Kərimli Fidan
27 Nömrəli məktəbin 10b sinif şagirdi
Bir gün dərsdə müəllimimiz bizə Heydər Əliyev haqqında danışırdı. Dərsin mövzusu
ulu
öndərin həyat yolu, fəaliyyəti və xalqımıza verdiyi töhfələrlə bağlı idi. Müəllimimizin dahi liderimiz haqqında danışdıqları mənə çox dərindən təsir etmişdi. Lövhəmizin üstündə
ulu öndərimizin tablosu asılmışdı. Gözümü ondan ayıra bilmirdim. Düşünürdüm... Görəsən, necə bir insan olub, nələr edib ki, bu qədər sevilir, bu qədər dəyər verilir ona? Niyə onun adı ilə bu qədər küçə, məktəb, kitabxana adlandırılıb?
Heydər Əliyev yalnız bir siyasi lider deyildi, o, Azərbaycanın ruhunu daşıyan bir simvol idi. Onun irsi təkcə siyasi fəaliyyəti ilə yox, həm də xalqına olan sevgisi, milli-mənəvi dəyərlərə sadiqliyi ilə ölçülür. Dəyərli
liderimiz hər zaman deyirdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" Bu sözlər sadə səslənsə də, arxasında böyük bir fəxarət, böyük bir məsuliyyət dururdu. O xalqı üçün çalışdı, Azərbaycanın inkişafı naminə gecəsini gündüzünə qatdı. Onun rəhbərliyi dövründə təhsildən tutmuş mədəniyyətə, elmdən tutmuş idmana qədər hər sahədə inkişaf baş verdi. Lakin ən önəmlisi odur ki, Heydər Əliyev xalqına diqqəti əsirgəmirdi. Gənclərin savadlı, vətənpərvər və dünyagörüşlü yetişməsi üçün hər zaman şərait yaradılmasına çalışırdı.
Ulu öndər bilirdi ki, bir xalqın gələcəyi onun gənclərinin çiyinlərində qurulacaq.
Heydər Əliyev öz xalqının tarixi köklərinə, mədəni irsinə, milli dəyərlərinə böyük önəm verirdi.
Ümumilli lider Azərbaycanı dünyaya tanıtdı, ölkəmizin səsini beynəlxalq arenalarda ucaltdı. Bu gün biz onun yaratdığı sabit və güclü təməl üzərində inkişaf edən bir dövlətdə yaşayırıq.
Heydər Əliyevin ideyaları hələ də yaşayır, onun başladığı yolla minlərlə insan inamla irəliləyir.
Ulu
öndər cızdığı böyük yolu bu gün İlham Əliyev uğurla davam
etdirir. Atasının ideyalarına sədaqətlə xidmət edən İlham
Əliyev, Azərbaycanı, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edir. Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində qurulan bu inkişaf yolu gələcəyə doğru inamla uzanır.
Bir şagird kimi belə örnək şəxsiyyətə heyran qalmamaq mümkün deyil. Öndərimiz bizə təkcə tarix deyil, həm də uğurlu gələcək miras qoyub. Hər dəfə onun simasını görəndə, təməlini qoyduğu ölkəyə bir daha nəzər yetirəndə anlayıram ki, Heydər Əliyev təkcə keçmişimizin deyil, həm də gələcəyimizin qurucusudur. Heydər Əliyevin irsi və dəyərləri – bu, bizim kimliyimiz, gücümüz və yolumuzdur.
|