"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Dünya səviyyəli siyasi xadim, uzaqgörən Şəxsiyyət”

      Əbilzadə Nuray

M.Rahim adına 7 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi.

    Şərəfli həyat yolu keçən bir şəxs. Qüdrətli dövlət başçısı Heydər Əliyev. Müstəqilliyini itirmək üzrə olan bir dövləti yenidən dirçəltmək, ona yeni nəfəs vermək həmin dövrdə görülməsi vacib olan ən böyük işlərdən idi. Bu missiyanı isə ən gözəl şəkildə yerinə yetirdi Heydər Əliyev. Həyatını xalqına, xalqının firəvan yaşamasına həsr edən ulu öndər qüdrətli dövlət başçısı olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının ən böyük dəstəkçisi idi. Azərbaycan üçün bir çıraq yandırdı Heydər Əliyev. Bu çıraq öz işığı ilə bizi müstəqilliyə, aydınlığa və azadlığa qovuşdurdu yolun sonunda. Ulu öndərin keçdiyi şərəfli həyat yolu gələcək nəsillər üçün əvəzolunmaz nümunədir. Uzaqgörən siyasəti, hikmətli fikirləri ilə təkcə yaxın Şərqə deyil, bütün dünyaya səs salmışdı dahi şəxsiyyət. Hər zaman xoş siması üzümüzə təbəssüm, hər kəlməsi qəlbimizə məlhəm oldu. Gələcəyə ümidli baxışlarla baxan ulu öndər daim tərəqqiyə can atır, dövlətin inkişafı üçün əlindən gələni edirdi. Ən əsası isə bu yolda xalqı ilə əl-ələ, çiyin-çiyinə vuruşurdu. Heydər Əliyev qarşısına böyük məqsəd qoymuşdu. Məhz onun gördüyü işlərin nəticəsi idi ki, Azərbaycan müstəqilliyi yeni dirçəlişinə qədəm qoyurdu. Fəaliyyəti illərində daha neçə-neçə uğurlu sonların başlanğıcına məhz ulu öndərin göstərişi ilə ilk addım atılmışdı.

       Dünya səviyyəli siyasi xadim Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına da böyük maraq göstərirdi. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.” - deyirdi ulu öndər. Xalqına, dövlətinə olan sevgisi söylədiyi hər kəlməyə, hər fikrə yansımışdı ulu öndərin. Dahi şəxsiyyət deyirdi ki, “Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan dövlətinə hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.” Tək sözdə deyil, əməllərində də xalqına, millətinə olan sevgisi, məhəbbəti aydın şəkildə görünürdü. Arzusu Azərbaycan xalqının müstəqil, azad və həmrəy olması idi. Vətən eşqi, azadlıq, müstəqillik arzusu ilə yaşayırdı ümummilli lider. Vətəninin bütöv, xalqının birlik olmasını istəyir, demək olar ki, hər bir çıxışında bunu vurğulayırdı. Ulu öndərin ən böyük arzusu Azərbaycan tarixinin irsini və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən doğma Qarabağımızı düşmən tapdağından azad edib yenidən Azərbaycana qaytarmaq idi. Ulu öndərimizin bu arzusu isə onun davamçısı olan Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli ordumuzun birgə səyi nəticəsində həyata keçdi. “Bizim müstəqilliyimizin bu günü və gələcəyi Azərbaycan xalqının birliyindən, Azərbaycan xalqının həmrəyliyindən, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmindən asılıdır.” İrəli sürdüyü bu fikir onu təsdiq edir ki, birliyimiz müstəqilliyimizi, azadlığımızı qoruyub-saxlamağımıza səbəb oldu. Söylədiyi hər kəlam özündə dərin məna və hikmət daşıyır. Ulu öndərin hər hikmətli fikri bu gün də öz təsdiqini tapır. Adını tarixə qızıl hərflərlə yazan ulu öndər qəlblərdə yaşayan əbədi qəhrəmana çevrildi. Dediyi şüarlar hələ də dillər əzbəridir. Eynən bu şüar kimi:

       “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

 

 

<< Geri