Süleymanzadə Zeynəb
Mehdiabad qəsəbə 4№-li tam orta ümumtəhsil məktəbinin 8e sinif şagirdi
Hər millətin tarixində iz qoyan, taleyini dəyişən, ruhuna güc verən insanlar olur. Bizim üçün o insan - Heydər Əliyevdir. O, sadəcə bir siyasətçi deyildi.
Ulu öndər bir ataydı - xalqının dərdinə yanan, sevinci ilə sevinc yaşayan, göz yaşı ilə susan böyük ürək idi.
Heydər Əliyev təkcə bir ad deyil - minlərlə ananın duası, milyonlarla insanın duasında adı çəkilən bir şəxsiyyətdir.
Dahi rəhbər bu torpağı sevmədi yalnız - o, bu torpağın özü oldu. Vətənin hər qarışına nəfəsini, hər bir azərbaycanlının qəlbinə ümidini qoydu. Sanki yaşamaq üçün yox, yaşatmaq üçün gəlmişdi bu dünyaya.
Heydər Əliyev bizə sadəcə müstəqillik qazandırmadı. Kim olduğumuzu, necə dik durmalı olduğumuzu, necə bir millət ola biləcəyimizi göstərdi. O, xalqın güzgüsü idi. Biz özümüzü onun baxışında tanıyırdıq. Bu gün gənclər onun haqqında fəxrlə danışır. Mənim kimi bir çoxları ulu öndəri görmədi, tanımadı. Amma onun haqqında danışılanlar, onun necə biri olduğunu bizə göstərir. Çünki belə insanlar canlılıqla yox, qəlbin istiliyi ilə yadda qalır.
Əgər bir xalq öz rəhbərini sevə-sevə, dua edə-edə xatırlayırsa deməli o rəhbər ölməyib.
Dahi şəxsiyyət hər bir körpənin ilk dəfə "Azərbaycan" deməsində yaşayır. Sən gedəndən sonra həyat davam etdi... Günəş doğdu, insanlar yaşadı, körpələr böyüdü. Sən gedəndən sonra biz bir az daha diqqətlə baxmağa başladıq göylərə... bəlkə bir işarə, bir kölgə görək deyə. Hər uğurumuzun altında sənin təməlini qoyduğun sabitlik yatır. Ey xalqının dayaq daşı, sənin yolun hələ davam edir. Çünki sən yol getmədin - sən yolun özü oldun.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin, zəfərimizin kökü illər öncəyə - Heydər Əliyevin qurduğu müstəqil dövlətin əsaslarına dayanırdı.
Ulu öndər illər əvvəl demişdi: "Bizim ən böyük məqsədimiz güclü ordu qurmaqdır. Güclü ordu - güclü dövlətdir". Bu sözlər gələcəyin yol xəritəsi idi. Heydər Əliyev bu müharibədə yox idi, amma onun imzası ordunun gücündə, xalqın birliyində, siyasətin müdrikliyində yaşayırdı. Qazandığımız bu zəfər Heydər Əliyevin bizə qoyduğu ən qiymətli miras oldu.
Heydər Əliyev xalqın yaddaşında silinməyəcək bir iz buraxdı. Onun irsi bir kitab deyil, bir qəlb hekayəsidir.
|