"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Dahi liderin xalqına qayğısı”

      Ömər Paşa

270 nömrəli tam orta məktəbin, 8 “ə” sinif şagirdi

      Bir ömür düşünün, içinə iki bir-birindən fərqli dövlət sığışsın. Hər ikisində də əvəzedilməz ol, bir dövləti sıfırdan inşa etməyi sığdır bu ömürə, elmdən-hərbə, tibbdən-iqtisadiyyata, inşaatdan-güc strukturlarına, hamısını özün, təkbaşına, yuxusuz gecələr, istirahətsiz gündüzlər, ilmək-ilmək qur, yarat, inkişaf etdir. Düşünə bilirsiz bu ömrü?... 

     Ən çətin günlərində yetişdi imdadına Azərbaycanın. Batmaqda olan bir gəminin sükanı arxasına keçdi sanki. O qədər rahat, o qədər peşəkar idi ki, təhlükələri özündən başqa heç kim hiss etmirdi. Dözülməz günlər keçirməyinə baxmayaraq təhsil sistemi ilə də maraqlanırdı, mədəniyyət işçiləri ilə də, jurnalistlərlə də... Bu qədər çox şey sığdıra bilərdimi bir ömrə?... Bu qədər hadisələri yaşayıb çətinliklərə sinə gərmək üçün məncə, fövqəladə gücə sahib olmaq lazım idi....

       Mənim 14 yaşım var və mən Azərbaycanlıyam. Gəzdiyim bu cənnət vətənin harasına baxsam, onun izlərini görürəm. Bizə bu gözəl dövləti miras qoyan H.Əliyevi dərin hörmət, sevgi ilə yad edirik. Onun başladığı işlər yarım qalmasın deyə, arzuları yerinə yetsin deyə, əkdiyi ağaclar qurumasın deyə biz gənclər bacara bildiklərimizin iki qatını etməliyik ki, bizə əmanət olan bu şanlı vətənimizi daima qoruyaq, inkişaf etdirək və onu dünyada tanıdaq.

        Tarix boyu güclü liderlər yetişdirib həmişə bu ulu millət. Tarixi vərəqlədikcə düşünürəm ki, bir daha gəlməyəcək onun kimisi... Həqiqətəndə bu millət daima gözəl şəxsiyyətlər yetişdirib.

       44 günlük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı mərhələlər göstərdi ki, bu şanlı millətim ən çətin vaxtlarında, zamanına uyğun şəxsiyyətlər yetişdirir və bu sonsuza qədər davam edəcəkdir. Cənab Prezident Ali Baş Komandanımız İlham Əliyev ulu öndərin irsini davam etdirən, onun arzularını reallaşdıran həmin liderdir. Nə qədər ki, belə liderimiz var, başımızın üstündə qürurla dalğalanan şanlı bayrağımız enməyəcək, o bayrağa laylay deyən azanlarımız heç susmayacaq, müqəddəs sərhədlərimiz heç vaxt tapdalanmayacaqdır.

       H.Əliyevin bizə əmanət etdiyi maddi, mənəvi irsi biz də gələcək nəsillərə ötürməyi özümüzə şərəf bilməli, onun qurduğu sxemlərlə, cızdığı yollarla dövlətimizi daha da inkişaf etdirməliyik. Hansı peşəyə sahib oluruqsa, olaq o peşəni əzmlə öyrənməli və tətbiq etməliyik. Əminəm ki, indi yanımızda olsaydı, bu yazdıqlarımdan məmnun olar, başıma sığal çəkib, hər zamankı kimi gülümsəyərdi.

 

 

<< Geri