"İrsi və dəyərləri ilə Heydər Əliyev" 

“Gənclərə yol açan Lider – Heydər Əliyevin gənclər siyasəti”

      Cəfərli Aişə

Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin 7 C sinif şagirdi.

      Heydər Əliyevin irsində gənclər siyasəti xüsusi yer tutur. Ulu öndər həmişə qeyd edirdi ki, “Gənclər bizim gələcəyimizdir”. Bu fikir onun dövlət idarəçiliyində, təhsil strategiyasında və ictimai həyatın müxtəlif sahələrində həyata keçirdiyi layihələrdə öz təsdiqini tapıb.

    1994-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ilin “Gənclər ili” elan olunması, həmçinin ilk dəfə Gənclər Forumunun keçirilməsi bu siyasətin əsas nailiyyətlərindəndir. Bu tədbirlər gənclərin sosial fəallığını artırmaq, onları dövlət quruculuğuna cəlb etmək və vətənpərvər ruhda yetişdirmək məqsədi daşıyırdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Xaricdə təhsil” proqramları gələcək kadr potensialının yaradılmasında mühüm rol oynayıb. Ümumilli lider gənclərin dünyanın aparıcı universitetlərində təhsil alaraq Vətənə qayıdıb xidmət etməsini önəmli hesab edirdi. Bu gün ölkənin bir çox strateji sahələrində çalışan mütəxəssislər məhz bu proqramların bəhrəsidir.

      Ulu öndər idmana və sağlam həyat tərzinə də xüsusi diqqət yetirirdi. Ümumilli liderin fəaliyyəti zamanında bir sıra idman kompleksləri istifadəyə verilib, beynəlxalq turnirlərdə iştirak edən idmançılara dövlət dəstəyi təmin olunub. Bu yanaşma nəticəsində gənclər arasında idmana maraq artıb, Azərbaycan bu sahədə regionun liderinə çevrilib.

     Ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi dəyər bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu, ASAN xidmət, “Nə? Harada? Nə zaman?” kimi intellektual oyunlar və digər layihələr onun təməlini qoyduğu siyasətin müasir formada təzahürüdür. Nəticə etibarilə, Ulu öndərin gənclər siyasəti bu gün də canlı və təsirlidir. Onun ideyaları Azərbaycan gəncliyinin inkişafında, təhsilində, sosial fəallığında və vətənpərvərliyində öz əksini tapır.

 

 

<< Geri