Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti
Firidun
bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə
yeganə məşğul bulunan qiymətdar bir mühərrir,
müəllim və alim idi.
Məmməd Əmin Rəsulzadə,
görkəmli ictimai-siyasi xadim, yazıçı
Düz
20
il bundan müqəddəm, mən “Nadanlığ”ı yazıb meydana
buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz
Firidun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid
etdi, yaramaz bir şey hesab edib yazanını, yəni məni
lazımınca çubuqladı. Oxuyan deyirdi: “Nadanlığ”ı
yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun
çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb
oldu.
Nəriman Nərimanov,
ictimai-siyasi xadim, yazıçı,dramaturq
Firidun
bəyin təkcə bir müəllim kimi deyil, həm də öz xalqının ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı. Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o son dərəcə böyük adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub olduğu xalqa onun ədəbiyyatına ideal dərəcədə sadiqdir.
Əli Səbri Qasımov,
keçmiş seminarist, yazıçı-jurnalist
Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-fikriyyəmizi təbii yoluna saldı.
Çox heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxuculara mal oldu. Ən guzidəsi “Azərbaycan türklərinin ədəbiyyat tarixi” hələ təb olunmayıb qalır.Bu kitabı şərqşünas bir əcnəbi yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firidun bəy Köçərli
cənabları kimi adamların əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq?
Yusif Vəzir Çəmənzəminli,
ədəbiyyatşünas, yazıçı
Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə və vəsait olmuşdur.
***
Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına görmüşdür.
Mir Cəlal,
yazıçı-ədəbiyyatşünas
O, çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında realizmin, demokratik ideyaların inkişafına və yayılmasına çalışmış, Axundov ənənələrinin mübariz, fəal təbliğatçılarından olmuşdur.
Firidun bəy Köçərli ədəbiyyat tarixi yaratmaq işinə son dərəcə ciddi yanaşmış, onun bir sıra prinsiplərini doğru dərk etmişdir. Odur ki, “Azərbaycan türklərinin ədəbiyyatı” kitabını “material” hesab edənlər, onun elmi mahiyyət daşımadığını iddia edənlər ciddi səhv edirlər.
Kamal Talıbzadə,
akademik, ədəbiyyatşünas-alim
Azərbaycan ədəbiyyatşünaslığını elm səviyyəsinə çatdırmaq vəzifəsini böyük məsuliyyətlə və şərəflə Firidun bəy Köçərli
həyata keçirmiş və ədəbiyyatşünaslıq elminin tarixinə ilk ədəbiyyat tarixinin yaradıcısı kimi daxil olmuşdur. Görkəmli elm xadimi Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı iki cildlik sanballı əsəri ilə ölkəmizdə sistemli ədəbiyyat tarixçiliyi yaratmaq ənənəsinin möhkəm bünövrəsi qoyulmuşdur. Çoxcəhətli elmi-pedaqoji fəaliyyətə malik olan Firidun bəy Köçərlinin monoqrafik tədqiqatları, məqalələri, publisistikası və tərcümələri Azərbaycan ədəbiyyat -şünaslığının ədəbi-mədəni əlaqələrinin formalaşmasına sanballı töhfədir.
İsa Həbibbəyli,
AMEA-nın həqiqi üzvü
Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından maraqlanması tamamilə təbiidir. Çünki XIX əsrin sonu, XX əsrin birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət göstərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haqqında geniş təsəvvür yarada bilən qiymətli mənbələrdəndir. Firidun bəy Köçərli
Azərbaycan ədəbiyyat -şünaslığı tarixində ilk dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir.
Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyətlərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik problemini həmişə diqqət mərkəzində saxlamasıdır.
Bəkir Nəbiyev,
AMEA-nın həqiqi üzvü, akademik
Bu kimi hədiyyələr nəşr edilsə idi, millətimizə və dilimizə böyük xidmət edilmiş olurdu. Zira balalarımız arasında söylənən və işlənən məsəl və tapmacalardan, nəğmə və düzgülərdən bir çoxu xatirimizdən fəramuş olmuş türk sözləri öyrənərdik və əvəzinə də qullandığımız əcnəbi sözlərini dilimizdən və yazımızdan kənar edərdik.
Seyid Hüseyn Kazımoğlu,
ədəbiyyatşünas, tənqidçi
Azərbaycan pedaqoji fikir tarixində həm nəzəri məsələlərlə çıxış edən, həm gənclərin təlim-tərbiyəsində əməli fəaliyyət göstərən, dövrün qabaqcıl maarifpərvərlərinin yazmış olduğu uşaqlar üçün əlavə oxu ədəbiyyatına öz tənqidi münasibətini bildirən F.Köçərli olmuşdur.
Fikrət Sadıqov,
ədəbiyyatşünas, tənqidçi
F.Köçərli bədii əsərlərdə həyat hadisələrini və insan xarakter-lərini doğru-düzgün, realistcəsinə təsvir etməyi geniş təbliğ etmişdir.
Camal Əhmədov,
professor
On
il vardır ki,
Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi, ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi, ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı.
Cavad Heyət,
akademik, ədəbiyyatşünas, alim
Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir romantikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli gələcəyini təmin edəcək xöşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım, xalqımızın nicat yollarında ona dayaq olun.
Mexdixan Vəkilov,
ədəbiyyatşünas, publisist
Firidun bəy Köçərli
mənim qəlbimdə həssas bir insan, qərəzsiz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır.
***
Bizim
el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir.
Abdulla Şaiq,
şair, yazıçı, ictimai xadim
“Balalara hədiyyə” kitabından vətən qoxusu, dağların ətri, köçərilərin tüstüsü gəlir.
Əli Sultanov,
ədəbiyyatşünas
Firidun bəy Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazağa köçürməklə xalqımızın maariflənməsində əvəzolunmaz əməyi olan şəxsiyyətdir. Firidun bəy sadəcə praktik müəllim deyildi. O, tədqiqatçı-alim, ədəbiyyatşünas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli humanist ziyalı idi.
Əhməd Seyidov,
Zaqafqaziyada ilk pedaqogika elmləri dokroru
F.Köçərli xalqımızın tarixi keçmişini xarakterizə edərkən həm onun həyat tərzini və həm də ümumxalq danışıq dilinin sadə ifadə xüsusiyyətlərini aydınlaşdırır, bu xalqın istək və arzularını, xəyal və düşüncələrinin məhsulu olan el ədəbiyyatı ilə sıxı bağlılığını əsas hesab edirdi.
İnayət Bəktaşi,
professor, ədəbiyyatşünas
F.Köçərli ədəbiyyatın, sənətin ictimai-siyasi, tərbiyəvi rolunu yüksəltmək uğrunda mübarizə apararkən öz şəxsi xoşbəxtlikləri üçün xalqının, vətəninin mənafeyini satan, onun taleyi ilə oynayan, varlılar qarşısında yaltaqlıq edən, sənəti qazanc mənbəyinə çevirməyə çalışan məddah yazıçıları, şairləri də kəskin tənqid edirdi. O, təəssüflə qeyd edirdi ki, belə yazıçıların, şairlərin əsərlərində, vaxtilə klassik ədəbiyyat-ımızda yaranmış gözəl, hikmətamiz şeirlərin, poemaların, mənzum romanların və povestlərin əvəzində, seksual motivlər, həmçinin insan qəlbini məyus edən kədərli hisslər təsvir olunmağa başlayır.
Xalid Əlimirzəyev,
professor, ədəbiyyatşünas
|