"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“Milli dəyərlərin qoruyucusu– Heydər Əliyev və mədəni irsin dirçəlişi”

      Cəfərli Samirə

Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin 10 A sinif şagirdi

      Ulu öndər Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli-mədəni irsin qorunmasında əvəzolunmaz rol oynamış bir dövlət başçısıdır. Onun rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün sistemli siyasət həyata keçirilib.

    Ümummilli lider Heydər Əliyev mədəniyyəti xalqın ruhu hesab edirdi. Ulu öndər çıxışlarında dəfələrlə vurğulayıb: “Mədəniyyəti olmayan xalq yaşaya bilməz”. Bu baxış tərzi ilə Heydər Əliyev Azərbaycan ədəbiyyatına, musiqisinə, incəsənətinə və tarixinə böyük diqqət yetirib. 1998-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 10 illiyi münasibətilə keçirilən tədbirlərdə milli-mədəni kimliyin təbliği əsas istiqamətlərdən biri olub. Muğam sənətinin qorunması, tar və kamança kimi milli alətlərin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində dəstək göstərilib. UNESCO çərçivəsində muğamın bəşəri irs kimi tanınmasında ulu öndər Heydər Əliyev siyasətinin təməli olub, bu xətt sonradan birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilib. Eyni zamanda, 2001-ci ildə Azərbaycanın UNESCO-ya üzv qəbul edilməsi ilə beynəlxalq mədəni əlaqələr genişlənib, Azərbaycan mədəniyyəti dünya miqyasında tanınmağa başlayıb. O dövrdə tarixi abidələrin bərpası, klassik irsin nəşri və yayımı xüsusi diqqət mərkəzində idi. Nizami Gəncəvi, Füzuli və Nəsimi kimi böyük ədiblərin əsərlərinin yenidən çapı, muzeylərin, teatrların və mədəniyyət mərkəzlərinin bərpası bu siyasətin nəticəsidir.

  Ulu öndər Heydər Əliyevin irsi yalnız siyasi deyil, həm də mədəni və mənəvi zənginlikdir. Heydər Əliyevin dəyərləri bu gün Azərbaycan gənclərinin öz kimliyinə bağlı, qürurlu və vətənpərvər yetişməsində mühüm rol oynayır.

 

 

<< Geri