"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“ Bir liderin tarixi, dəyərləri, milli ruhu”

      Əlizadə Duyğu

A. Müzəffərov adına 2 nömrəli tam umumtəhsil məktəb 8ç sinif şagirdi

    Bəzən insan doğular, elə bil göydən enər. Elə bil illərin, əsrlərin susqunluğunu dinləyə-dinləyə gəlmiş olar bu dünyaya. Və o, susmaz. O, danışmazda, bəlkə, amma baxışı söyləyər. Addımı danışar. Hətta sükutu belə qışqırar. Heydər Əliyev – o baxışın, o addımın, o sükutun adı idi. Usaqlığı dağların kölgəsində, torpağın nəfəsində keçmişdi. Bəlkə də, ona görə Vətən sözünü belə dərin hiss edirdi. Tale ona hamar yollar verməmişdi. Bəlkə də, buna görə idi ki, o, ən çətin yolları ən səssiz inamla keçdi. Onun siyasəti, yalnız sərhədləri qorumaq deyildi: kimliyi, dili, musiqisi, düşüncəsi, iradəsi ilə bir milləti yenidən var etmək idi. Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə təkcə hakimiyyətə yox, millətin ağrılarına, arzularına, gələcəyinə sahib çıxdı. Bakıdan Naxçıvana, Lənkərandan Gəncəyə qədər yeni yollar, zavodlar, məktəblər tikildi. Hər daşa nəfəs verdi, hər zəhmətə dəyər qatdı. Heydər Əliyev bir xalqın nəfəsini yalnız meydanlara deyil, muğamın ahənginə verdi. Üzeyir Hacıbəylinin simfoniyasına elə yanaşırdı ki, sanki nota deyil, taleyə qulaq asırdı. Bilirdi ki, bir millətin, tankı ola bilər, amma əgər sazı yoxdursa, ruhu da yoxdur. Biz bu gün harada bir bayraq görsək, o bayraqda onun nəfəsi, qurduğu ordunun qanı var. Harda bir məktəb açılsa, harada bir yol salınsa, bir uşaq sabaha ümidlə baxsa, orada onun izi var. Tarixdə qalmadı, tarixin içində əbədiyyətə çevrildi. İzləri bu torpağın hər qarışında, xalqın ürəyində yaşayır. Uşaqlar məktəbə onun qoyduğu təməl üzərində qədəm qoyur, gənclər onun arzuladığı gələcək üçün çalışır. Yaşlılar isə onun qurduğu sabitliyin kölgəsində rahat nəfəs alır. Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək. Lakin xalqımız hər dəfə azad nəfəs aldıqca, bu torpaqda sülh hökm sürdükcə, bir ad daim ürəklərdə döyünəcək - Heydər Əliyev. Tariximizin salnaməsi qızıl hərflərlə yazıldı. Yaddaşımızda isə bir ata kimi, bir xilaskar kimi yaşayır. Bəli... O, getdi. Amma əslində qəbullanmırıq. Onun adı - Azərbaycanın taleyi ilə birləşdi. Ömrü xalqın ömrünə qarışdı. Hər bir milli-mənəvi dəyəri dirçəltmək üçün gecə ilə gündüzü dəyişdi. Çünkü bilirdi, kökü olmayan ağac meyvə verməz, ruhsuz xalq ayağa qalxmaz. Onun yolunu, siyasi irsini, xalqına olan sevgisini İlham Əliyev uğurla davam etdirərək zamanın çətin sınaqları qarşısında sarsılmadı. Atasının başladığı müqəddəs yolu davam etdirib, tarixin bükülmüş səhifələrini düzəltdi. Qarabağ - illərlə həsrətlə baxdığımız torpaq İlham Əliyevin qətiyyəti, iradəsi və xalqla birliyi nəticəsində azad olundu. İlham Əliyev təkcə işğala son qoymadı, həm də, Azərbaycanın xəritəsini tarixdə olduğu kimi bütöv halına qaytardı. Beləcə, Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” sözləri reallığa çevrildi. Bu gün bütöv və güclü Azərbaycanın səmalarında üçrəngli bayraq daha qürurla dalğalanır. Və hər dalğalananda bir xalqın sevinci, bir liderin qüruru və bir dahi öndərin ruhu yaşayır.

 

 

<< Geri