"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Tarixi dəyərlərin müdrik daşıyıcısı”

      Ağayeva Zəhra

S.C.Pişəvəri adına RHFG-ın 9-cu sinif şagirdi

      Hər xalqın tarixində elə liderlər olur ki, onların izi təkcə siyasətdə yox, xalqın ruhunda, düşüncəsində, gündəlik həyatında görünür. Heydər Əliyev Azərbaycan xalqının yaddaşını, kimliyini və mədəni irsini qoruyan bir mənəviyyat daşıyıcısı idi. Onun fəaliyyətinə təkcə idarəetmə prizmasından baxmaq yetərli deyil. Məncə, Heydər Əliyevin ən böyük zəfəri – Azərbaycanın təkcə müstəqil yox, həm də mədəniyyətinə, kökünə bağlı bir millət kimi formalaşmasında oynadığı roldur.

      Uşaqlıqdan çoxumuz Novruz bayramı, muğam, aşıq sənəti, xalça naxışları haqqında nələrsə eşitmişik. Mən də eşitmişdim. Amma bunların əslində nə qədər böyük bir kimlik daşıyıcısı olduğunu, nəyi təmsil etdiyini dərk etməmişdim. Bir dəfə evdə televizorda muğam səslənirdi, nənəm dayandı, göz yaşlarını silib dedi: “Bu tək musiqi deyil, bala… bu bizim irsimizdi. Unudulsa, biz də unudularıq”. O vaxt bu sözlər mənə adi görünürdü. Amma zaman keçdikcə başa düşdüm: bu nəğmələr, bu sözlər, bu səslər bizim varlığımızın izidir. Heydər Əliyevin gördüyü işlər olmasaydı, bəlkə də bu izlər çoxdan silinmişdi.

    Liderimizin fəaliyyəti dövründə Azərbaycanın mədəni irsi sistemli şəkildə qorundu və tanıdıldı. 2000-ci ildə İçərişəhərin, Qız Qalasının, Şirvanşahlar sarayının UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilməsi, muğamın 2003-cü ildə qeyri-maddi irs kimi tanınması, aşıq sənəti və xalçaçılığın dövlət səviyyəsində dəstəklənməsi – bunların hamısı tarixə deyil, gələcəyə edilən yatırımlar idi. Bu, sadəcə keçmişə hörmət deyildi. Bu, milli yaddaşın gələcək nəsillərə ötürülməsi idi. 

    Mən düşünürəm ki, Heydər Əliyev üçün mədəniyyət yalnız keçmişin xatirəsi deyildi. Ulu öndər deyirdi: “Mədəniyyət – millətin qan yaddaşıdır.” Və o, yaddaşın silinməməsi üçün lazım olan hər addımı atdı. Klassik ədəbiyyatımızın, dahi söz ustadlarımızın – Nizami, Füzuli, Xətainin – irsi dövlət səviyyəsində təbliğ olundu.

     Apardığım araşdırmalardan sonra anladım ki, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət də böyük olmuşdur. 1997-ci ilin “Gənclər İli” elan olunması, Gənclər və İdman Nazirliyinin yaradılması, minlərlə gəncin təhsil və yaradıcılıq imkanları qazanması, məhz bu ideyanın – mədəniyyəti yaşadacaq nəsli formalaşdırmağın nəticəsi idi. Öz adımdan deyə bilərəm ki, bu dəyərlərlə böyümək, onları hiss etmək mənim özümə inamımı formalaşdırıb, çünki mədəniyyətini tanıyan insan, özünə də güvənir. Çünki millətin gücü təkcə ordusunda deyil, ruhundadır. Heydər Əliyev isə bu ruhu qoruyan, yaşadan və gələcəyə ötürən liderdir.

 

 

<< Geri