"İrsi və dəyərləri ilə Heydər Əliyev"

“ Heydər Əliyev – Xalqın Qəlbində Yaşayan Lider”

      Cəfərli İsmayıl

Quba rayonu, Afurca kənd tam orta məktəbinin 8 sinif şagirdi

    Ulu öndər Heydər Əliyev haqqında çox eşitmişəm. Məktəbdə müəllimlərimiz onun Azərbaycan üçün etdiklərindən fəxrlə danışırlar. Mən də dahi şəxsiyyətin irsi və dəyərləri barədə öz düşüncələrimi paylaşmaq istədim.

   Heydər Əliyev Azərbaycanın müstəqilliyi və inkişafı naminə yorulmadan çalışmış bir lider idi. Xalqının ən çətin günlərində önə çıxaraq ölkəsini xilas edən, onu sabitliyə və inkişafa aparan böyük rəhbər idi. Ümumilli liderin rəhbərliyi dövründə Azərbaycan çoxsaylı sınaqlardan keçdi, amma ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ayaqda qalmağı bacardı. O, hər zaman xalqının yanında oldu, onların dərdinə şərik çıxdı, problemlərinə həll yolları tapdı. Əgər Heydər Əliyev olmasaydı, bəlkə də bu gün bu qədər güclü və müstəqil bir dövlətə sahib ola bilməzdik.

      Ulu öndər Heydər Əliyevin nitqlərini dinlədikcə hiss edirəm ki, bu insan nə qədər böyük vətənpərvər və xalqını sevən biri olub. Ümumilli lider Azərbaycanın tarixini, mədəniyyətini, dilini yüksək dəyərləndirirdi. Biz də onun kimi, ana dilimizi sevməli, mədəniyyətimizi qorumalıyıq. Bu, təkcə keçmişə deyil, gələcəyə olan borcumuzdur.

       Heydər Əliyev gənclərə böyük önəm verirdi. O, təhsilin inkişafını Azərbaycanın gələcəyi üçün əsas sayırdı. Məktəblərin tikilməsi, təhsilin keyfiyyətinin artırılması onun daim diqqət mərkəzində idi. Bir şagird kimi mən bu diqqətə hörmət edir və gələcəkdə ulu öndərin müəyyən etdiyi yolla irəliləmək istəyirəm.

      Heydər Əliyevin irsi bizim üçün bir məktəbdir. Bu məktəbdə vətən sevgisini, fədakarlığı, məsuliyyəti öyrənirik. Biz bu dəyərləri yaşatmalı, vətənimizin inkişafı üçün var gücümüzlə çalışmalıyıq. Çünki Heydər Əliyevin ideyaları gələcəyimiz üçün yol xəritəsidir. Heydər Əliyev xalqın qəlbində yaşayan əbədi bir liderdir. Ulu öndərin irsi və dəyərləri bizim üçün bir xəzinədir və biz bu xəzinəni qoruyub gələcək nəsillərə çatdırmalıyıq.

     Ümumilli liderin dediyi kimi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

 

 

<< Geri