"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Ümidin və Qurtuluşun Adı”

      Məmmədov Ömər

Suraxanı rayonu S.S. Axundov adına Bakı şəhəri 172 nömrəli tam orta ümumtəhsil məktəbinin 7ç sinif şagirdi

    Azərbaycan Respublikasının qurucusu və Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyev 10 May 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Təhsilini Azərbaycan Sənaye İnstitutu (1939–1941) və Azərbaycan Dövlət Universitetində almışdır. (1951–1967)

       Cənab Heydər Əliyev ilk başlarda Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, bir müddətdən sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdur (1969-1982). Daha sonralar (24 noyabr 1982 – 23 oktyabr 1987) Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilmişdir.

      Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə (1971-ci, 1973-cü, 1976-cı, 1979-cu, 1983-cü illər), Qırmızı Ulduz ordeni ilə (1962-ci il), çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979-cu və 1983-cü illər), həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

    1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanıb. Azərbaycanın ilk konstitutsiyası qəbul edilib, parlament seçkiləri baş tutub. Ulu öndərin təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalanıb.

      Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

      Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli məlum sərəncam imzalanmışdır. Ana dilimizə göstərilən qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i “Ana dili günü” kimi qeyd olunur.

      Beləliklə, bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyevin dillə bağlı qoyub getdiyi zəngin irsi də var olacaq, bizimlə birgə, qəlbimizdə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.

 

 

<< Geri