “İsti xəbərlər” sərlövhəli məqalələrindən başlamış “Suliko” şeirinə, “Natela”, “Tamara”, “Medeya” adlı ən məşhur əsərlərinə qədər, hamısı haqqında məlumat verilir. Məqalədə A.Seretelinin “Mürəbbi” hekayəsinin məzmunu danışılır; Abxazlı gənc, onun süd qardaşı Səfər bəy, arvadı Nazıbrola və müəllim Hacı Yusifin əməlləri nağıl olunur. Köçərli “Mürəbbi” hekayəsini “müəllim və mürəbbilərə gözəl ibrət” hesab edir və Seretelinin daha çox yaşayıb belə gözəl əsərlər yazmasını arzulayır.

F.Köçərlinin məqlələrində dünya ədəbiyyatının Firdovsi, Sədi, Hafiz, Şekspir, Bayron, Hüqo, Russo, Hote, Şiller, Puşkin, Dostoyevski, Tolstoy kimi qüdrətli nümayəndələri haqqında dəyərli elmi fikirlər vardır. Ədibə görə bu sənətkarlar “öz əsrlərində millətlərinin ən böyük müəllimi və ən mahir və müqtədir mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təzyiqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə millətləri fəxr edirlər”. Eyni zamanda bu sənətkarlar “cəmi aləmin mürəbbisi və filosofu hesab olunur”, onlar “ümumxəlayiq və insaniyyət müəllimi və mürəbbisidirlər”.

Göründüyü kimi, F.Köçərli dünya ədəbiyyatının klassiklərini həm xəlqilik və millilik, həm də bəşərilik və beynəlmiləllik baxımından dəyərləndirir. Belə bir doğru qənaətə gəlir ki, həqiqi şair öz zəmanəsinin aynasıdır, öz camaatının, millətinin səsinə səs verməli, millətinin “qeyrət və təəssüb damarını hərəkətə gətirməli”, təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maarif səmtinə dəvət etməlidir. Öz milli məişətindən, xalqının arzu və istəklərindən yazan şair milli olduğu qədər də bəşəridir. Bu mənada Vaqif, Zakir, Seyid Əzim, Nəbati və Sabir də son dərəcə bəşəri şairlərdir. Onların əsərləri ilə təkcə Azərbaycan-türk ədəbiyyatı deyil, ümumiyyətlə Qafqaz, Dağıstan və İran xalqlarının bədii fikri zənginləşmişdir.

Firidun bəy Köçərli ədəbi prosesi diqqətlə izləyən, oxuduğu əsərlərin məziyyətlərini də, kəsirlərini də obyektiv qiymətləndirən, ədəbi prosesi təşkil edə bilən, şair və yazıçıların inandığı, ehtiram, rəğbət bəslədiyi bir ədəbiyyatşünas – böyük nüfuz sahibi idi. Buna görə onun həm yaşadığı dövrün ədəbi prosesinə, müasirlərinin yaradıcılığına, həm də ədəbiyyat tarixinə dair yazılarını Azərbaycan ziyalıları ciddi maraq və razılıqla qarşılayır, onları oxumaqdan, məsləhətlərini dinləməkdən zövq alırdılar. Şair Abbasağa Nazir Firidun bəyə göndərdiyi məktublarının birində onunla gec tanış olmasına təəssüflənərək yazırdı: “Hərgah qırx il bundan əqdəm mənim şeirimə Sizin kimi qədr-qiymət verən olsaydı, indiyə kimi 30-40 cild kitab yazardım”. Şair Abbas Səhhət F.Köçərliyə mənzum məktubunda yazırdı:

Yazmısan tazə nə şeylər? – deyə sordun məndən,

Ruhumun tarına mizrabzən oldun, qardaş!

Sabir ilə belə məktubu çox aldıq səndən,

Hər nə yazdıqsa ona bani sən oldun, qardaş!

Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə

Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.

Birimiz mərsiyəguluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə.

Birimiz həcvdə Yəğma kimi çox mahir idi,

Laübali keçinirdi günümüz rindanə.

O pərişan yuxudan sən bizi bidar etdin,

Doğru, düz yolda çalışmaqlığa vadar etdin .

F.Köçərlinin tənqidlərinə məruz qalan Nəriman Nərimanov sonralar həmin tənqidlərin faydası haqqında demişdi: “Düz 20 il bundan müqəddəm mən “Nadanlığ”ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi, “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu”. Böyük ədəbiyyatşünas-ziyalının ədəbi nüfuzundan bəhs edən Fərhad Ağazadə isə onu belə qiymətləndirirdi: “Demək olar ki, Firidun bəyin təsiri ilə tərbiyələnmiş bir çox kimsələr meydana çıxdı... Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə böyük hörmət göstərirdilər”.

Bütün bu etiraflar təsdiq edir ki, Azərbaycan xalqının ləyaqətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçəklənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk xalqlarının, türk ədəbiyyatının və mədəniyyətinin ayrılmasına, təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır.

Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun bəyin yüzlərcə məqaləsi hələ öz sağlığında Bakı, Tiflis, Bağçasaray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə kitabı işıq üzü görmüşdür. Ədibin ölümündən sonra onun xatirəsini əziz tutan Azərbaycan xalqı və dövləti müxtəlif illərdə F.Köçərlinin kitablarını nəşr etmiş, haqqında çoxlu məqalə, kitab, dissertasiya yazılmışdır. Tərtibçi – ədibin adını daşıyan Respublika Uşaq kitabxanasının şöbə müdiri Nazilə Tahirova böyük zəhmət bahasına bu əsərlərin hamısını nəzərdən keçirərək, onların çap olunduğu mətbuat orqanı, nəşriyyat, tarix, həmçinin F.Köçərli haqqında yazan müəlliflərin adı, soyadı, əsərlərinin adı, çap olunduğu yer, tarix haqqında konkret məlumat verən səliqəli biblioqrafiya hazırlamışdır. Biblioqrafiyada Firidun bəy Köçərlinin həyat və fəaliyyətinin əsas tarixləri göstərilmiş, onun əsərlərinin və haqqında yazılan əsərlərin xronoloji ardıcıllıqla siyahısı verilmişdir.

Biblioqrafiya elmi işçilər və doktorantlar üçün qiymətli bir məxəzdir. Ondan Firidun bəy Köçərlinin həyat və fəaliyyəti ilə maraqlanan bütün oxucular istifadə edə bilərlər.

Zaman Əsgərli,

filologiya üzrə elmlər doktoru, professor

<< Geri