Rəsulzadə Damla
Hədəf STEAM Liseyi 6-cı sinif şagirdi
Hər bir insan doğulduğu torpağı, doğma yurdu sevir. Lakin vətənini zirvələrə qaldırmaq hər kəsə nəsib olmur. Vətəninin adını dünyanın siyasi tarixinə yazdıran, onu güclü və qüdrətli bir dövlətə çevirən insanlar həm də xalqın yaddaşında əbədi olaraq ən yüksək vətəndaş nümunəsinə çevrilirlər. Azərbaycan xalqı tarix boyu milli azadlıq və müstəqillik arzusu ilə yaşamış, bu yolda böyük mübarizələr aparmışdır. Ötən əsrin sonlarında müstəqilliyin qorunub saxlanılmasının çətinliyini dönə-dönə vurğulayan
ulu
öndər Heydər Əliyev Azərbaycan xalqının azadlıq arzusunu reallaşdırdı. Onun fədakar fəaliyyəti sayəsində Azərbaycanın adı dünya siyasi xəritəsində əbədi yer aldı.
Ulu öndərin ölkəmizin elmi və mədəni intibah dövründə ən böyük diqqət yetirdiyi məsələlərdən biri ana dilimizin inkişafı olmuşdur. Çünki dil hər bir xalqın varlığını və milli kimliyini təsdiq edən əsas amildir. Xalqın keçdiyi tarixi yol və mədəni səviyyə də ilk növbədə onun dilində əks olunur. Çətin tarixi dövrlərdə dil millətin yaşamasını təmin edən başlıca vasitədir. Dilini itirən xalq isə yox olmaq təhlükəsi ilə üzləşir. Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində uzaqgörən addımlar atan
ümummilli liderin “Millətin milliliyini qoruyan dildir” ifadəsi bu baxımdan dərin məna daşıyır. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev ana dili məsələsinə yeni müstəvidə, müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşdı. 1995-ci ildə Azərbaycan dili milli dövlətçiliyimizin əsas rəmzlərindən biri kimi təsbit edildi. 2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman isə sadəcə bir sənəd deyil, xüsusi tarixi əhəmiyyətə malik böyük bir siyasi hadisə oldu. Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti nəticəsində dövlət və qeyri-hökümət təşkilatlarında dövlət dili tam bərpa edildi, latın qrafikasına keçid başa çatdırıldı. 2002-ci il sentyabrın 30-da isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun təsdiq edildi. Həmin qanunun qəbulundan sonra hər il 1 avqust
"Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd olunur. Bununla yanaşı, dilimizin inkişafı və beynəlxalq inteqrasiyasının tərkib hissəsi olan tərcümə sahəsinin inkişafı da Heydər Əliyevin səyləri nəticəsində ölkəmizdə geniş vüsət aldı. Bütün bunlar
ulu öndərin dilə, dövlətə və xalqa olan sonsuz sevgisinin parlaq nümunəsidir.
|