"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Heydər Əliyev: Güclü dövlətin banisi”

      Xuduzadə Hüseyn

247 saylı tam orta məktəbin 8 c sinif şagirdi

    Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.

       Ümummilli lider Heydər Əliyev elmi-ictimai fikir tariximizə elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi kimi də daxil olmuşdur. Müdrik şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu ideyalar sırasında milli mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu essemdə ulu öndərin kitabxana sahəsində qoyduğu irs barədə söhbət açmaq istiyirəm.

       Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvələrində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrlarının hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. Azərbaycanın kənd rayonlarında yüksək ixtisaslı kadrların olmamasını nəzərə alan Heydər Əliyev qısa bir müddət içərisində Bakı Dövlət Universitetində fəaliyyət göstərən Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, qəbulun artırılması üçün xüsusi göstəriş vermişdi. Bütün bunlar kitabxana işinə Heydər Əliyev qayğısının böyük nəticəsi idi.

      Fikirləşirəm ki, bir şagird və gələcəyin tələbəsi kimi, ümumiyyətlə, həyatımızın hər anında bizə köməyə çatacaq kitabxanaların bu qədər inkişaf etmiş dövründə yaşadığım üçün çox şanslıyam. Valideynimin də AMEA Mərkəzi Elmi Kitabxanasında çalışması bu sahənin elmin inkişafındakı önəmini daha çox dərk etməyimə kömək edir.

    Sonda essemi müdrik insan Heydər Əliyevin Azərbaycanın gələcəyinin inkişafı üçün etdiyi xidmətlərinin öz müdrik kəlamındakı ifadəsi ilə bitirmək istəyirəm: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”.

 

 

<< Geri